Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37
-
"Müstəqillik dövründə də bir başqa cür acınacaqlı vəziyyət: bir ortabab yazıçı «puluna minnət» iddiası ilə tərcüməçiləri gətirir ayağına, sövdələşib «tanıt məni dünyaya!» tapşırığını verib, rus, ingilis və s. dillərdə «Azərbaycan ədəbiyyatının seçilmiş nümunəsi» kimi aeroport zənbillərində özəl yolla «yayımlanır» dünyaya…

Sonra da bioqrafiyasında «filan-filan dillərə tərcümə olunub» - cümləsini real fakt kimi möhürləyir".



İradə Musayeva


TƏRCÜMƏ – MİLLƏTLƏRİN ƏN YAXŞI DANIŞIQ DİLİ…


…Müxtəlif mədəniyyətlərin dialoqu rolunu oynayan tərcümə özünəməxsus tarix, təcrübə və nəzəriyyəyə əsaslanmalı, orijinala sadiqlik prinsipini gözləyərək, heç bir dilə, xüsusilə orijinaldan xəbəri olmayan oxucuya və tərcümə olunduğu dildən bir kəlmə də bilməyən müəllifə xəyanət etmədən həyata keçirilməlidir.

Düzdür, belə faktlar da var ki, məsələn qədim Yunan, Roma, eləcə də şərq tərcümə tarixində orijinala müdaxilələr, tərcüməçi əlavələri halları da çox olub «orijinala sadiqlik» prinsipi pozulub.

Müəllifə ortaq çıxmaq (nəzirəçilər də buna bənzər yaradıcılıqla məşğul idilər) ənənəsi artıq əsrlərdir ki, tərcüməçi səlahiyyətindən çıxarılıb.

İndi tərcüməçilər daha çox arxa cəbhə qəhrəmanlarına bənzəyirlər – böyük iş görən, ancaq adı az çəkilən, özü ortada olmayan yaradıcılar…

Tərcümə aktual, eyni zamanla problem məsələ kimi həmişə ədəbiyyatımızın polemik mövzularından olub.

Hələ keçən əsrin əvvəllərində klassik Azərbaycan və dünya ədəbiyyatının tərcümə nümunələrinin də mübahisəli və tənqidə məruz qalan tərəfləri çox araşdırılıb.

Məsələn, N.Gəncəvinin M.Əlizadə tərəfindən sətri və filoloji tərcümə olunmuş «Xəmsə» mətnlərindən istifadə edərək beş poetik tərcümə («Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl», «İsgəndərnamə») abidəsi yaratmış (S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, A.Şaiq, M.Rzaquluzadə) müəlliflərin tərcümələrinə də xeyli sayda, konkret faktlar göstərməklə iradlar edilmişdir.

Və yaxud XIX, XX əsr Rus ədəbiyyatı nümunələrini tərcümələri ilə birlikdə müqayisə və təhlil edəndə elə dərsdəcə biz tələbələr çox asan tapılan uyğunsuzluqlar «kəşf» edirdik.

Yəni, tərcümə nə qədər ağır, zəhmətli, xırdalıqlarla dolu bir iş olsa da (bu həqiqətdir ki, tərcüməçi yazıçı adi yazıçıdan daha çox ədəbi-bədii dil arxivini, lüğət sandığını töküşdürür, hətta az işlənən, get-gedə deformasiyaya uğramaq təhlükəsində olan sözləri canlandırır, işləkləşdirir, dilin potensial imkanlarını üzə çıxardır), xüsusilə poetik tərcümələrdə onun nəticəsini müqayisə və təhlil etmək və bu müqayisədə qüsurlar tapmaq o qədər də çətin iş deyil.

Yuxarıda dediyim kimi, bir filoloq tələbənin belə ciddi araşdırıcı yanaşmasından xeyli suallar ortaya çıxırdı. Hətta Lermontovun, Yeseninin, Pasternakın, Yevtuşenkonun və başqalarının əsərlərinə edilən tərcümələrdən elə misallar çəkmək olar ki, bu günkü meyxanaçı şairlərin şeirləri ilə qarışıq salınar…

Bu problem bu gün də var. Məsələn, hal-hazırda tərcümə olunan dünya ədəbiyyatının seçmə nümunələrinin bir çoxunda mən bir oxucu kimi rus, ingilis, alman, yapon, çex və s. yazıçısının ruhunu, danışıq dilini deyil, ifadə və obrazlılıq dilini, milli və fərdi özünəməxsusluq dilini, məna-məzmun yox, məhz bədiilik anlamına gələn hissi-emosional ifadə spesifikasını duymuram.

Tərcüməçilər çox zaman sadəcə mahiyyəti, müəllifin nə demək istədiyini - necə dediyinin fərqinə varmadan məhz nə demək istədiyini tez-tələsik bizə təqdim edir.

Yapon, ingilis, rus, fransız yazıçılarının hamısı bizimlə sanki eyni «dil»də, eyni ahəngdə, eyni ovqatda, bir-birindən o qədər də fərqlənmədən, eyni intonasiya ilə danışır (Burada orijinaldan deyil, daha çox rus dilindən tərcümə olunmalar da əsas rol oynayır).
Tərcüməçilik qrup, dəstə, «özfəaliyyət dərnəyi» və biznes şəklindən çıxmalıdır. İş o yerə çatıb ki, iş adamlarının yan-yörəsində gəzən firma, şirkət tərcüməçiləri də bədii tərcümə işinə girişib.

Halbuki, hər iki dildə zəngin leksik bazası və bədii təfəkkürü olan, sözün həqiqi mənasında sənətkar olan şəxs bu işlə məşğul olmalıdır.

Çingiz Aytmatov

Çingiz Aytmatov

Tərcüməçilik dövlətin nəzarəti və qayğısı ilə tərcümə lobaratoriyalarında, mütəxəssislərin, sənətkarların, eyni zamanda məsuliyyətli və cavabdeh şəxslərin, formal yox, real redaktələrin, rəylərin senzurasından çıxmalıdır (senzura sözündən qorxmayaq…) Mən uzun illər öncə oxuduğum «Əlvida Gülsarı» (Ç.Aytmatov) əsərindəki qırğız ruhlu obrazları, qırğız məişətindəki spesifikliyi, ənənəviliyi, qırğız düşüncəli müəllifi unuda bilmirəm. Çünki Ə.Əylisli sözləri və dili deyil, (fərqi yoxdur rus, qırğız) Ç.Aytmatovu tərcümə edib.

Və yaxud, son vaxtlarda oxuduğum İsveçrə şairəsi və nasiri, 41 yaşında intihar etmiş Karen Boyenin uçuruma atılan damcı haqqında Nərgiz Cabbarlının tərcümə etdiyi şeirinin ovqatını hələ də duyuram.

Damcı üçün
olduğu yerdən qopmaq da ağır,
ağız açan uçurumun üzərindən sallanmaq da…
Budaqdan yapışıb aşağıya doğru sürünmək də pis,
dibsizliyə yıxılmaq anının titrəyişini yaşamaq da…
Ən çətini, ən ağırı qərara gəlməkdir.
Qərara gəlmək:
Atılmaq, yoxsa sürünmək?!
Uçuruma yıxılmaq qorxulu,
Yerində donub qalmaqsa çətin…
Atırdır iki hissin arasında çabalamaq.
çırpınmaq-arasında iki niyyətin:
Aşağı can atmaq, yoxsa qalmaq?!..
…Amma bir gün,
daha dözməyə gücü çatmayanda
qəfəsdən çıxmağa can atırmış kimi,
sonuncu qorxu hissi də canından çıxacaq…
o zaman budaqdan qopan damcı
heçlik, bilinməzlik qarşısında
yaşadığı qorxunu da,
aşağı uçuşun dəhşətini də unudacaq.
Və atılacaq…
Atılacaq…
Bax, o zaman,
Məhz o zaman içim
inam və əfsunlu rahatlıqla dolacaq…


Bu tərcümədə Karen Boyenin təkcə bir şeirinin mətni ilə tanış olmuruq, bütövlükdə onun poeziyasının ruhunu duyuruq. İntihar astanasında olan şairənin «daha dözməyə gücü çatmayan», «qəfəsdən çıxmağa can atan», «aşağı uçuşun dəhşətini unudub atılan», intihar edən damcı taleli həyatının intim tərəflərini görürük.

Hiss olunur ki, tərcüməçi müəllifin bu şeiri yazdığı ovqatın içərisinə düşə bilib, bütün ruhunu, diqqətini, qavrama həssaslığını səfərbərliyə alaraq, məna və poetika paralelliyini qoruyub saxlayıb.

Seçilmiş hər bir poetik söz şeir süjetinin möhkəmliyi, mükəmməlliyi keşiyində elə məsuliyyət və cavabdehliklə dayanır ki, yaşantıların obrazlı nəqli prosesində ilişmə, qulağa yad gələn «xaric» səs hiss etmirsən.

Yaradıcı və sərrast yanaşma göz qabağındadır. Halbuki A.Axmatov tərcümə haqqında deyirdi: «öz şeirlərində qafiyələr qanaddırsa, tərcümədə onlar ağır çəki daşına çevrilirlər».

Sovet dövrünün tendensiyalı ədəbi diktəsində tərcümə nümunələrinin məqsədəuyğun seçimi, və çox zaman ixtisarlarla çapı ideoloji şöbələrin «yaradıcılığına» çevrilmişdi.

Müstəqillik dövründə də bir başqa cür acınacaqlı vəziyyət: bir ortabab yazıçı «puluna minnət» iddiası ilə tərcüməçiləri gətirir ayağına, sövdələşib «tanıt məni dünyaya!» tapşırığını verib, rus, ingilis və s. dillərdə «Azərbaycan ədəbiyyatının seçilmiş nümunəsi» kimi aeroport zənbillərində özəl yolla «yayımlanır» dünyaya… Sonra da bioqrafiyasında «filan-filan dillərə tərcümə olunub» - cümləsini real fakt kimi möhürləyir.

Digər bir problem isə tərcüməçilərin davamlı və normal işlə, haqla, ürəkaçan əməkhaqqı ilə təmin olunmamasıdır.

Məsələn, xeyli sayda tərcümə kitablarının müəllifi N.Əbdurrəhmanlının zəif tərcümələrindən söhbət gedəndə çox böyük səmimiyyətlə deyir: «Harda ki, tələsdirmə olur, yaxud özüm maddi sıxıntı üzündən tələsirəm, həmin tərcümələrdə problem ola bilər».

Bu həqiqətdir ki, bu gün ən yaxşı tərcümələrin yox, ən çox satılan kitabların statistikası aparılır. Bazar meyarları keyfiyyəti kölgədə qoyur. Yenə N.Əbdurrəhmanlının fikrinə qayıdaq:

«Bunları vaxt azlığı ilə bağlamaq olar. Əvvəlki tərcümələri mən çox arxayıncasına etmişəm. Ona görə güman etmirəm ki, qüsurlar olsun. Amma indi vəziyyət başqa cürdür. Bilirsiz, nəşriyyatın da öz maraqları var. İstəyir kitabı satışa tez çıxarsın. İndi müəyyən qədər vaxt sıxıntısı olur».

Bəli, vaxt sıxıntısı, pul sıxıntısı, ədəbiyyatın və dövlətin yox, iş adamlarının maraqları və s…

Tərcüməçiyə yaradıcı adam kimi deyil, qara fəhlə kimi baxanda və muzdla işlədəndə böyük sənət əsəri uğrunda mücadilə fədakarlığından söhbət gedə bilməz.

"Özəl nəşriyyatın qarşısına şərt də qoya bilmirsən. Deyir, mənim imkanım buna çatır. Razısan, buyur, razı deyilsən, üzülüşək. Adam razılaşmaq məcburiyyətində qalır".

Bu da N.Əbdürrəhmanlının etirafıdır. Tərcüməçi hər səhifəyə 5 manat qonararı arzuolunan, ideal hədd sayır…

Xeyli sayda tərcümə kitablarının redaktoru yazıçı P.Cəbrayıl da buna bənzər fikirlər söyləyir:

«Bütövlükdə səviyyə ilə bağlı durum ürəkaçan deyil. Nəşriyyata son dərəcə qüsurlu tərcümələr gəlir. Hətta o dərəcədə ki, iş prosesində adam həyatından bezir ki, bu nə gün-güzərandır… Tərcüməçilərin vaxt azlığı, aldığı qonorar imkan vermir ki, onlar oturub rahat, tələsmədən işləsinlər. Bu çətinlikləri redaktora da aid etmək olar. Nəşriyyat isə bir konveyerdir, o həmişə işləyir, boş dayanmamalıdır və s. yəni istehsalsız hər saat pul itkisi deməkdir».

"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından kitablar

"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından kitablar

Tərcümə işinin məsuliyyətlə və keyfiyyətə cavab verən tərəfi, təbii ki, redaktorla bağlıdır. Məlum olur ki, redaktora da normal ölçü ilə yanaşılmır və «Tutalım, redaktor başqa işlə məşğuldursa, arada vaxtından oğurlayıb bu işlə məşğul olursa, deməli, keyfiyyətdən söhbət gedə bilməz. Redaktor zavallının minimum təminatı olmalıdır» (N.Əbdurrəhmanlı).

Dünya ədəbiyyatının şedevrləri Azərbaycan ədəbiyyatına düşəndən sonra öz uğursuz və bədbəxt taleyini ona görə yaşamaq məcburiyyətində qalır ki, məhz «zavallı redaktorların oğurlanan vaxtlarında (!!! – İ.M.) «alabaşına-külbaşına» - tikilmiş yeni tərcümə donu geyirlər.

Hər halda 150 cildlik «Dünya ədəbiyyatı» kitabxanası layihəsi çox şeylər vəd edir. Milli ədəbiyyata yeni ideyalar, forma, məzmun inteqrasiyası, dilimizin «toz basmış sözləri»nin bayramı (yazıçılarımızın əksəriyyəti əziyyət çəkib o sözləri ki, axtarıb tamırdılar, tərcüməçilər buna məcbur olacaqlar) və s. Bəlkə də bu proses bir tərcümə məktəbinin əsasını qoydu.

Bilirik ki, hələ 9-10-cu əsrlərdə Şərqdə öz zəngin kitabxanası, rəsədxanası olan tərcümə məktəbləri xüsusi elm ocaqları kimi fəaliyyət göstərmişdir. Onlar dünyanın intellektual və yaradıcı xəzinəsini öz dillərinə tərcümə etmişlər.

(Ardı var)

Növbəti yazı “Natiq Səfərov mifi” haqda olacaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG