Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39
Bosniya-Herseqovinada minlərlə adam Srebrenitsa qırğınının 17 illiyini qeyd edib.

1995-ci ildə serb qüvvələrinin Srebrenitsa şəhərində 8 min bosniyalı kişini və oğlanı öldürməsi İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Avropada ən böyük qırğındır.

İyulun 11-dəki mərasimdə əsas diqqət şəxsiyyəti müəyyən olunmuş 520 qırğın qurbanının yenidən dəfn olunmasında idi.

Bu adamların qalıqları ümumi məzarlıqdan tapılıb, DNK analizi ilə onların kimliyi müəyyən olunub.

İndiyədək ölən 8000 adamdan hələlik 6800-ünün şəxsiyyəti müəyyənləşdirilib.


Memorial Mərkəzdə bütün qurbanların adları həkk olunub

Memorial Mərkəzdə bütün qurbanların adları həkk olunub



KÜTLƏVİ MƏZARLIQLARDA QAZINTI DAVAM EDİR

Kütləvi məzarlıqlarda tapılanların kimliyinin araşdırılması, eləcə də kütləvi məzarlıqlarda qazıntı davam edir.

Qazıntı işlərinin davam etməsinin bir səbəbi də var.
Elə adamlar var ki, onların kimliyi yalnız bir neçə sümük əsasında müəyyən olunub və onların yeni məzarında yalnız bu sümüklər basdırılıb.
Belə adamların qohumları istəyirlər ki, həmin adamların bütün qalıqları tapılıb, bir məzarda basdırılsın.

60 yaşlı Suhra Ahmetovic isə Frans Pressə deyir: “Mən oğlumun bircə sümüyünü tapa bilsəydim, bilərdim ki, onun da öz məzarı var”.

Qazıntı işlərinin çətinliyi ondadır ki, Bosniya serbləri bu qırğını törədəndən bir neçə ay sonra bu cinayətin miqyasını gizlətməyə başladılar.

Qırğından bir neçə ay sonra serblər gəlib kütləvi məzarlıqdan qalıqları çıxarıb, başqa yerlərdə basdırmağa başladılar.
Beləliklə, ikinci məzarlıq adlandırılan 28 belə məzarlıq yarandı.

MLADİC VƏ KARADZİC MƏHKLƏMƏ QARŞISINDA

Bu ilki anım mərasimində bir əlamətdar cəhət də odur ki, Bosniya müsəlmanlarının bu qırğınını təşkil edən Bosniyalı serb komandiri Ratko Mladic və və siyasi lider Radovan Karadzic artıq BMT-nin hərbi cinayətlər məhkəməsinə çıxarılıb.

Mladic və Karadzic 1992-1995-ci illərdə Bosniya-Herseqovinada soyqırımında, kütləvi qırğınlarda ittiham olunurlar.

Ancaq Bosniya serblərinin çoxu Mladic və Karadzici hərbi cinayətkar saymır və Bosniyada soyqırım olmasını qəbul etmirlər.

ABŞ BU QIRĞINI TƏHRİF ELƏMƏK CƏHDLƏRİNİ RƏDD EDİR

Vaşinqtonda ABŞ prezidenti Barak Obama Srebrenitsa qırğınının ildönümünü ilə bağlı xüsusi bəyanat verib.


Bəyanatda deyilir ki,

“ABŞ bu qırğını təhrif eləmək, günahı qurbanların boynuna atmaq, qırğını törədənlərdə rasional motivlər axtarmaq, bunun soyqırım olması faktını danmaq cəhdlərini rədd edir.”

Frans Press yazır ki, Obama bu sözlərlə Serbiya prezidentinin verdiyi qiymətə işarə edir.
Serbiya prezidenti Tomislav Nikolic keçən ay dedi ki, Srebrenitsada baş verən ağır hərbi cinayətdir, ancaq Nikolic buna soyqırım demədi.

İndiyədək iki beynəlxlaq məhkəmə Srebrenitsa qırğınını soyqırım kimi tanıyıb.

Obama daha sonra deyib ki, qurbanlar üçün ədalət öz yerini tapır- Mladic və Karadzicdən “ öz hərəkətlərinə görə hesab istənilir”.

Obama deyib ki, Srebrenitsanın adı gələndə 20-ci əsrin ən dəhşətli hadisələri yada düşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG