Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:01

Herman van Rompuy: «Sizin ölkəyə böyük inam, etibar bəslənib» [Video]


Avropa Birliyinin prezidenti Qarabağ üçün cəhdlərini davam etdirəcəklərini deyir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid
-
«Biz Avropa Birliyi olaraq Azərbaycanla əlaqələri dərinləşdirməkdə maraqlıyıq. İddialarımıza, məqsədlərimizə o zaman çatmaq mümkün olar ki, əlaqələrimizi regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması şəraitində yaratmış olaq».

Bakıda səfərdə olan Avropa Birliyinin prezidenti Herman van Rompuy Azərbaycan Dillər Universitetində çıxışı zamanı belə deyib.

Avropa Birliyinin prezidenti regionda təhlükəsizlik və sabitliyə nail olmağın zəruriliyindən, vətəndaş cəmiyyətinin demokratik inkişafa dəstək verməsinin əhəmiyyətindən danışıb:

«Bizim Şərq qonşularımızla münasibətlərimiz təkcə iqtisadi əməkdaşlıq üzərində qurulmayıb, biz vətəndaş cəmiyyətinə böyük önəm veririk. Vətəndaş cəmiyyətləri nə qədər çox fəal olarsa, demokratiyanın daha çox dərinləşdiyini görərik. Qarşılıqlı yoxlama prinsipi yarana bilər. Demokratik islahatların həyata keçirilməsi, insan hüquqları, qanunun aliliyinin təmin olunması Avropa Birliyi ilə əməkdaşlığın inkişafına da öz töhfəsini vermiş olar».

«HƏDƏ-QORXU MÜNAQİŞƏNİN HƏLLİNƏ GƏTİRİB ÇIXARMAYACAQ»

Herman van Rompuy qeyd edib ki, Avropa Birliyi islahatların davam etdirilməsi və dərinləşməsində Azərbaycana dəstək verir:

«Avropa Birliyi Azərbaycanın regionda artan roluna olduqca böyük əhəmiyyət verir. Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib. Bu da böyük məsuliyyət deməkdir, çünki sizin ölkəyə böyük inam, etibar bəslənib».

Çıxışının sonunda Herman van Rompuy Dağlıq Qarabağ probleminə də toxunub. Deyib ki, qonşular arasında təhlükəsizlik və sabitlik bərqərar olmasa, regionda tam iqtisadi və siyasi inkişafdan danışmaq olmaz:

«Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini davam etdirəcək. Bölgədə sabitlik yaranmayınca, bir çox planı həyata keçirmək mümkün olmayacaq. Avropa Birliyi hər iki tərəfi atəşkəsə riayət etməyə və münaqişəni alovlandırmaqdan çəkinməyə çağırır. Hədə-qorxunun səsləndirilməsi, gücün tətbiqi bu münaqişənin həllinə gətirib çıxarmayacaq».

Tədbirdə Herman van Rompuy'a Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib. Diplomu universitetin rektoru Səməd Seyidov təqdim edib.

AB PREZİDENTİ İLƏ GÖRÜŞƏNLƏRİN TƏƏSSÜRATLARI

Tədbirdə iştirak edən AXCP sədrinin müavini Razi Nurullayev AB prezidentinin siyasi partiya nümayəndələri ilə ayrıca görüşməməsindən narahatlığını bildirir:

«Bu, formal xarakterli bir görüş idi. Cənab Rompuy’un 10 dəqiqəlik çıxışına qulaq asmaq üçün toplanmışdıq. O, da öz mesajlarını verdi. Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşmasını, müxalifət fəallarının həbsdən azad olunmasını alqışladı».

Tədbirə qatılan iqtisadçı Zöhrab İsmayıl isə deyir ki, hər bir səfərin öz proqramı olur:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Assosiasiya müqaviləsi üzrə Azərbaycanla Avropa Birliyi arasında çox yaxından təmas var və müzakirələr gedir. Bu səfər daha çox həmin müqaviləyə hesablanıb. Görünür, daha çox hökumətlə danışmaq önəmlidir».

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Avropa Birliyi prezidentinin Azərbaycana səfəri bütün hallarda əhəmiyyətlidir. Onun fikrincə, Azərbaycan və Avropa Birliyini neft-qaz məsələsi birləşdirir:

«Azərbaycan hakimiyyəti istəyir ki, Avropa Birliyi ölkədə insan haqları pozuntularına mülayim yanaşsın, bunu səsləndirməsin, qabartmasın. Avropa Birliyi isə istəyir ki, Azərbaycan özünü abırlı aparsın, insan haqlarını bu cür açıq şəkildə pozmasın. Amma bu iki tərəfi birləşdirən əsas məsələ neft və qazdır. Avropaya neft lazımdır, qaz lazımdır. Geosiyasi məsələlər var. Amerika müttəfiqləri kimi, Avropa da İrana qarşı sanksiyalar tətbiq edib. Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya daşınması məsələsi də var».

Zərdüşt Əlizadənin fikrincə, AB-Azərbaycan münasibətlərində insan haqları 3-cü yerdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG