Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:14

Yeni İslam Partiyası yaradılır?


-
İslam Partiyasının Ağstafa rayon Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Səxavət İsmayılov istefa verdiyini bildirir. O, AzadlıqRadiosuna söyləyib ki, buna səbəb partiyanın siyasi vəziyyətinin ürəkaçan olmamasıdır.

İyulun 16-da yaydığı bəyanatdasa deyilir:

«Bu partiya İslam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq «fatihəsi»ni oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də, qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim».

İslam Partiyasının sədr müavini Akif Heydərli isə AzadlıqRadiosuna deyib ki, Səxavət İsmayılov komissiya üzvlüyündən hələ 3 il öncə uzaqlaşdırılıb. Buna da səbəb komissiyanın işində onun yarıtmazlığı olub. Bir müddət sonra isə Rusiyaya getdiyindən AİP-lə əlaqələri kəsilib. Akif Heydərli baş verənləri hakimiyyətin təxribatı adlandırıb:

«Səxavət İsmayılov bizim yerli təşkilatlardakı üzvlərimizə bildirib ki, yeni partiya yaradır. Onlara da İslam Partiyasından çıxmağı, yeni partiyaya üzv olmağı təklif edib».

Səxavət İsmayılov isə partiyadan getməsi haqda deyilənlərə bu cür aydınlıq gətirdi:

«Mən partiyadan getməmişdim, sadəcə, bir müddət siyasi fəaliyyətimi dondurmuşdum. İndisə bu haqda bəyanat verməli oldum».

Səxavət İsmayılov köhnə partiyadaşlarını arxasınca aparmaq istəmədiyini bildirsə də, yeni partiya yaradılmasını və onun islam təmayüllü olacağını istisna etmədi.

İslam Partiyasının sədri Mövsüm Səmədov və daha 5 nəfər hazırda həbsdədir. Onlar hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunublar. AİP-çilər uzun müddətə azadlıqdan məhrum ediliblər. Onlardan biri - 11 il cəza almış sədr müavini Vaqif Abdullayev ötən həftə həbsxanada xəstəlikdən vəfat edib.

Partiya fəalları ittihamları rədd edirlər. Onlar həbslərini hakimiyyəti sərt tənqid etmələri ilə əsaslandırırlar.
XS
SM
MD
LG