Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00

Məktəb direktorlarının işə qəbulu ilə bağlı imtahan keçiriləcək


Azərbaycanda ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahan keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, hazırda ölkə üzrə 30-dək məktəbdə vakant direktor yeri var və bu yerlər üçün namizədlər tərəfindən sənədlər təqdim edilib: «Vakant direktor yerlərin hamısı regionlar üzrədir. Bu yerlərin tutulması üçün yaxın vaxtlarda imtahan keçiriləcək».

F. Qədirov deyib ki, Azərbaycanda məktəb direktorlarının işə qəbulu artıq 3-cü ildir ki, yeni qaydada həyata keçirilir: «Məktəb direktorlarını Təhsil Nazirliyi təyin və vəzifədən azad edir. Onların namizədliyi rayon təhsil şöbələri tərəfindən irəli sürülür. Sənədlər Təhsil Nazirliyinə daxil olduqdan sonra araşdırılır. Tələblərə cavab verən namizədlər elektron imtahan verirlər».

Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində keçirilən imtahanda namizədlərə idarəetmə, təhsil qanunvericiliyi və informasiya kommunikasiya bacarıqları üzrə suallar təqdim edilir: «İmtahanları müvəffəqiyyətlə verən namizədlər üçün sonradan nazirin iştirakı ilə müsahibə təşkil edilir. Bundan sonra direktor təyinatı ilə bağlı qərar verilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG