Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17
Virginia Woolf


MİRAS

(Hekayəni rus dilindən Nadir Qocabəyli çevirib)


«Əziz Sesi Millerə». Gilbert Klendon arvadının otağında stolun üstünə tökülmüş üzük və sancaqların arasındakı mirvari qaşlı sancağı əlinə götürüb lövhəciyin üstündəki yazını oxudu: «Əziz Sesi Millerə sevgiylə».

Bu, Anjelanın xasiyyətinə necə də uyğundur, hətta katibəsi Sesi Milleri də yaddan çıxarmayıb. Ancaq hər halda onun hər bir rəfiqəsinə kiçik də olsa, nəsə bir hədiyyə qoyması çox təəccüblüdür, - Gilbert Klendon yenidən bu barədə düşünməyə başladı, - Sanki öləcəyini hiss edirmiş, halbuki altı həftə bundan əvvəl səhər-səhər evdən çıxanda o. tamamilə sağlam idi, Pikkadillidə səkidən enərək daş döşənmiş yolu keçmək istəyərkən maşın altında qalmışdı.

O, oturub Sesi Milleri gözləyirdi. Uzun müddət onlarda işlədiyindən qadının bu diqqətə layiq olduğunu düşünüb evə dəvət etmişdi. Hə, - o, Sesini gözləyərək düşünürdü, - Anjelanın hər şeyi bu şəkildə qoyub getməsi çox təəccüblüdür. Bütün dostlarına xatirə olaraq nəsə qoymuşdu. Bütün bu üzükləri, muncuqları, Çin mücrülərini (o, mücrüləri və qutuları çox sevirdi) kiməsə bağışlamışdı.

Bu əşyaların hər biri cənab Klendon üçün müəyyən bir xatirəylə bağlıydı. Bax bunu arvadına o özü bağışlamışdı. Gözləri yaqutdan olan bu minalı delfin isə Anjelanın diqqətini Venesiyanın hansısa tinində çəkmişdi. O, qiymətli əşyaya tərəf cumaraq, sevincindən hətta qışqırmışdı da. Ancaq şəxsən cənab Gilbertin özünə gündəlikdən başqa heç nə qoymamışdı. Tumac üzlü on beş cildlik gündəlik arxasındakı yazı masasının üzərindəydi. Arvadı onlar evlənən gündən gündəlik tuturdu. Bu gündəliklərin üstündə davaları düşməsə də, bəzən inciklikləri olmuşdu… Arvadı bu işlə məşğul olduğu zaman hər dəfə onun otağa girdiyini görəndə dərhal ya dəftəri bağlayır, ya da əliylə yazdıqlarını gizlədirdi. «Yox, yox, yox, - o deyirdi, - Bəlkə də, mən öləndən sonra». Budur, gündəliyi ona miras qoyub getmişdi. Gündəlik arvadı sağ olarkən bölüşmədikləri yeganə şey idi. Ancaq ondan çox yaşayacağı ağlına da gəlmirdi. Əgər o zaman Anjela bircə saniyə nə etdiyini düşünsəydi, indi sağ olardı. Ancaq o, qəfildən səkidən enərək daş yola çıxıb – sürücü öz ifadəsində belə deyir. Sürücü də əyləcə basmağa macal tapmayıb… Qəbul otağından gələn səs-küy fikirlərini yarımçıq kəsdi.

- Xanım Millerdir, ser, - qulluqçu xəbər verdi.

Sesi Miller içəri girdi. O heç vaxt bu qadınla təklikdə olmamış və əlbəttə, ağladığını görməmişdi. Xanım Miller çox məyus idi, çünki Anjela ona yalnız maaş vermirdi, onlar həm də rəfiqə idilər. O özü, Gilbert Klendon kreslonu qadına tərəf çəkərək düşündü, bu xanımı arvadının digər rəfiqələrindən ayırmağa çətinlik çəkirdi. Sesi Miller kimi balacaboy, qara geyimli və portfel gəzdirən yaraşıqsız qadınlar minlərlədir. Lakin həssas və xeyirxah Anjela Sesi Millerdə yüksək keyfiyyətlər kəşf etmişdi. O çox nəzakətli, ədəbli, təmkinli, etibarlıdır… ona hər şeyi etibar edib danışmaq olar...

Xanım Miller əvvəlcə heç danışa bilmədi. Dəsmalını gözlərindən ayırmadan oturdu. Sonra özünü güclə ələ alaraq dedi:

- Bağışlayın, cənab Klendon.

O, nəsə mızıldandı. Əlbəttə. Bu onsuz da aydındır. Arvadının onunçün necə əziz olduğunu o, yaxşı anlayır.

- Burda günüm çox xoş keçirdi, - qadın otağa nəzər salaraq dedi. Baxışları arxadakı yazı masasına ilişdi. Burada onlar birlikdə işləyirdilər: o və Anjela. Anjela tanınmış siyasi xadimin arvadı kimi öz vəzifə borcunu layiqincə yerinə yetirirdi. Karyera qazanmasında ərinin ən yaxın köməkçisi olmuşdu. Gilbert onlari dəfələrlə birlikdə işləyən görmüşdü; Sesi makinanın arxasında oturub onun diqtəsiylə məktub yazardı. Əlbəttə, indi xanım Miller də bunu xatırlayır. Təkcə arvadının miras qoyduğu sancağı ona təqdim etmək qalır. Hə, elə də münasib hədiyyə deyil. Bundansa ona bir az pul vermək, ya da yazı makinasını hədiyyə etmək daha yaxşı olardı. Ancaq nə etmək olar: «Əziz Sesi Millerə, sevgiylə». Sancağı ona verərkən əvvəlcədən hazırladığı qısa nitqi də söylədi. O bilir ki, - Gilbert Klendon dedi, - xanım Miller bu hədiyyəni yüksək qiymətləndirəcək. Arvadı bu sancağı tez-tez taxardı… Xanım Miller də, sanki əvvvəlcədən hazırladığı sözlərlə dedi ki, bundan sonra bu hədiyyə onun üçün ən qiymətli var-dövlət olacaq… Ümid edək ki, o düşündü, xanım Millerin, bu sancağı taxmağa layiq bir paltarı vardır. İndi əynində qara kostyum vardı, bu geyimə onun sənətiylə məşğul olan qadınların uniforması da demək olardı. Sonra isə yadına düşdü ki, əlbəttə, o, yas saxlayır. Axı o da faciə yaşamışdı – çox sevdiyi qardaşı Anjeladan cəmisi bir həftə qabaq ölmüşdü. Deyəsən, qəzaya düşmüşdü. Yadından çıxıb, təkcə Anjelanın bu barədə nəsə dediyini xatırlayır. Xeyirxah və həssas Anjela o vaxt yaman kədərlənmişdi. Bu zaman Sesi Miller ayağa qalxdı. Artıq əlcəklərini geyinirdi. Yəqin ki, artıq olduğunu hiss etdi. Ancaq Gilbert Klendon qadının gələcəyi barədə heç bir söz demədən onu buraxa bilməzdi. Hansı planları var? Ona necə kömək edə bilər?

Qadın dalğın halda yazı masasına, arxasında gündəlik yazmaq üçün saatlar keçirdiyi makinaya baxdı və Anjela barədə xatirələrə dalaraq son suala dərhal cavab vermədi, elə bil, başa düşməmişdi. Gilbert Klendon təkrar etdi:

- Planlarınız nədər ibarətdir, xanım Miller?

- Planlar? Hər şey qaydasındadır, cənab Klendon! – o səsləndi. – Xahiş edirəm, mənə görə narahat olmayın.

Qadının sözlərindən belə başa düşdü ki, maliyyə çətinliyi yoxdur. Ən yaxşısı, belə bir təklifi məktubla etməkdir. İndisə onun əlini sıxaraq, yalnız bunları deyə bilərdi:
- Əgər cüzi bir köməyim dəyə bilərsə, xanım Miller, məmnuniyyətlə… - və qapını açdı. Sesi Miller sanki nəsə xatırlayıb, bir saniyə ləngidi.

- Cənab Klendon, - qadın ilk dəfə onun gözlərinə baxdı, onun gözlərindəki rəhmdil və maraqcıl ifadə Gilbert Klendonu heyrətləndirdi. – Əgər haçansa, - o davam etdi, - indi, ya da sonra sizə lazım olsam, arvadınızın xatirinə hər zaman həvəslə…

O bu sözləri deyib getdi. Sesinin sözləri və vida baxışları Gilbert Klendonu təəccübləndirdi. Qadınn sanki ona lazım olacağını düşünür və buna ümid edirdi. O, otağa qayıtdı və ağlına məzəli, hətta fantastik bir fikir gəldi. Bəlkə, romanlarda yazıldığı kimi, ona əhəmiyyət vermədiyi bütün bu illər ərzində qadın ona gizli ehtiras duyurmuş? Qeyri-ixtiyari güzgüdə özünə baxdı. Yaşı əllini ötsə də, güzgüdəki əksinə inansa, hələ də kifayət qədər maraqlı kişiydi.

- Yazıq Sesi Miller! – o, gülümsəyərək dedi. Bu zarafata arvadı ilə birlikdə gülmək üçün nə desən verərdi. Qeyri-ixtiyari əlini onun gündəliyinə uzatdı. Bəxtəbəxt açdığı səhifədən oxudu: «Gilbert sadəcə çox yaraşıqlı görünürdü…» Arvadı sanki onun sualına cavab vermişdi. Elə bil, ona demişdi: əlbəttə, sən kişi kimi çox cəlbedicisən. Təbii ki, Sesi Miller də bunu hiss etmişdi.

O, davamını oxudu. «Onun arvadı olmağımla necə də fəxr edirəm». O da onun əri olmasıyla fəxr etmişdi. Dəfələrlə qonaqlıqlarda olarkən masa arxasında ona baxaraq öz-özünə demişdi: bu yığıncaqda ən gözəl qadın odur! Oxumağa davam etdi. Həmin il ilk dəfə parlamentə namizədliyini vermişdi. Seçki dairəsini arvadıyla birlikdə gəzirdilər. «Gilbert oturanda onu hərarətlə alqışladılar. Hamı yerindən qalıxb, «O, yaxşı oğlandır» - deyə oxumağa başladı. Mən heyrətə gəlmişdim». Bunu da xatırlayırdı. Səhnədə yanında oturmuşdu. Ona baxan gözlərinin yaşla dolduğunu indiki kimi xatırlayır. Bəs sonra? O, gündəliyi vərəqlədi. Onlar Venesiyaya getmişdilər. Seçkilərdən sonra əla məzuniyyət idi. «Florian kafesində dondurma yedik». O gülümsədi, arvadı o zaman lap uşaq idi, dondurmanı çox sevirdi. «Gilbert Venesiyanın tarixi haqqında mənə elə maraqlı şeylər danışdı ki. Sən demə…» - öz şagird xəttiylə elə belə də yazmışdı. Anjela ilə səyahət etmək həm də ona görə zövqlü idi ki, o hər şeylə maraqlanır və çox şey bilmək istəyirdi. O öz «dəhşətli avamlığı» haqqında danışmağı çox sevir və bu zaman daha da cazibədar olurdu.

Sonra, o növbəti cildi açdı, onlar artıq Londona qayıtmışdılar. «Mən çox istəyirdim ki, yaxşı təəssürat oyadam, ona görə də, gəlinlik paltarımı geyindim». Hə, o zaman masa arxasında onun yanında qoca ser Edvard oturmuşdu və Anjela hamının gözü qarşısında onun rəisi olan bu qorxunc qocanı valeh etdi. O, tez-tez oxuyur, arvadının natamam cümlələri əsasında hər şeyi gözləri önündə canlandırırdı. «İcmalar palatasında nahar etdik… Lavqrovuzgildə təntənəli ziyafətdə olduq. Xanım Lavqrovuz məndən Gilbertin arvadı olmağın məsuliyyətini dərk edib-etmədiyimi soruşdu.» O daha bir cildi əlinə götürdü. İllər keçir və iş onu daha çox cəlb edirdi. Arvadı isə, əlbəttə, evdə qalmağa daha çox üstünlük verirdi… Uşaqlarının olmamasını deyəsən arvadı özünə dərd edibmiş. «Gilbertin oğlu olmasını çox istərdim!» - o oxudu. Amma o özü nədənsə buna görə heç vaxt fikir eləməmişdi. Həyat onun üçün bunsuz da dolu və dolğun idi. O il Gilbertə hökumətdə ilk dəfə olaraq vəzifə vermişdilər. Bu, kiçik vəzifə olsa da, Anjela gündəliyinə belə yazmışdı: «Mən onun baş nazir olacağına tamamilə əminəm!» İşlər başqa cür getsəydi və o, baş nazir olsaydı, görəsən, nə olacaqdı. O, oxumağı dayandırıb, nə ola biləcəyi barədə düşündü. Siyasət lotereyadır, o düşündü, qumar oyunudur, ancaq onunçün bu oyun hələ başa çatmayıb, hələ cəmi əlli yaşı var! Arvadının həyatının əsas hissəsini təşkil edən əhəmiyyətsiz, xoşbəxt xırdalıqlarla dolu digər səhifələri də sürətlə oxudu.

Yeni cildi götürdü. Yenə bəxtəbəxt açdı. «Mən necə də qorxağam! Yenə fürsəti əldən verdim. Düşündüm ki, məşğul olduğu zaman öz işlərimlə ona mane olmaq eqoistilikdir. Amma axşamları nadir hallarda birlikdə keçiririk». Nəyi deyir görəsən? Hə-ə bu da izahı, söhbət onun İst-Enddəki işindən gedir. «Mən özümdə cəsarət tapıb, Gilbertlə danışa bildim. O necə də mehriban və başa düşəndir». Bu söhbət Gilbertin yadındaydı. Arvadı özünü avara, vecsiz biri kimi hiss etdiyini demişdi. İstəyirdi onun da bir işi olsun, insanlara fayda versin. Bu sözləri deyərkən bax bu kresloda oturmuşdu, elə mehribancasına utanaraq qızardı ki. O vaxt arvadını yüngülvari lağa da qoydu. Evdə iş azlığıdır bəyəm, hələ ərinin qayğısına qalmağı demir. Yox, əgər ona əyləncə lazımdırsa, əlbəttə, Gilbertin buna etirazı yoxdur. Nə istədiyini desin. Nəsə bir xeyriyyə işi? Hansısa bir komitə? Ancaq elə bir şey olsun ki, çox yorulmasın. Bundan sonra o hər çərşənbə Uaytçepelə getməyə başladı. Arvadının ora gedərkən geydiyi paltarın onu necə əsəbiləşdirdiyini xatırladı. O isə, görünür, işə ciddi girişibmiş.

Gündəlik belə yazılarla doluydu: «Xanım Consgildə oldum… onun on uşağı var… əri bədbəxt hadisə nəticəsində əllərini itirib. Lilini işə düzəltmək üçün əlimdən gələni etdim». Oxumağa davam etdi. Öz adına daha tez-tez rast gəlməyə başladı. Marağı zəiflədi. Bəzi yazılar, demək olar ki, aydın deyildi, məsələn: «B.M. ilə sosializmlə bağlı mübahisə etdik». B.M. kimdir? Bu inisial ona heç nə demədi. Yəqin hansısa qadındır, birlikdə hansısa komitədə iclasda olublar. «B.M. hakim sinifləri amansızcasına söyür… Yığıncaqdan B.M. ilə birlikdə qayıtdıq, onun fikrini dəyişdirməyə çalışdım. Lakin o, çox dar təfəkkürlü adamdır». Deməli, B.M. kişidir və yəqin ki, özünü «ziyalı» adlandıranlardandır. Anjela həmişə onların qəzəbli və dar düşüncəli olmalarından danışırdı. Sən demə, onu qonaq da dəvət edibmiş. «Nahara yaxın B.M. gəlmişdi. O, Minni ilə əl verib görüşdü!» Bu nida işarəsi ağlında formalaşmağa başlayan portretə yeni ştrix əlavə etdi. Görünr, B.M. qulluqçularla ünsiyyətdə olmağa adət etməyibmiş; ona görə də, Minni ilə əl verib görüşüb. O, yəqin ki, kübar cəmiyyətlərdə öz baxışları haqqında boşboğazlıq edən öyrədilmiş fəhlələrdəndir. Gilbert bu tipləri tanıyır və onlardan xoşu gəlmirdi.

Yenə də o. «B.M. ilə birlikdə Tauerdə olduq… O, inqilabın qaçılmaz olduğunu dedi… dedi ki, biz hamımız yalan bir dünyada yaşayırıq». Bəli, bəli, bu B.M. məhz belə şeylər danışmalıydı. Gilbert sanki onun səsini eşitdi, onu açıq-aydın gördü: pırtlaşıq saqqallı, qırmızı qalstuklu, tvid kostyumlu yonulmamış birisi. Ola bilməz ki, Anjela onu yaxşıca dişinə vurmasın. Oxumağa davam etdi. «B.M. … haqqında çox pis danışdı» Ad səylə qaralanmışdı. «Ona dedim ki, … ünvanına söyüş söyməsini bir daha eşitmək istəmirəm». Amma ad yenə də oxunmurdu. Yəni bu onun adıydı? Yəni Anjela buna görə o, otağa girəndə səhifəni əlləriylə qapayırdı? Bunları düşünərkən B.M.-ə qarşı kini artdı. Yəni onu burada, öz evində müzakirə edəcək qədər həyasızlıq edib? Bəs niyə Anjela bunu ondan gizlədib? Axı o həmişə yetərincə səmimi olub. O, səhifələri çevirərək, B.M.-lə bağlı fikirləri axtarmağa başladı. «B.M. mənə öz uşaqlığı haqqında danışdı. Onun anası günəmuzd işləyirmiş… Bu barədə düşündükcə dəbdəbə içində yaşaya bilmirəm… Bir şlyapaya görə üç gineya!» (21 şillinq dəyərində köhnə ingilis qızıl pulu-tərc.) Yaxşı olardı ki, o, bədbəxt başını anlamağa qadir olmadığı şeylərlə doldurmaq əvəzinə bu barədə elə mənim özümlə danışaydı! Bu B.M. ona oxumağa kitablar verirmiş. Karl Marksı. «Gələcək inqilab»ı. İnisialı B.M.-dir. B.M. hərfləri gözləri önündə görünüb-yox olurdu.

Bəs niyə bircə dəfə də tam adını yazmayıb? Bunda nəsə qeyri-rəsmi, intim, tamamilə Anjelaya aid olan bir şey vardı. Görəsən, onun özünə müraciət edəndə də B.M. deyirmiş? Davam edək. «B.M. nahardan sonra qəflətən gəldi. Xoşbəxtlikdən evdə tək idim». Bu cəmi bir il əvvəl yazılıb. «Xoşbəxtlikdən». Bəs niyə xoşbəxtlikdən? Görəsən o axşam o özü haradaymış? O, işgüzar görüşlərini qeyd etdiyi dəftərçəsinə baxdı. O axşam lord-merin evində ziyafətdə olmuşdu. B.M. ilə Anjela isə həmin axşamı birlikdə keçirmişdilər! Hər şeyi yaddaşında canlandırmağa çalışdı. Evə qayıdanda Anjela onu gözləyirdi, yoxsa yatmışdı? Masanın üzərində qədəhlər vardı, ya yox? Stullar çəkilmiş vəziyyətdəydi, yoxsa yox? Heç nəyi xatırlamırdı, lord-merin evində söylədiyi nitqdən başqa heç nəyi. Situasiya getdikcə daha da anlaşılmaz xarakter alırdı: onun arvadı ərinin tanımadığı bir kişini evdə qəbul etmişdi. Bəlkə, müəmmanın cavabı növbəti cilddədir?

O, arvadının sona çatdıra bilmədyi sonuncu dəftəri götürdü. Lənətə gələsən, yenə də o, elə ilk səhifədəcə. «B.M.-lə birlikdə nahar etdik. Çox həyəcanlı idi… dedi ki, bir-birimizi başa düşməyimizin vaxtıdır… Onun başına ağıl qoymağa çalışdım, ancaq qulaq asmadı. Məni hədələdi ki, əgər…» Bundan sonrası pozulmuşdu. Bütün səhifə boyu «Misir, Misir, Misir» yazılmışdı. Heç bir söz və fikir aydın deyildi: bu yaramaz onu qeyri-qanuni əlaqəyə sövq etməyə çalışırmış. Bu otaqda, təklikdə! Qan Gilbert Klendonun sifətinə vurdu. Əlləri titrəyərək dəftəri vərəqləməyə başladı. Arvadı nə cavab vermişdi? İnisiallar qurtardı. Bundan sonra yalnız «o» yazılmışdı. «O yenə gəlmişdi. Mən dedim ki, qərara gələ bilmirəm… ona yalvardım ki, getsin». Əclaf onun evində arvadına sataşırmış. Niyə dərhal mənə deməyib? Axı o bir anlıq da olsa necə tərəddüd edə bilərdi? Hə, budur: «Mən ona məktub yazdım». Bir neçə boş səhifə, sonra isə: «Məktubuma cavab yoxdur». Yenə boş səhifələr və sonra: «O öz hədəsini yerinə yetirdi». Bəs sonra, sonra nə oldu? O, səhifələri bir-bir çevirdi. Heç nə. Budur, ölümündən əvvəl bir şey də yazıb: «Bunu etməyə mənim də cəsarətim çatacaqmı?» Vəssalam.

Gilbert Klendonun barmaqları aralandı və gündəlik döşəməyə düşdü. Gözlərinin qarşısında Anjela canlandı. O, Pikadillidə səkinin kənarında durmuşdu. Gözləri bərəlmiş, yumruqları sıxılmışdı. Maşın sürətlə gəlirdi…

Buna dözmək mümkün deyil. O, həqiqəti bilməlidir. Hövlnak telefona cumdu.

- Xanım Miller? - Sükut. Sonra xəttin o başında kimsə qurdalandı.

- Sesi Miller eşidir, - nəhayət, səs gəldi.

- B.M. kimdir? - o bağırdı.

O, Sesi Millerin mənzilində buxarının üstündəki ucuz saatın çıqqıltısını eşitdi; sonra Sesi ah çəkdi və nəhayət dilləndi.

- O mənim qardaşımdır.

Demək, doğrudan da o, Sesinin qardaşı imiş və intihar edib.

- Bəlkə, mən nəyisə izah etməliyəm? – o, Sesi Millerin sualını eşitdi və qışqırdı:

- Yox! Heç nə lazım deyil!

O öz miras payını almışdı. Arvadı həqiqəti demişdi; sevgilisi ilə görüşmək üçün özünü qəsdən maşının altına atıb. Ondan ayrılmaq üçün.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG