Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:26

Qızlar bu mahnıları yorulanda oxuyarmışlar...


-
Xanımnənə Quliyevanın dediyinə görə, Sovet dövründə onlardan təbliğat kimi istifadə edirdilər. Televizor vasitəsi ilə göstəriblər ki, kənd sakinləri xoşbəxt yaşayırlar...



Lənkəran rayonun Separadi kəndində «Nənələr» folklor və rəqs ansamblı fəaliyyət göstərir. Azərbaycan «Nənələrini» Rusiyanın «Buranovskiye babuşki» ansamblına da oxşadırlar». «Nənələr» Azərbaycanda yaşlı adamlardan ibarət yeganə xor kollektividir. Yolumuz da Lənkəranın adı çəkilən kəndinədir.

Lənkəran-Boradigah-Masallı yolu ilə hərəkət edirik. Separadi kəndi də bu yolun üstündədir. Bir neçə il bundan əvvəl ölkə prezidenti bu yolun çəkilişi üçün bir neçə milyon manat pul ayırmışdı. Yol, verilən məlumatlara görə əsaslı təmir olundu. Hətta bu yolun açılışında prezident də iştirak etdi. Təmirdən az vaxt keçməsinə baxmayaraq yol dağılmaq üzrədir. Bir çox yerlədə yolu çətinliklə keçirik. Separadi kəndinin girəcəyində «Nənələri» soruşuruq.

Separadi kənd sakini Səafail Məmmədov:

««NƏNƏLƏR» BİZİM FƏXRİMİZDİR»

««Nənələr» bizim fəxrimizdir. Toylarda iştirak edirlər. Onlarla həqiqətən də fəxr edirik. Mənim toyumda olublar. Nişanda iştirak ediblər».

Kəndin digər sakini Rafiq İmanov:

«Nənələr nəinki bizim kəndimizin, Lənkəranın, Azərbaycanın fəxridirlər. Onları çox gözəl tanıyırıq. Bizim talış xalqının mahnılarını, köhnə adət-ənənələrini ifa edirlər. Allah onlara cansağlığı versin».

Xanımnənə Quliyeva

Xanımnənə Quliyeva

«Nənələr» 6 nəfərdən ibarətdir. Məlum oldu ki, kənddə onlardan yalnız biri - 77 yaşlı Xanımnənə Quliyeva evdədir. Qalanlarısa harasa gedib. Xanımnənə Quliyevanın evi kəndin kənarında yerləşir. Adi evlərdən biridir. Həyətdə isə mübahisə gedirdi. Xanımnənə Quliyeva ilə tanışlıqdan sonra məlum oldu ki, mübahisə kənddə keçiriləcək toyla bağlıdır. Moskvada yaşayan imkanlı kənd sakinlərindən biri oğlu üçün toy edir və «Nənələr»i də ora dəvət edib. Məlum olub ki, həmin vaxtda da «Nənələr»i Bakıya çağırıblar. Xanımnənə Quliyeva deyir ki, son illərdə onları toya çağıranların sayı artıb:

«BİZİM MÜƏLLİMİMİZ OLMAYIB»

«Mahnılar çoxdur. Azərbaycanda çox yerlərdə olmuşuq. Kəndlərdə olmuşuq, Bakıda olmuşuq. Bizə mükafat veriblər, bizə hədiyyə veriblər. Bundan 5 gün qabaq İsmayıllı rayonuna getdik. Bizə hədiyyə verdilər. Bakıya gəldik, mənə hədiyyə verdilər. Bizim müəllimimiz olmayıb, özümüzdəndir. Qabaq kəndlərdə çalğı yox idi, mahnı ilə toyları qurtarardılar. Bir ana olmuşuq, 4 qız. İki nəfəri də qonşudan götürmüşdük. Bizi aparırdılar, toylarda oxuyardıq».

Xanımnənə Quliyevanın dediyinə görə, Sovet dövründə onlardan təbliğat kimi istifadə edirdilər. Televizor vasitəsi ilə göstəriblər ki, kənd sakinləri xoşbəxt yaşayırlar, hətta mahnı da deyirlər. Üstəlik o qeyd edir ki, nəsillərində musiqiyə, mahnıya maraq çox olub:

«Atamın, anamın dayıları çalğıçı olublar, oxuyan olublar. Bacıları da onun kimi oxuyub. Atam da oxuyurdu. Bu ənənə gedir. Müəllim yoxdur. Özümüzdən deyirik».

«NƏNƏLƏR» 42 İLDİR Kİ, FƏALİYYƏT GÖSTƏRİR...

Arxiv foto

Arxiv foto

Xanımnənə Quliyeva deyir ki, «Nənələr» 42 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansamblın 2 yaşlı üzvü vəfat edib. Onların əvəzinə yeniləri gəlib. Ən böyüyünün 77, ən kiçiyinin isə 52 yaşı var. Onun sözlərinə görə, üzvlər arasında əvəzetmələr olsa da əvvəlki yaradıcılıq istəyi qalır:

«Oxuyanlardan ikisi bacımdır. Biri də qonşumdur. O dedi ki, siz gedirsiz oxumağa mən sizlə gələrəm. 6 nəfər dəstə düzəldi, hər yerə gedərdik. Təşəbbüs özümüzdəndir. Özümüz yazmışıq, özümüz yaratmışıq. Hansı mahnını istəyirsən, məndə mahnı çoxdur. Toy mahnısı, xonça mahnısı, gəlin gətirməkdir, nişan aparmaqdır. Toy başlayanda toyun mübarək olsun, deyin mübarək olsun...».

Xanımnənə Quliyeva deyir ki, müasir toylarda adət-ənənəyə qayıtmaq meyli müşahidə olunur. O, qeyd edir ki, toy 6-7 mərhələdən ibarətdir. Hər mərhələnin öz mahnısı, tərifləri var. Xanımnənə Quliyeva deyir ki, imkan daxilində dəvət edilən bütün toylarda iştirak etmək istəyirlər. Yaşlı olduqları üçün müalicəyə də ehtiyacları var.

ÇAY TARLALARINDA YARANAN MAHNILAR...

Xanımnənə Quliyevanın nəvələri

Xanımnənə Quliyevanın nəvələri

Xanımnənə Quliyevanın qızı isə deyir ki, anası bu mahnıları sovxozda çay plantasiyasında işləyərkən öyrənib. Onun deməsinə görə, səhərdən axşama kimi yaşıl çay yarpağı toplayan qızlar yorulanda xorla mahnı deyib işlərini başa çatdırardılar:

«İş gecikəndə deyərdilər oxuyun iş tez başa çatsın. O dövrdən qalmadır. Həyətdə gəzə-gəzə mahnı oxuyardı. Gecə gəzirdi, mahnı ilə gəzirdi».

Söhbət zamanı məlum oldu ki, Xanımnənə Quliyevanın övladlarından biri Rusiyada işləyir. Digəri isə onunla yaşayır. Xanımnənə Quliyeva deyir ki, oğlu ali təhsillidir. Lakin iş tapa bilmir. Ümumiyyətlə 8 nəfərlik ailədə heç kim işləmir.

NƏNƏLƏR VƏ NƏVƏLƏR...

Xanımnənə Quliyeva İradəXanımbacı adlı nəvələrini göstərib deyir ki, onlar da mahnılar ifa edə bilirlər. Öyrəndik ki, İradənin 10, Xanımbacının isə 5 yaşı var...

Xanımnənə Quliyeva ilə xudahafizləşib geri qayıtmaq istəyirəm. Arxadan məni səsləyib bunları deyir:

«Bizim oxuduğumuz mahnılar azad mahnılarıdır. Bu mahnıların müəllifi bizik, xalqdır. Belə mahnıları kim sevməz ki?».

Şərhləri göstər

XS
SM
MD
LG