Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55
Artıq 20 günə yaxındır ki, Şəmkirin bir neçə kəndinin sakinləri polislə birgə səhərədək növbə çəkirlər. Onların dincliklərini pozan, dediklərinə görə, üzlərini görə bilmədikləri 3 nəfər saqqallı, hündürboylu adamlardır. Şəmkirdə «Maflar ərazisi» kimi tanınan Müşfiq Qəhrəmanov küçəsinin sakini Eldar Cəfərov deyir ki, həmin şəxslər indiyədək təkcə onların küçəsində 7-8 evə giriblər, 1 qadını bıçaqlayıblar:

Eldar Cəfərov

Eldar Cəfərov

«Bizim qonşuda gəlini bıçaqlayıblar. Cavan qızı qorxudublar. Polis növbə çəkir. Amma gecə-gündüzümüz yoxdur. Görənlər də deyir ki, gedirik, yaxına çatanda yoxa çıxır. O biri qonşuya da girib. Polis də gəlir «zajiqalka» işığı ilə. Tutmağa gəlirsən, itlə gəl, silahla gəl. Fənərlə adam tuturlar?».

EVLƏRƏ LAZER İŞIĞI İLƏ GİRİRLƏR

Digər sakin Vəli deyir ki, tuta bilmədikləri, nə də üzünü görə bilmədikləri adamın oğru olmadığı məlumdur. Çünki evə girən heç bir əşyaya toxunmur, sadəcə qadınları yaralayıb qaçır:

«Gecə yarısı səs-küy qopdu ki, məhləyə giriblər. Bütün bu məhlələrə qərq oluruq, tapa bilmirik. 3 gün bundan qabaq aşağı qonşunun evindən keçdi, qaynatamın evinə girdi. Girib qorxuzur, nə yemək istəmir, nə əşya - qızıl, pul aparmır. Nəsə aparmağı qorxutmaqdan yaxşıdır».

Söhbətləşdiyim sakinlərin hamısı gecələrini gündüzlərinə qatan naməlum adamların evlərə lazer işığı ilə girdiyini deyirdilər. Onları görən əksər adamlar isə evə girənlərin qaranlıqda belə saqqallı olduğunu təxmin edə bildiklərini deyirlər.

«OĞRU DEYİL, BAŞQA NİYYƏTİ VAR»

Sakin Deputat Hüseynov:

Deputat Hüseynov

Deputat Hüseynov

«Axşam tərəfi idi, hamımız oturmuşduq məhlədə. Gördük ki, lazer işığı düşür. Getdik baxdıq gördük ki, pəncərədən tullandı məhləyə. Getdik işıq saldıq. Qurşaqdan yuxarısını gördük hündürboylu adam idi. Biri deyir vəhabidir, hərə bir söz deyir. Yəni oğru deyil, başqa niyyəti var. Qadının qolunu kəsib 3 küçə o tərəfdə. 2 gündür yatmırıq. Gecə 4 də yatmışıq. «Lopatka», «lava» ilə gözləyirik».

Sakin Firudin həmin şəxslərin onların evinə 2 gün əvvəl girdiyini deyir:

«Tanımadım. Gördük qışqır-bağır saldılar. Arıq, uzun adam idi. Saqqallı. Dəqiq bilmədim maskadır ya saqqaldır. Heç bir şey oğurlamayıblar. Lazer işığı ilə səs-küy düşdü, tuta bilmədik. Polis də tuta bilmədi. İstədiyi məhləyə düşür, burda yaşayır nədir hər yeri tanıyır. Sabaha kimi otururuq, ən çox qadınları tutur, döyür. Pul-filan istəmir. Deyir öldürəcəm, asacam».

«HƏMİN ŞƏXS KƏNDƏ YAXŞI BƏLƏDDİR»

Firudin

Firudin

«Maflar ərazisində» naməlum adamın qolunu kəsdiyi qadın hələ də hadisənin şokunu yaşayır. Mikrofona danışmaq istəmir, ancaq deyir ki, qaranlıqda əlbəyaxa olduğu adam onu boğmaq istəyib, səs-küy saldığını görəndə əlindəki aləti qoluna vurub və kəsib. Yarası dərin deyil, ancaq qadın ağlayır və yaşadıqlarını təsvir belə edə bilmir. Hadisə Şəmkirin «Maflar ərazisi» ilə yanaşı, ayrı-ayrı günlərdə Morul və Sərxan kəndlərində də baş verib.

Kəndin kişiləri isə polisin məsələyə laqeyd yanaşdığından, bu qədər müddət ərzində həmin şəxslərin izini tapmadığından giley edirlər.

Şəmkir şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi Məhərrəm Məmmədov da etiraf edir ki, 20 günə yaxındır Şəmkirin bir neçə kəndində naməlum adamlar insanların rahatlığını pozur, evlərə girib qadınları döyür. Məhərrəm Məmmədov deyir polis heyəti ciddi rejimlə gecə növbələrinə çıxır. Ancaq həmin adamı tutmaq mümkün olmur. İstintaq rəisi ehtimal edir ki, həmin şəxs kəndə yaxşı bələddir.

FOTOROBOT HAZIRLANIB

Arxiv foto

Arxiv foto

Bununla belə Məhərrəm Məmmədov cəmi 2 qadının yaralı kimi qeydiyyata alındığını deyir. İstintaq ifadələrinə görə, naməlum adamlar onlardan birinin əlini hələlik istintaqa məlum olmayan iti bir alətlə kəsib, boğazından tutaraq boğmağa çalışıb. Digər qadının boğazından tutub.

Polisi də çaş-baş salan odur ki, həmin şəxslər evlərə nə kimisə öldürmək, nə də qarət məqsədilə girir. Üstəlik kişilərə toxunmur, ancaq qadınları yaralayır, üzlərində, əllərində iz qoymağa çalışır.

Məhərrəm Məmmədov istintaq sirri məqsədilə əlavə açıqlama verə bilməyəcəyini deyir. Ancaq bildirir ki, sakinlər narahat olmasınlar, bir neçə faktın izi ilə həmin adamların fotorobotunu hazırlayıblar və yaxın günlərdə onları tutacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG