Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18
Nobel mükafatlı Peru yazıçısı Mario Vargas Llosa yeni kitabında bildirir ki, "əyləncə mədəniyyəti", o cümlədən ədəbiyyat, jurnalistika, siyasət və seksin şouya xidmət etdirilməsi bəşəriyyət üçün faciəyə çevrilə bilər.

Onun “La Civilización del Espectáculo” kitabı "Şou mədəniyyəti", yaxud "Əyləncə mədəniyyəti" kimi tərcümə edilə bilər.

ABŞ-ın "The Miami Herald" qəzetinin müxbiri telefonla kitabın məzmunu haqda aldığı müsahibədə ilk öncə ondan soruşub ki, "Əyləncənin nəyi pisdir?"

"Heç nəyi. Mən də əylənməkdən qalmamağın tərəfdarıyam" - deyə yazıçı Madriddəki evindən cavab verib:

"Amma əgər biz mədəniyyəti əylənməyin bir formasına, yaxşı vaxt keçirməyin yüngül bir vasitəsinə çeviririksə, onda mədəniyyət öz ənənəvi funksiyasını itirir. O funksiya ki normalda mütləq həqiqət kimi inandığımız şeylərə daim şübhəylə yanaşmağımıza kömək edən tənqidi yanaşmanı doğurur.

Vargas Llosa düşünür ki, oxucuları əyləndirmək üçün yaradılan "yüngül" ədəbiyyat bir sənət növü kimi ədəbiyyatı məhv edir.

Onun sözlərinə görə, indiki 140 işarəlik Twitter dünyasında yeni Lev Tolstoy, James Joyce, yaxud Jorge Luis Borges yetişə bilməz. Çünki İnternet insanların diqqət dairəsini məhdudlaşdırır və bir çoxları üçün kitab oxumağı getdikcə çətinləşdirir.

"Mən qətiyyən texnologiyanı, yaxud audio-visual ünsiyyəti tənqid etmirəm" - deyən yazıçı bununla yanaşı qeyd edir ki, monitora öyrəşən oxucu kütləsi böyük intellektual səylər göstərməyə meylli olmur, eləcə də kitab oxumağı darıxdırıcı iş sayır.

"Hətta seks də bayağı bir məşğuliyyətə dönüb, erotisizmdən məhrum olub və bu günün əyləncə mədəniyyətində bir növ idmana çevrilməkdədir" - deyə yazıçı bildirir.

İspaniyada bələdiyyələrin birinin məktəblərdə masturbasiya dərslərinin keçilməsi bağlı qərar verməsini xatırladan yazıçı deyir ki, müasir dünyada seks "öz mübhəmliyini itirir".

Llosa deyir ki, əgər seks müəyyən dozada mübhəmlik və özəl həyata aid olmaq xüsusiyyətlərinə malik olmasa, "bizi heyvani cinsi əlaqə dövrünə və seksin mədəni və insani forması olan erotisizmin mövcud olmadığı dövrlərə qaytara bilər".

Vargas Llosa hesab edir ki, siyasət də "ideyalar ətrafında debat olmaqdan çıxaraq daha çox şouya çevrilib".

Yazıçı əlavə edib ki, bü günün siyasi kampaniyalarında kütlələrin rəğbətini qazananlar "ən yaxşı ideyaların daşıyıcıları yox, ən yaxşı aktyorlar, insanları ən yaxşı əyləndirənlər, ən yaxşı klounlardır.

Llosa yeni kitabında WikiLeaks fenomenini bu günün jurnalistikasının deqradasiyası adlandırır.

Onun fikrincə, müasir dünyada ən ciddi qəzetlər də cəmiyyətdəki şayələrə, sənət və şou-biznes aləmindəki dedi-qodulara daha çox yer ayırmasalar, oxucu itirmək riski ilə üz-üzə qalarlar.

"WikiLeaks məqsədi məlumatlandırmaqdan daha çox əyləndirmək olan məsuliyyətsiz jurnalistika nümunəsidir" - deyə yazıçı bildirir.

Llosaya görə, medianın siyasətə aşağılayıcı münasibəti siyasətin dəyərdən salınmasına xidmət edir, bu isə demokratiya ənənələrinə ciddi təhlükə törədir.

Yazıçıya görə, əlbəttə, media hadisələrə tənqidi yanaşmaqda davam etməli, səhv olanı düzəltməyə çalışmalıdır, amma daha səhvdən sui-istifadə edərək "qalmaqal acı olan kütləni əyləndirməməlidir".

Llosaya görə, media üzərində sərt nəzarət mexanizmləri yaratmağın tərəfdarı deyil, amma bütün peşə sahiblərinin əldə rəhbər tutduğu bir etik kodeks olmalıdır.

Jurnalistikada da, maliyyə sektorunda da...

2008-ci ildə başlanan və indi də dünyanı silkələməkdə davam edən maliyyə böhranı da, onun fikrincə, belə etik çərçivələrin aşılmasının nəticəsi idi...

"The Miami Herald"a istinadla "Oxu zalı"

Günün bütün mövzuları

XS
SM
MD
LG