Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:50

Rusiyanın Suriyadakı qeyri-adi diasporu


Rusiya donanması Tartusda
Rusiya donanması Tartusda
-
Moskva Suriya prezidenti Bashar Assad'ı tək qoymaq istəmir. Həm də Rusiyanın Suriyaya silah satışı ildə 700 milyon dollara çatır. Keçmiş Sovet İttifaqı torpaqlarından kənarda, Suriyanın Aralıq dənizi sahilində Rusiyanın hərbi bazası var.

Ancaq Rusiyanın Suriyada əməlli-başlı diasporu da var.

Suriyada təxminən 20000 rus qadın yaşayır. Onlar 60-cı illərdə Suriya vətəndaşları ilə ailə quranlardır. Bu qeyri-adi diaspor Rusiya ilə Suriya arasında çoxtərəfli əlaqələrin dərinliklərindən xəbər verir.

Suriyada hansı nazirliyə, ya da şirkətə daxil olsanız, mütləq 20 yaşlarını Rusiyada keçirmiş adamlarla rastlaşarsınız. Onların da çoxu Rusiyada evlənib, sonradan Suriyada yaşasalar da, uşaqları ailədə rus dilində danışıb. İndi onların vəziyyəti necə olacaq?

Yaxın Şərq üzrə tədqiqatçı Yelena Suponina Livan və Fələstindən son köçləri misal çəkir, deyir ki, belə vəziyyətlərdə həmişə problem olur:

«Onda həmin ölkələrdən yüzlərlə adam çıxarılmışdı. İndi isə söhbət minlərlə, on minlərlə adamdan gedir. Rusların Suriyadan köçürülməsi yüz dəfə ağır olacaq».

ƏN YAXŞI DİPLOMATİYA - NİKAH

Foto: Arxiv. Rusiyada toy
Foto: Arxiv. Rusiyada toy
Suriyada rus icmasının formalaşması Ərəb Sosialist Dirçəliş Partiyasının (BAAS) hakimiyyətə gəldiyi 1963-cü illə başlayır. Sovet İttifaqı Asiya, Afrika, Latın Amerikasının ən yaxşı tələbələrinə təhsil verirdi. Həmin gənclər «dostluq axşamları»nda SSRİ-dən olan gənclərlə qaynayıb qarışırdılar. Məqsəd sovet tərəfdarı olan intellektual gənclik yetişdirmək idi. Bu işdə bağlanan nikahlar isə daha yaxşı yol idi. Gənc qadınlar həkim, professor və hakimiyyətdə vəzifə tutan şəxslərin həyat yoldaşı kimi Suriyaya köç edirdilər.

RUS GƏLİNİN ÜSTÜNLÜKLƏRİ

Bu nikahların hər iki tərəf üçün üstünlükləri vardı. Suriyalı gənclər ruslarla ailə quranda, başlıq pulu verməkdən də canlarını qurtarırdılar.

Nadejda ilə 1971-ci ildə Moskvada bir parkda tanış olmuş Mahmud al-Hamza deyir ki, suriyalı qadınla ailə qurmaq üçün mütləq evin olmalıdır:

«Ailəsinə böyük miqdarda pul verməlisən, qızıl almalısan. Rus qızla evlənəndə isə, nişan üzüyü bəs edir».

Roksana və əri Wael
Roksana və əri Wael
Sovet qadınları üçün də suriyalılarla ailə qurmağın öz üstünlükləri vardı. Rus kişilərdən fərqli olaraq, suriyalılar içki içmirdilər.

«BİZ BURALIYIQ»

Roksana suriyalı iş adamı Wael ilə 2000-ci ildə ailə qurub. Əri ilə bilikdə Moskvada yaşayır. Roksana deyir ki, rus kişilərinin hamısı olmasa da, yarıdan çoxu arvad hesabına yaşayır. Roksana onunla ailə quran ərinin də bəxtinin gətirdiyini deyir:

«Ər-arvad arasında dava-dalaş olanda, rus qadını nə edir? Ağlayır. Uzaqbaşı, bir rəfiqəsi ilə dərdini bölüşüb ərindən şikayət edər. Belə vəziyyətdə ərəb qadını nə edər? Bütün qohum-əqrəbasını yığar. Gecənin bir vaxtı qayınanasının və baldızının evinə gedib çığır-bağır salar».

Svetlana Zaitseva isə Suriyanın Tartus limanında yaşayır. Deyir ki, suriyalı həyat yoldaşı ilə 60-cı illərdə Leninqradda tanış olub. İkisi də dil-ədəbiyyat üzrə oxuyurmuş. İndi Svetlana’nın 3 uşağı və 4 nəvəsi var. 62 yaşlı Svetlana ümid edir ki, dava-dalaş tezliklə sona çatacaq. Toqquşmalar davam etsə belə, o, axıra qədər Suriyada qalmağı üstün tutur:

«Başqa cür ola bilməz. Biz buralıyıq. Suriya vətəndaşı olan uşaqlarımız, nəvələrimiz burdadır. Buradakı hər şey bizimdir».
XS
SM
MD
LG