Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18
Gədəbəy sakini Əli Abdullayev «Qaynar xətt»ə üçmərtəbəli obyektinin qanunsuz sökülməsindən şikayət edib. Deyir, bu il mayın 21-də obyektə gələn rayon icra hakimiyyəti və bələdiyyə rəhbərliyi ondan obyekti boşaltmasını tələb edib. Sahibkar söküntünün qanunsuz olmasına etiraz etdikdə məmurlar heç obyektin boşaldılmasını da gözləməyiblər. Üçmərtəbəli binanı ağır texnika ilə uçurublar. Əli Abdullayev deyir ki, obyektə görə ona kompensasiya ödənilməyib. Ona obyektin hansı məqsədlə söküldüyünü də deməyiblər. Bunun üçün heç məhkəmə qərarı da olmayıb.

«OBYEKTDƏKİ ƏRZAQLARI, ƏŞYALARI, HƏTTA SEYFDƏKİ PULLARI DA DAĞITDILAR»

Əli Abdullayev: «Mən onlara bildirdim ki, bu boyda obyekti 2 saata boşalda bilmərəm. Heç olmasa mənə vaxt verin. Dedilər yox, şəhərin rəhbərliyi belə tələb edir. Rayonun mərkəzində 636 kv. metr torpaq sahəsinin üstündə 244 kv.metr sahəsi olan 3 mərtəbəli obyekt idi. Birinci mərtəbəsində 6 mağaza, 2-ci mərtəbəsində sahəsi 200 kv.metr olan yeməkxana, üçüncü mərtəbəsində mehmanxana yerləşirdi. Hamısını dağıtdılar, daşımağa da imkan vermədilər, 35 min manatlıq ərzağı, əşyaları, seyfdəki 20 min manatdan artıq pulu dağıtdılar. Pul hara getdi, bilmədim, onu da götürməyə imkan vermədilər. Bütün bunların qarşılığında kompensasiya olaraq qara qəpik də ödəmədilər».

Əli Abdullayev deyir ki, sahibkarlıq və mülkiyyət hüquqlarının pozulması ilə bağlı şikayət edib. Bundan sonra ona təzyiqlər artıb:

«Mənim obyektimin yarım milyondan artıq qiyməti vardı. Hər dəfə harasa şikayət yazıb göndərəndə deyirlər 80 min pul verəcəyik, başqa yerdə obyekt tikib verəcəyik. Sonra söhbət yaddan çıxır. Mən də təkrar şikayətlərə başlayıram. İndi daha heç nə söz vermirlər, sadəcə hədələyirlər ki, şikayətlərini dayandırmasan, şərləyib həbsə atdıracağıq».

«OBYEKT QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİRDİ»

Gədəbəyin baş memarı Elxan Vəliyev «Qaynar xətt»ə bildirib ki, Əli Abdullayevin iddia etdiyi sökülən obyekt qanunsuz tikili olub:

«Əvvəl ondan soruşun görün, o işlətdiyi obyekt qanuni idi, ya yox?»

Elxan Vəliyev sahibkarın hədələnməsi ilə bağlı dediklərini təkzib edib, bildirib ki, əgər sahibkar narazıdırsa, məhkəməyə müraciət etsin.

Əli Abdullayev isə yerli məmurların hərəkətlərindən hələlik Baş Prokurorluğa, Prezident Administrasiyasına şikayət məktubu göndərdiyini deyir. Bildirir ki, əgər məsələ müsbət həllini tapmasa, məhkəməyə üz tutacaq:

«Mənim obyektim qanuni fəaliyyət göstərirdi, bütün sənədləri də var idi. Yerli məhkəmələrin nə qərar çıxaracağı indidən mənə bəllidir. Bununla belə, Avropa Məhkəməsinə kimi gedəcəm».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG