Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

ABŞ rəsmisi: «Çalışırıq ki, hesabatımız gerçəklikləri əks etdirsin»


Adam Sterling
Adam Sterling
-
İyulun 11-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling vətəndaş cəmiyyətinin nümayəndələri və Ombudsman Aparatının əməkdaşları ilə görüşüb.

Görüşün məqsədi ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair 2012-ci ildə çıxmış hesabatını müzakirə etməkdir.

A.Sterling jurnalistlərlə söhbət zamanı bildirib ki, 2011-ci ili xarakterizə edən hesabatda mülkiyyət hüquqları, məhkəmə sistemi, sərbəst toplaşma və ifadə azadlıqları prioritet məsələ olub.

«ƏFV FƏRMANI NİKBİNLİYƏ ƏSAS VERİR»

O, ötən il etiraz aksiyalarında həbs olunanlarla bağlı məsələyə də toxunub:

«Bu məhbusların əksəriyyətinin azadlığa buraxılması, o cümlədən iyun ayında 9 nəfərin əfv olunması hamımıza nikbin olmağa əsas verir. Mən həbsdə qalanlar, o cümlədən Vidadi İsgəndərov və Şahin Həsənlinin ədalətli və şəffaf əsaslarda mühakimə olunmasına yönəlmiş çağırışlarımızı bir daha təkrar etmək istəyirəm».

ABŞ-ın müvəqqəti işlər vəkili 2011-ci ilin dekabrında prezident İlham Əliyevin Azərbaycanda insan hüquqlarının qorunmasını üçün Milli Fəaliyyət Planı imzalamasını alqışladığını bildirib və onun effektiv icrasına çağırıb:

«2012-ci ilin ilk yarısında müəyyən irəliləyiş baş verib, ancaq görüləsi işlər daha çoxdur. Məsələn, bu yazın əvvəli Bakı meriyası müxalifətin bir neçə aksiyasına razılıq verdi. Bu, yaxşı başlanğıcdır və ümid edirəm ilboyu davam edəcək. Biz həmçinin Əli Həsənovun iştirakı ilə Prezident Administrasiyası və vətəndaş cəmiyyəti nümayəndələrinin bu yaxınlardakı görüşünü alqışlayırıq».

ABŞ İSTİNTAQIN GEDİŞİNİ İZLƏYİR

A.Sterling narahatlıq doğuran məqamlardan da danışıb. O, deyib ki, ABŞ səfirliyi Quba və Sabirabadda saxlanan şəxslərin, hüquq müdafiəçiləri Oqtay Gülalıyev və İlham Əmiraslanovun, jurnalist Hilal Məmmədovun və foto-bloqqer Mehman Hüseynova işi üzrə istintaqın gedişini diqqətdə saxlayır:

«ABŞ hökumətinin jurnalist İdrak Abbasovun döyülməsi, jurnalist Xədicə İsmayılovanı ictimaiyyətdə utandırmaq cəhdləri və yazıçı Rafiq Tağının qətlinin araşdırılmasında irəliləyişin əldə olunmasının zəruriliyi barədə çağırışını təkrarlamaq istəyirəm».

ABŞ rəsmisi Azərbaycan hökumətinin Dövlət Departamentinin hesabatını qərəzli adlandırması ilə bağlı suala belə cavab verib:

«Birləşmiş Ştatlar hökuməti əlindən gələni edir ki, bu hesabatlar obyektiv olsun, orada bütün maraqlı tərəflərin fikirləri nəzərə alınsın… Hər il səfirliyimiz Azərbaycanın müxtəlif qurumlarına sorğular göndərir. Biz bu sahədə əməkdaşlıq edirik və çalışırıq ki, hesabatımız gerçəklikləri əks etdirsin».
XS
SM
MD
LG