Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

Orta məktəblərdə 18 milyon veb-sayta çıxış məhdudlaşdırılıb


Azərbaycan Təhsil Şəbəkəsində istifadə edilən «Vebsens» proqramının İnternet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 mln. veb-saytına çıxış məhdudlaşdırılıb.

İKT İnformasiya Mərkəzindən AzadlıqRadiosuna verilən məlumata görə, dünyanın məzmun üzrə aparıcı informasiya təhlükəsizliyi proqramı olan «Vebsens»də onlayn rejimdə «WebCatcher» servisi vasitəsilə zərərli hesab edilən mövzular üzrə saytlar indeksasiya edilir və avtomatik olaraq məhdudlaşdırılmış informasiya resursları qrupuna salınır. Bununla yanaşı, mütəxəssislər vasitəsilə də mütəmadi olaraq qlobal şəbəkədə internet-resurslarının analizi aparılır.

Azərbaycanda zərərli veb-resurslar üzrə tematik qrupların müəyyən olunması «Təhsil müəssisələrində internetdən istifadənin təşkili və məzmunun süzgəclənməsi şurası» tərəfindən həyata keçirilir. Əsasən uşaqların psixikasına mənfi təsir göstərə biləcək bütün veb-resurslar, o cümlədən pornoqrafiya, aqressiv davranış, ekstremizm, narkotik və alkoqollu içkiləri təbliğ edən və ümumiyyətlə, yetişən nəsil üçün etik və mənəvi qaydalara uyğun olmayan müxtəlif saytlara çıxış məhdudlaşdırılır. Bununla yanaşı, texniki nöqteyi-nəzərdən kompyuterlər üçün virus hücumu təhlükəsi olan veb-resurslara da çıxışın qarşısı alınır.

Azərbaycan Təhsil Şəbəkəsi Azərbaycan prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində yaradılıb.
XS
SM
MD
LG