Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18
Milan Kundera


ROMAN SƏNƏTİ VƏ NƏSLİN DAVAMI

(“Le Monde” qəzeti, Fransa)

29/05/2007


“Yüz ilin tənhalığı”nı oxuyandan sonra məni qəribə bir hiss bürüdü, məgər bütün böyük roman qəhrəmanları övladsız olur?

Gerçək həyatda əhalinin cəmi bir faizinin uşağı olmadığı halda, məşhur roman qəhrəmanlarının minimum əlli faizi özündən sonra nəsil qoymadan səhifələr arasında itib gedir.

İstər Pantaqruel olsun, istər Panurq, istər Don Kixot, heç birisinin övladı yox idi. Təkcə onlarınmı? Heç “Təhlükəli Əlaqələr” filmindəki Valmonunun da, Markiza de Merteyin də, xeyirxah prezident arvadı madam de Turvelin də uşağı yoxdur.

Ya da Henri Fildinqin ən məşhur personajı olan Tom Consun, həmçinin Hötenin gənc Verterinin də uşaqları yox idi.

Stendalın az qala bütün roman qəhrəmanları uşaqsızdır (ya da heç vaxt uşaqlarının üzünü görməyiblər), eyni şeyi Balzakın və Dostoyevskinin qəhrəmanlarının əksəriyyətinə aid etmək olar.

Əgər keçən əsrə baxsaq, “İtmiş zamanın axtarışında”əsərinin baş qəhrəmanı haqqında da və əlbəttə ki, Robert Muzilin əsas qəhrəmanları olan Ulrix, onun bacısı Aqata, Valter və onun arvadları Klarisse və Diotim haqqında da, Qaşekin qəhrəmanı Şveyk və Kafkanın bütün qəhrəmanları haqqında da eyni şeyi demək olar.

Doğrudur Kafkanın qəhrəmanı olan Karl Rossmanı istisna etmək lazımdır, ancaq o da xidmətçi qızı hamilə qoyduqdan sonra doğulacaq uşağı həyatından silmək üçün başını götürüb Amerikaya getmiş və ardınca belə bir romanın yaranmasına rəvac vermişdir.

Haqqında bəhs olunan sonsuz qəhrəmanlar heç də yazıçıların şüurlu məqsədindən doğmayıb, roman sənətinin öz mahiyyəti (yaxud da bu sənətin şüuraltı tərəfləri) nəslin davametməsi ideyasıyla heç cür barışmır.

Haydeqqerin dediyi: “Roman ayrı-ayrı şəxsiyyətlərin yaratdığı “Yeni dövr”ün təşəkkülü ilə ortaya çıxdı” fikri hər şeyin əsasında dayanır.

Romanın sayəsində Avropada insan şəxsiyyət kimi hökmünü göstərməyə başladı.

Əslində, valideynlərimizin bizdən öncə necə yaşadıqları haqqında çox az şey bilirik, bizim yaxınlarımız haqqında biliklərimiz səthidir, sadəcə onların dünyaya necə gəlib getdiklərinə şahid oluruq, onlar dünyadan silinən kimi yerlərini başqaları tutur, onlar böyük bir əvəzlənmə qatarı yaradıblar.

Məhz roman kütlə içindən bir nəfəri seçib başdan-başa onun həyatını, fikirlərini, duyğularını danışır, onu əvəzedilməz edir, o hər şeyin mərkəzində dayanır.

Don Kixot ölür və roman sona çatır, bu, birdəfəlik sondur, çünki Don Kixotun uşaqları yoxdur, əgər uşaqları olsaydı, onun həyatının bir davamı ola bilərdi, bəlkə onu yamsılayan, ya da onu mühakimə edən birisi olacaqdı, bəlkə onu müdafiə edəcək, ya da ona xəyanət edəcəkdilər.

Atanın ölümü qapının arasını açıq qoyur, lap uşaqlıqdan başlayaraq biz dəfələrlə məhz bunu eşidirik, sənin həyatın uşaqlarında davam edəcək, sənin uşaqların sənin ölümsüzlüyündür.

Ancaq əgər mənim həyat hekayətim, şəxsi həyatım başa çatdıqdan sonra belə davam edə bilirsə, deməli, mənim şəxsiyyətim yetkin bir şəxsiyyət deyil, onda hələ başa çatmamış nələrsə var, o təklikdə tam məna ifadə edə bilmir.

Belə anlaşılır ki, fərdin içində -əriyib yoxa çıxan, öz kimliyinin unudulmasına şərait yaradan ailə, nəsil, söy-kökü, millət kimi tamamilə konkret, dünyəvi şeylər var.

Bu “hər şeyin əsası” olan fərdin bir neçə əsrdir Avropanın bəslədiyi, illüziyadan, xəyaldan başqa bir şey olmadığı anlamına gəlir.

Qarsia Markezin “Yüz ilin tənhalığı” kitabının sayəsində roman artıq fərdiyyətçilik xülyasıyla vidalaşıb və indi diqqət mərkəzində ayrıca bir fərd deyil, fərdlərin bir-birini əvəz etdiyi uzun bir zəncir dayanır.

Onlar hamısı özünə görə unikal, təkrarsız olmaqla bərabər əsərin axınında ötəri bir işıq zolağı kimi gözə görünüb yox olurlar, hər bir fərd unudulmalıdır və onların hər biri bu haqda düşünür, heç bir qəhrəman əvvəldən axıra kimi romanın əsas siması olmur.

Romandakı qəhrəmanların ulu nənəsi olan qoca Ursula yüz iyirmi yaşında dünyasını dəyişsə də, roman bu hadisədən xeyli gec qurtarır.

Burada diqqəti çəkən başqa bir məqam da var ki, bütün surətlərin adları bir-birinə bənzəyir, məsəlçün: Arkadio Xose, Xose Arkadio, ikinci Xose Arkadio, Aureliyano Buendia, ikinci Aureliyano.

Müəllifin bunu etməkdə məqsədi surətləri bir-birindən fərqləndirəcək cəhətləri dumanlı şəkildə təsvir edib oxucunun onları qarışıq salmasına nail olmaqdır. Onlar bütün cəhətləri ilə Avropanın fərdiyyətçilik dövrünə yaddırlar.

Bəs görəsən onlar hansı dövrə aiddirlər? Amerikanın hindu keçmişinəmi? Ya da ayrı-ayrı fərdlərin insan cinsi içərisində əriyib yoxa çıxacağı gələcəyəmi? Mənim fikrimcə bu roman, romançılıq sənətinin zirvə nöqtəsi olmaqla bərabər, ənənəvi roman dövrü ilə vidalaşmadır

Çeviri: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG