Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17
Israildə kitabların qiymətini salmaq qadağan oluna bilər.

Ölkənin aparıcı yazarları İsrailin iki böyük kitab dükanı şəbəkəsinin endirimlərinə qarşı kampaniyaya start veriblər.

Yazıçılar gileylənirlər ki, endirimlər onların gəlirlərinin azalmasına səbəb olur.

Onlar baş nazir Benjamin Netanyahu-nun köməyi ilə hökumət üzvlərinin də bu kampaniyaya dəstək verməsinə nail olublar.

Endirimlərə limit qoyan qanun layihəsinin tezliklə parlamentin müzakirəsinə çıxarılacağı gözlənilir.

Dünyada buna oxşar praktika var. Məsələn, Fransa, Almaniya və Meksika kitab dükanlarına endirim etməyi qadağan edən qanunlar qəbul ediblər.

Bu, yerli nəşriyyatları, bir də kiçik kitab dükanlarını qorumaq üçün edilib.

Keçən il İsraildə 6302 adda kitab buraxılıb. Bu, İsrail Milli Kitabxanasının məlumatıdır.

Əhalisi 8 milyon nəfərdən az olan ölkə üçün bu, çox böyük rəqəmdir. Yəhudilər dünyada ən çox kitab oxuyan xalqlardan sayılır.

İsrailin iki böyük kitab dükanı şəbəkəsi – “Steimatzky” və “Tzomet Sfarim” (ikisi birlikdə İsrailin kitab bazarının 80 faizini təşkil edir) arasında rəqabət o qədər güclüdür ki, endirimlər adi hala çevrilib.

15-20 dollar dəyərində kitabların qiyməti birdən-birə 6 dollaracan endirilə bilər.

Əlbəttə oxucular, xüsusən də tələbələrə bu çox sərf edir.

Bütün dünyada kağız kitabların qiymətində həm də ona görə endirimlər edilir ki, kağız kitabların yeni və güclü rəqibi olan e-kitablar “su qiymətinə” satılır.

Bir müddət əvvək İsraildə keçirilən kitab sərgisi ilə bağlı da qalmaqal yaranmışdı.

Amos Oz, David Grossman kimi dünya şöhrətli yəhudi yazıçıları bəyan etmişdilər ki, orada kitablarının ucuz qiymətə satılmasını istəmirlər və bunu “onların əsərlərinin və ümumilikdə ana dilində ədəbiyyatın aşağılanması” kimi qəbul edirlər.

Parlamentdə müzakirəyə çıxarılmış yeni qanun layihəsi yeni kitabların qiymətinin ilk 18 ayda aşağı salınmasını qadağan edir. Bazara çıxarılan kitabların ilk 6 min nüsxəsi üçün yazarlara satış qiymətinin azı 8 faizi həcmində qonorar verilməlidir. Tiraj 6 mini keçəndən sonrasa kitabın satış qiymətinin azı 10 faizi yazıçıya qonorar kimi çatmalıdır.

Baş nazirin ofisinin yaydığı açıqlamada deyilir ki, qanun layihəsi İsrail ədəbiyyatı və yazarlarının maraqlarını qorumaq üçündür:

“Biz mədəniyyət xəzinəmizi yaradan müəlliflərin gəlirlərini qorumağı özümüzə borc bilirik” – deyə Natanyahu bildirib.

Amma qanun layihəsinin əleyhinə çıxanlar da var. Onlar hesab edirlər ki, hökumət azad bazar rəqabətinə müdaxilə etməməlidir, belə müdaxilə kitabın qiymətinin elə bir həddə qalxmasına səbəb ola bilər ki, onu heç kim almaz.

AP-ə istinadla “Oxu zalı”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG