Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:48

QİSMƏT. Yeni şeirlər


-

QİSMƏT



YENİ ŞEİRLƏR


“Adamlar üçün remarka” silsiləsi


O adam.

O adam, o fikirli adam
köhnə fotolara baxıb
keçmişin saçını sığallayır.
Bir xatirə divarına söykənib
yoxluq dilənir.
Gözündən düşənlər – hamısı ölü
çünki uçurum cücərdib baxışlarında,
çünki dözə bilmir
alicənablığı doğuşdan axtalanmışlara...

o adam, o fikirli adam
düşünür : hanı bu şəhərdə bir dərzi ki,
zövq qayçısı ilə kəssin zəriflik parçasını ?
hanı bu şəhərin
əllərində təcrübənin kiri,
sözlərində həyanın yumşaqlığı olan adamları ?

o adam, o fikirli adam
gözlərini qıyır, göylərə baxır
ürəyində danışır :
tanrım,
niyə bu şəhərdə
adamlar səmimiyyəti maska kimi taxır ?
hansı səmimiyyət maskası yırtılırsa
niyə altından qızıldiş bir nadanlıq çıxır ?

o adam, o fikirli adam
dənizlərin üzünü küləklə qırışdıran,
gecəni qaralanmış , yazılmış varaq kimi
hər gün cırıb tullayan, günəşlə - ağ varaqla
dünənə bənzər günü yenidən yaza bilən,
doğmayan-doğulmayan ən böyük Müəllifə
gecə-gündüz yalvarır:
sən bizi onlara oxşamaqdan qoru...


Yalvarış.

Hardasanız,
anlayan adamlar, hardasanız ?
necə anladım sizə
min ildırım gücündə bu tənhalığı ?
küçə fənərlərin işığında rahatlığı
o qədər axtarmışam ki...
başa düşürsünüz,
mən vərdiş dağına mismarlanmışam ,
hər gün ciyərimi siqaretlər dimdikləyir…
təngnəfəs küləklərə
gözümdən su verdiyim gecələr anlamışam
zülmətin sonsuz səxavətini.
Gecənin vitrinində
darıxmaq hamı üçün havayıdı.
Mənim heç bayquşum da yoxdur,
demək heç xarabalıq da deyiləm...
Hardasanız, adamlar, hardasınız ?


Sirenalar üçün.

Əvvəlcə axşam düşər, sonra mənim ürəyim...
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi...
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevda testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım ?
Əllərimdə darıxır əllərinin boş yeri...

Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa...
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa...

əvvəlcə axşam düşür, sonra mənim ürəyim...


Misafirlik

İki S-ə - Səlimə və Seyfəddinə

Sahildə axşamdı.
Hardasa uzaqda
qağayılar uçur, ağ qağayılar…
Dilini bilmədiyim turist qayğılar
məndən ünvanımı soruşur.
Yazıb verirəm
və başımı aşağı salıb evimə gedirəm.
Sərçələr uçur, dəcəl sərçələr…
məni evimizə aparan küçələr
susurlar axşam dilində.

Demirlər ki,
qayğılar artıq sizdədi.
Demirlər ki,
tələs, qonağı gözlətməzlər.
Milçəklər uçur, mızmızı milçəklər…
“xoş günlər bir az gecikəcəklər” –
bunu mənə qayğılar deyirlər.
Oturub bizdə
başımın ətini yeyirlər,
kefimə soğan doğrayıblar.
“Nuş olsun”, -deyirəm, “nuş olsun”
“Kaş”, - deyirəm, xoş günlər quş olsun,
qanadlanıb uçmuş olsun,
bu bəlalı yolların tıxacından qurtulmuş olsun
gəlsin evimizə, süfrəmizə, boşqablarımıza.
Kitablarımıza…
Ağlımdakı kimi olmasın, eybi yox
Ürəyimə yatmasın, zərər yoxdu
Qoy topal olsun,
gözü çaş olsun,
dili pəltək olsun,
əynində bir nimdaş pencək olsun.
Lap qulağı gücnən eşitsin,
beli zornan düzəlsin.
Gəlsin, təki, gəlsin.
Allaha da qurban, qonağına da…


“Şərq Sarayı” şadlıq evinin foyesində bekarçılıq.

Qapının ağzında yalançı, yabançı bir gülüşlə,
vərdişlə, öyrədilmiş təbəssümlə dayanıb gülən
arıq zəncinin, bu Afrika gəncinin yalnız dişlərində
ağ günlərə işarə var. Gözləri isə dəhşətlidir!
Onun qapıçılıqdan başqa çarəsi yoxdursa
və belələri çoxdursa, demək ki, daha pisi,
bərbadı var həmişə hər şeyin. Ölkələrin də...
Gələnə “xoş gəldiniz” deyir, gedənə “təşəkkür”
təsəvvür etmək çətin deyil onun müdiri kimdi:
qarnı bədənin qanunlarını pozan birisi –
ağzı Zərgər-palan küçəsi...
Adı Con da ola bilər, Okoçava da
fərqi yoxdur, onun üçün indi dünyanın
qərbi yoxdur, şərqi yoxdur. Qarnı acdır,
əyni nazik. Küçədə qalmaq istəmir, adamdır da...
Bəlkə də bir qadın var hardasa
gecə kimi dərisi , zeytun kimi gözləri olan bir qadın...
gələnə baxır, gedənə baxır, axtarır, axtarır zənci balası
o gözləri tapa bilmir, sevinmir ki, sevinmir...
XS
SM
MD
LG