Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34
-
"Dilavər Əzimli deyir rəhmətlik Rəsulzadə, rəhmətlik Ağaoğlu köhnəlib. Bəs təzə fikir nədir?"

"Səfəvilər dövründə rəsmi dil Farsca idi".

"Şah Abbasa məftunluq Fars irqçisində də var, bizim dostumuz Dilavər Əzimlidə də..."



Tarix professoru Nəsib Nəsibli “Oxu zalı”na göndərdiyi bu məqalə ilə Milli Elmlər Akademiyasının alimi Dilavər Əzimli ilə polemikaya girir. Səfəvi polemikası Güntay Gəncalpın "Səfəvilər" kitabının ("Qanun") çapından sonra başlanıb.


Nəsib Nəsibli


SƏFƏVİ MÜƏMMASI-2


(1-ci yazı burda)


Müzakirəyə çıxarılmış bu mövzu ilə bağlı ikinci yazımda Güntay Gəncalpın bəzi tezislərinə şübhələrimi, suallarımı, əks-tezislərimi yazmağı düşünürdüm.

Amma müzakirə başqa istiqamətə yönəldi/yönəldildi. Kitabın əsas ideyası unudulmaqda, müzakirələr bayağılaşmaqda, Şah İsmayıl Xətai şəxsiyyəti üstündə yoğunlaşmaqdadır.

Azad İnternet məkanının imkanlarından istifadə edən bir para taxma adlar aşağılamaları, təhqirlərı, qəzəbləri ilə meydan sulamaqdadırlar.

Bu yazımın məqsədi ünvanıma söylənmiş yersiz, əsassız ittihamlardan şikayətlənib, onlara cavab vermək deyil.

Bu, bəndəniz üçün təəccüblü deyil. Güney Azərbaycan haqqında yazanda dedilər “sənin yerin türmədir”, 80-ci illərin sonlarında Cümhuriyyət haqqında yazanda dedilər “başının bir gülləsi əskikdir”, Nərimanovun Azərbaycan istiqlalına münasibəti haqqında yazanda Qızılhacılı camaatı xəbər göndərdi ki, “gəlib nəslini kəsərik”, millətləşmə prosesində Şiəliyin rolu haqqında yazanda Rafiq Tağının taleyini xatırlatdılar...

Bir gün MM-də çıxışımda demişdim ki, millli qəhrəman kimi hələ də təbliğ olunan Qubalı Fətəli Xanın, Allah eşqinə, qəhrəmanlıqlarını doğru-dürüst sadalayın ki, biz də bilək.

Yüksək vəzifə sahiblərindən birisi, özü də professor dedi ki, “bizim bu rəsmi qəhrəmanlar olmasa belə, biz onları uydurmalıyıq.”

Bax, bu, prinsipial yanaşmadır, onun üstündə durmağa dəyər.

Birincisi, milli tariximizdə o qədər qəhrəman var ki, onları uydurmağa heç ehtiyac yoxdur.

Elə Fətəli Xanın oğlu Şeyxəli Xan. 1822-ci ildə ölümünədək əldə silah Rus işğalına qarşı vuruşub. Amma Azərbaycanın bu Şeyx Şamilinin adı rəsmi tarixçilikdə yoxdur.

Üstəgəl, keçmişimiz yalnız qəhrəmanlıqlardan ibarət olmayıb. Acı məğlubiyyətlər, aldanmalar nə qədər desən olub.

Yeri gəlmişkən, onlardan biri də cəngəvər, fədakar, qəhrəman Qızılbaşların acı məğlubiyyəti, Fars hiyləgərliyinin alətinə çevrilmələri olub.

İkincisi, Sovet dövründə bizə sırınmış saxta kimlik, bu sıradan təhrif edilmiş tarix konsepti bəzi tarixsevərlər üçün indi çox əziz olub. Ondan qopa bilmirlər.

Bizə sırınmış “azərbaycanlı” adı kimi. Heç sevmədiyim, amma acı həqiqət olan bir fikri burada təkrarlamaq istərdim. Bu fikir Amerikalı alim S. Enders Wimbusha məxsusdur. O hesab edir ki, bügünkü “azərbaycanlılar” dünyada analoqu olmayan xalqdır və yazır: “Bildiyim qədərincə, heç bir yabançı qüvvə başqa bir xalqa, hətta Navaholara [ABŞ-dakı qırmızı dərili toplumlardan biri] belə, bu qədər uğurla yad kimlik sırıya bilməmişdir.”(S. Enders Wimbush, The Politics of İdentity Change in Soviet Central Asia, Central Asian Survey, vol. 3, no 3, 1985, p.71.)

Bu yazının əsas məqsədi bir daha kitabın başlıca ideyalarına diqqəti çəkməkdir. Güntay Gəncalp hesab edir ki, Səfəvi dövləti teokratik rejim yaratdı; zor və kütləvi qətllərlə Şiəliyin yeganə rəsmi məzhəb olaraq sırınması tolerant dini-düşünsəl ortamı aradan apardı; bu hadisədən ən çox zərər çəkən Türklük oldu; Xomeyni rejiminin tarixi kökləri Səfəvilərə gedib çıxır; günümüz Türklərin İranda məzlum durumda qalmağının əsas səbəblərindən biri də məhz Səfəvilik düşüncəsidir.

Bu tezislərə qarşı müzakirə gedişində tutarlı əks-tezislər qoyulmadı, ya da hələlik qoyulmayıb. Amma tariximizin bu mühüm dövrünə maraq lazımınca dəyərləndirilməlidir. Bu, triumf, yoxsa tragediya dövrüdür? Məncə, orta olmayıb.

Son 10-15 ildə apardığım araşdırmaların nəticələri ilə kitabın əsas tezisləri üst-üstə düşdüyündən Güntay Gəncalpa bu zəhmətlərindən dolayı təşəkkür etməyi lazım bilmişdim. Səfəvi mövzusuna millət-dövlət nəzəriyyəsindən yanaşsaq nə alınır?

1. XVI-XVII yüzillərdə İngiltərə, Niderland, Fransa və qismən İsveçdə millət-dövlət quruculuğu prosesi başlandı. Bu dövrdə Martin Lüterin İncili Alamancaya çevirməsi (1522-42), Alman kilsəsinin (Lüteranlığın) yaranması, Alman ədəbiyyatının və təhsil sisteminin ortaya çıxması məlum tarixi faktlardır. Bundan sonra Avropanın başqa ölkələrində də millət quruculuğu (nation-building) sürəci başladı.


2. Maraqlıdır ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin (ölümü 1478) Quranı Türkcəyə çevirmək əmri verməsi bu hadisələrdən əvvəl başlamışdı. XV yüzil Azərbaycan və Anadoluda Türkcənin yayılmasının və inkişafının yeni dövrü idi. Bu dilin dövlət həyatında, ədəbiyyat və elmdə rolu artmışdı. Cahanşah Qaraqoyunlu, Uzun Həsənin oğlu Sultan Yaqub Farsca yanaşı Türkcə də şeirlər yazmışlar.

3. Qızılbaş tayfa başçılarının İsmayıl Səfəvini hakimiyyətə gətirmələri, Səfəvi teokratik-totalitar dövlətinin yaranması ilə Azərbaycanda da özünü göstərməkdə olan etnik konsolidasiya prosesinin ilkin bəlirtiləri yox oldu. Məzhəb ayırımının siyasi-hüquqi səviyyəyə çatdırılması Türklərlə Farsları “məzhəb qardaşı” yapdı, hakimiyyətin, ədəbiyyatın, fikir həyatının Farslaşması başladı; Şiəlik Türklərin kimliyini, ilk növbədə etnik kimliyini müəyyən etdi.

4. Şiəliyin yeganə məzhəb elan edilməsi Səfəvi dövləti xaricində qalanları “kafir” elan etdi. Türk dünyası, daha ümumi şəkildə İslam aləmi bölündü. Bu bölünməni aradan qaldırmaq cəhdləri (II İsmayıl, Nadir Şah) uğursuzluqla nəticələndi.

5. Hakimiyyətin legitimliyi (məşruluğu) prinsipi dəyişdi. Səfəvilərdən əvvəlki hakim sülalələr ali hakimiyyətə iddialarını Oğuz nəslindən, ya Çingiz Xandan gəlmələri ilə əsaslandırırdılarsa, Səfəvilər bu sistemi pozub, legitimliyi Musa Kazım nəslindən gəlmələrinə bağladılar.

6. Aralıqlarla 150 il davam edən Osmanlı-Səfəvi savaşları, özəlliklə Səfəvilərin savaşlar vaxtı “yandırılmış torpaq” taktikası Azərbaycanı xaraba qoydu. Paytaxtın Təbrizdən köçürülməsi Azərbaycanı imperiyanın metropoliyası statusundan məhrum etdi. Kütləvi köçürmə siyasəti və bir çox Türk boyunun məhv edilməsi Azərbaycanda və bütün İran coğrafiyasında Türk elementini zəiflətdi.

7. Fars etnik hərəkatı (əski Şüubiyyənin davamı) məzhəb təəssübkeşliyini körükləyərək, həm də hakim sülalələrin Fars kültürünə qayğısından faydalanaraq Fars etnik konsolidasiyasını durmadan gücləndirdi, Pəhləvi dövründə hakim millətə çevrildi, Xomeyni rejimində də bu statusu saxlamaqdadır.(Bu tezislərin açımı üçün, məsələn, mənim bu yazılarıma baxmaq olar: Osmanlı-Səfəvi savaşları və Azərbaycan, Azərbaycan tarixinin çağdaş problemləri, Bakı, 2000, s.230-246; Osmanlı-Safevi Savaşları, Mezhep Meselesi ve Azerbaycan, Türkler, İstanbul: Yeni Türkiye yayınları, 2002, s. 893-898; Azerbaycanın milli kimlik sorunu, Avrasya Dosyası, 2001, sayı 1, s. 132-159: Millətləşmə sürəcində şiəliyin yeri)

Beləliklə, bugünkü İranda Türklüyün məzlum durumunun səbəblərini aramaq istəsək, onun tarixi köklərinə varmaq məcburiyyətindəyik. Rəsmi tarixçiliyimiz bu suala cavab vermək iqtidarında deyil. Bizim tarixçilik Məlikməmməd nağıllarının toplusundan ibarətdir, milli şüurun “Biz kimik, haradan gəlib, haraya gedirik?” əsas sualına cavab verməyə qadir deyil. 1905-dən sonrakı milli intibah dövründə bu sahədə bəzi addımlar atıldı. Min təəssüf, Sovet rejimi bu addımların davam etməsinə imkan vermədi. Verə bilməzdi. Çünki keçmişini, deməli özünü dərk etmiş xalq onun üçün təhlükəli idi.

Sovet dövrünün rəsmi Azərbaycan tarixi bir sıra prinsipial məsələdə İranın rəsmi tarixçiliyinin təkrarıdır. Eynilə hər ikisində də Səlcuqlular “işğalçıdırlar”, Moğollar “böyük bədbəxtliklər gətirdilər”, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri “geridəqalmış əşirət dövlətləridir”, Səfəvilər Azərbaycan və İran tarixinin “ən parlaq dövrüdür” və s.

Bu arada müzakirəmiz üçün böyük önəmə malik olan keçmişə prinsipial münasibət məsələsini qısaca ələ alaq. Qürurverici haldır ki, bizim milli düşüncə tarixində tarixi sorğulamaq anlayışı olub. Hələ də yetərincə dəyərləndirə bilmədiyimiz böyük fikir Dilavər Əzimli

Dilavər Əzimli

adamımız Əhməd Ağaoğlu “həqiqi millətçilik” anlayışını müdafiə etmiş, keçmişi ideallaşdırmağın əleyhinə olmuş, tarixin öyrənilməsinin ondan dərs almaq üçün lazım olduğunu bildirmişdir. Məqalələrinin birində o yazırdı: “Gəlin açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə görəmi, öz əcdadlarının əməyi ilə yaradılmış bütöv, nəhəng orqanizmləri viran qoyduqlarına görəmi?... Əcdadlarımıza nəyə görə hörmət etməliyik? Zorakılıq qarşısında qorxub, geri çəkilmək ənənələrinə görəmi, bizim qüvvələrimizi hələ də korşaldan, bizi yaşamaq qabiliyyətindən tamamilə məhrum edən güclülərin qabağında kor-koranə, mənasızcasına baş əymək xasiyyətinin nəsildən-nəslə irsən keçməsinə görəmi?”( Каспий, 18 yanvar 1905).

Milli yüksəliş dövründə tarixi sorğulamaq başqa millətçilər üçün də xarakterikdir. Gənc publisist Üzeyir Hacıbəyli həmkarı Əhməd Ağaoğlu kimi milli naqisliklərin tarixi köklərinin olduğuna diqqəti çəkir, milli həyata gerçəkçi yanaşma tələb edir:”İçimizdə olan müxtəlif amillər, fəna rəftarlar, axırımıza çıxmağa qədər bizi bizar edən pis-pis hərəkətlər hamusu sələflərimizin adətləri imişlər ki, bu günə qədər içimizdə dəvam edüb, tərəqqi və təalimiz üçün böyük sədlərdir. Əgər sələflərimizin işlərinə dürüst diqqət edərsək, böylə bir nəticəyə gələrik ki, sələflərimiz bizi yox etmək, yer yüzündən götürmək istiyormuşlar.” (Üzeyir, Gələcəgi unutmiyalım, İrşad, 4 iyul 1906, N 156, s. 1.)

Böyük Türkçü Təbrizli Əli (1929 – 1998) məşhur “Ədəbiyyat və milliyyət” adlı kitabında irqçi müəlliflərə qızdığı kimi, Türk hökmdarlarının milli dil və ədəbiyyata biganəliyinə də içdən yanmışdır. “Şimaldan-cənuba, şərqdən-qərbə kimi böyük-böyük imperator[luq]lar quran”, “özgə millətlərə dil və milliyyət təhmil etməyən” Türk sülalərinin siyasətinin bədəlini (“cəriməsini”) çağdaş soydaşları ödəyirlər. Təbrizli Əli həmin Türk sülalələrini qınayır:”Qulluqlarında yüzlərcə balaca şahlar, hökumətlər, tarix yazanlar, ədiblər və şairlər, memarlar və təbiblər olan ata və babalarımız, gələcək nəsl üçün, yəni biz[lər] üçün heç bir gözəl milli miras, milli dil və ədəbiyyat, milli tarix qoymayıblar. Fəqət günün nəğd olan qüdrət və gücünə qane olub, zəmanı və dünyanı kiçik və qısa düşünüblər.” Orta yüzillərdə Türk eliti içində etnik təəssübün olmaması (Nəvai heyrətləndirici istisnalardan biridir ) XX yüzildə ağır sonuclar verdi. Təbrizli Əli yazır:”Vara və sərvətə, qüdrətə və gücə, yaxşı yeyib və içməyə, habelə ev bəzəklərinə və yüzlərcə belə şeylərə və işlərə qiymət və dəyər qoyulurdu, ancaq dilə, ədəbiyyata, milli fərhəngə, milli vicdana, özün və millətin tanımağa elə bir könül və əlaqə göstərilmirdi. Və indi budur ki, bugünkü nəslin əlində bir öylə milli fərhəng yoxdur, və olub qalan varsa da ya gözlərdən itkindir, və ya zaman pası və tozu ilə örtülüdür.” (Baxın)

Milli fikir tarixində Türk sülalələrinin Türklükdən, etnik bağlardan qopmasına da toxunulmuşdur. (Bu qopma osmanlı üçün də xarakterikdir; Türkiyə tarixçiləri bu barədə çox yazmışlar) Məsələn, Əhməd Ağaoğlu bu məsələni məqalələrində, özəlliklə “İran və inqilabı” adlı kitabında araşdırmış, böyük imperiyalar qurmuş bu sülalələr haqqında yazmışdır: “...əvvəldə biz onları öz dilinə sarılmış və öz adət-ənənələrinə bağlı görürük”, amma az sonra “hər yerdə Türk rəhbərlərini başqa lisanlara, başqa adətlərə qapılmış buluruq.” (Əhməd Ağaoğlu, İran və inqilabı, Bakı, 2009, s.26-29) Səbəb onlarda etnik şüurun deyil, mənsub olduğu tayfa/boy şüurunun olmasıdır. Odur ki, bunların sonuncusu Qacarlar, “soyundan uzaqlaşmış və mənən yıprandığından” tarixə çevrildi.(Baxın) Onlardan əvvəl Səfəvilər də eyni taleyi yaşamışdı. Yeri gəlmişkən, yaddaşıma həkk olunmuş kiçik bir hadisəni deyim. 1988-ci ildə İsfahanda işlərkən Səfəvilərin qalıqlarından olan mühəndis Əlireza Səfəviyə eyni millətdən olduğumuzu deyəndə çox acıqlı şəkildə mənə “Tork, Fars, yəni çe? Həmeye ma İraniyim” (Türk, Fars nədi? Hamımız İranlıyıq) demişdi.

Bir neçə kəlmə də Dr. Dilavər Əzimlinin mənim yazıma və mənə qarşı yönəlmiş fikirləri barədə (Taxma imzalı bəzi şəxslərin atmaca, ədəbsiz, eybəcər fikirlərinə münasibət bildirməyə dəyməz). Lap əvvəldən deyim ki, hörmətli tarixçi dostumuzun aşağıdakı fikirləri ilə icazə versə razı olmadığımı bildirim. Sırası ilə:

- “Bütün Şərq hökmdarları böyük Turanı yaratmaq arzusundaydılar.”

- “Çaldıran Türk hərb tarixinin ən parlaq zirvəsi idi.”

- “Baxın, bütün orta əsrlərdə Avropada nə qədər mühüribələr baş verib. Heç onlar o müharibələrin adını çəkmirlər.”

- “Şah I Abbas böyük bir imperiyanın rəhbəri idi. Ordunu Avropa sistemi əsasında formalaşdırırdı. O zamanlar Osmanlı imperiyası da bu sistemdən istifadə edirdi. Yeniçərilər kim idi? Bəlkə Türk balaları idilər.”

- “O zaman erməni nə gəzirdi. Onlar xristian əhalisi idi. Biz hələ də Ərməniyyə məsələsinə aydınlıq gətirməmişik. Ona görə də erməni yazırsınız.”

- “Nəinki Azərbaycan, eyni zamanda Dünya tarixinə qüdrətli bir şəxsiyyət kimi daxil olan Şah I Abbas bizim tarixşünaslığımızda hələ də öz qiymətini almamışdır.”

- “Səfəvilər imperiyasının dənizə çıxışını təmin etmək istəyən Şah I Abbas paytaxtı da İran körfəzinə yaxın olan İsfahana köçürdü. Onun atdığı bu addım indi də bizim tarixşünaslığımızda düzgün olaraq qiymətləndirilmir və bu addımdan ona qarşı istifadə edirlər. Əvvala, başa düşmək lazımdır ki, istər Səfəvilər imperiyası, istərsə də ondan sonrakı hakimiyyətlər, o cümlədən Qacarlar dönəmində Təbriz həmişə ölkənin mərkəzi şəhəri sayılıb.”

- “Şah I Abbasın paytaxtı İsfahana köçürməsində heç bir şəxsi maraqdan söhbət gedə bilməzdi. Şah I Abbasın başlıca məqsədi İran körfəzi ticarətinə çıxışı əldə etmək idi. Çünki Dünya ticarət sistemində böyük dəyişikliklər baş vermiş və okean ticarəti daha böyük önəm kəsb edirdi. İsfahanın İran körfəzinə yaxınlığını nəzərə alsaq, onun addımına yalnız haqq qazandırmaq mümkündür.”


Şah Abbas Şərq miniatüründə

Şah Abbas Şərq miniatüründə

- “Şah I Abbas türkçülüyə olduqca bağlı bir şəxs idi və özünü Türk dünyasının böyük imperatoru sayırdı.”

- “Bir məsələni də unutmaq lazım deyildir ki, paytaxtın dəyişdirilməsi dövlətin və ya imperiyanın mahiyyəti dəyişmir. Şah I Abbas həm də böyük bir nəslin davamçısıydı və həmin nəslin ənənələrinə sadiq idi. Həmin ənənələrdən kənara çıxmaqsa qeyri-mümkün idi. Bu ənənələr müxtəlif formalarda XX əsrin əvvəllərinə qədər davam etmişdi. Bu ənənələrin daşıyıcılarının ən ali məqsədi Azərbaycan imperiyasını yaradıb, ona xidmət etmək idi.”

- “İran deyəndə bu gün təsəvvürümüzdə canlanan fars dövləti nəzərdə tutulmur. Böyük türk imperatorları Azərbaycan əraziləri kimi, İranı da həmişə öz əraziləri sayıblar. Çünki İranın altı minillik tarixi vardır. Bir həqiqəti də qəbul etmək lazımdır ki, İran kəlməsinin özü qədim mənbələrdə əksini tapmır.”

- “IX əsrə qədər heç bir ərəb mənbəsində İran kəlməsi yoxdur. Ərazi sülalələrin adı ilə adlandırılmışdır. İran kəlməsinin farslarla da bağlılığı yoxdur. Bu ad sonradan onlara şamil olunmuşdur.”

- “O zaman atılan bütün addımlar dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Təbii ki, sözə baxmayan tayfalar cəzalandırılmalıydı. Biz vaxtilə onun kimi hərəkət etsəydik, bəlkə də Surət Hüseynov, Əlikram Hümbətovun qabağindan qaçmazdıq. Bir də Şah I Abbas onu etməsəydi, bəlkə də bu gün Naxçıvan da ermənilərin əlinə keçəcəkdi.”

- “Bu təriqətlər içərsində «Səfəviyyə» təriqəti xüsusi olaraq seçilmiş, məhz bu təriqətin bazasında sonralar meydana çıxmış «Qızılbaşlıq» hərbi-siyasi-dini (sufi) doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi sekulyar dəyərlərə söykənən bir dövlət qurulmuşdur.”

- “«Səfəviyyə» təriqətinin yaranması və həmin təriqətin yaradıcılarının amal və məqsədlərini diqqətə çatdırmaq lazımdır. Qabaqcadan bildirək ki, bu təriqəti yaradanların başlıca amalı siyasiydi, yəni gələcəkdə Azərbaycan dövlətini ərsəyə gətirmək onların ən böyük məqsədiydi.”

- “«qızılbaşlıq» tarixi göstərir ki, onun mərkəzində dayanan başlıca faktor türkçülük və qədim türk inanclarıdır.”

- “Şah İsmayıl dövrü. Bu dövrdə mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradılır və onun idarəçiliyi sufilərin əlinə keçir. Sufi dəyərləri bəllidir ki, sekulyar dəyərlərdir. Ona görə də bu dövləti sekulyar dəyərlərə malik dövlət adlandırmaq mümkündür. Həm də unutmayaq ki, bu dövrdə dövlətin qayəsində türkçülük ənənələri dayanırdı.”

- “Xürrəmilərin ideologiyası ilə qızılbaşların ideologiyası arasında təkcə yaxınlıq deyil, ümumiyyətlə bu ideologiyaların ən qədim zamanlardan türk sistemindən gəlmələri özünü göstərirdi. Hər iki ideologiyanın kökündə Türk sistemi dayanırdı.”

- “Şah I İsmayıl zamanında bir inanc axını olan «Qızılbaşlıq» Anadoluda da geniş yayıldı.”

- “Qızılbaşlıq isə «Səfəviyyə» sisteminin ən uca zirvəsiydi ki, özündən öncəki bütün türkçülük ənənələrini tərkibində birləşdirmişdi.”

- “1936-cı ildə İran siyasi termin kimi gündəmə gəldi. Buna qədər həmin ərazilərdə olan dövlətləri İran dövləti adlandırmaq hansı məntiqə sığır?”

- “Siz deyə bilərsinizmi ki, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin yazı dili hansı dil idi?
Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə

Və yaxud Atabəylər dövlətinin yazı dili hansı dil idi? Səlcuqların yazı dili hansı dil idi? Osmanlı imperiyasının yazı dili hansı dil idi? Azərbaycan Səfəvilər dövlətinin dili hansı dil idi? Unutmusunuzsa, yadınıza salaq: Səfəvilər dövlətinin rəsmi dili Türk dili idi. Onda necə olur ki, o biri dövlətlər İran dövlətçiliyinə yad hadisə, Səfəvilər isə məhrəm sayılır. Hətta bir az da qabağa gedib Səfəviləri az qala Sasanilərlə eyniləşdirirsiniz. Yadınıza salaq ki, Sasanilər fars dövləti deyil.”

- “Azərbaycan yalnız Səfəvilər zamanı bütövləşdi. Bu dövlət mənbələrdə “Dövləti Qızılbaşiyə” və yaxud “Dövləti Azərbaycan” adlanır. Azərbaycan nə ondan əvvəl, nə də sonra bütövləşməyib.”


Dr. Əzimlinin sıraladığımız bu tezislərini niyə yanlış saydığımızı, ya da onlara şübhə ilə yanaşdığımızı bu yazıda izah etmək imkanımız yoxdur. Yalnız bir-iki məsələyə münasibətimizi bildirək, bundan artıq oxucunu yormayaq.

Dilavər bəy mənim kiçik yazımı tərsinə oxuyub. Deyir, “məqaləm Çaldırandan başlanır.” Yanlışdır, bir də oxusun. Orada bir dəfə belə “Çaldıran” sözü və bəhsi keçmir. Dilavər Əzimli özünə məxsus fikri opponentə aid edib, onu tənqid etmək istəyir. Bu, yanlış araşdırma texnologiyası deyil, əxlaq məsələsidir. Dilavər Əzimli kitabın müəllifini də, bəndənizi də mövzunu ifrat müasirləşdirməkdə ittiham edir. Tam tərsinə! Güntay Gəncalpın kitabı da, bəndənizin kiçik yazısı da obyektiv olmağa çağırışdır. Bizim dostlarımız isə görmək istədiklərini XVI əsrə, 13-14 yaşlı balaca uşağa aid edirlər (“Şah İsmayıl qüdrətli imperiya yaratdı.”).

Şüubiyyə məsələsi barədə. Bu, göründüyü kimi, sadə məsələ deyil. Qısaca şərh etməyə çalışaq. İndiki İran coğrafiyasında ali hakimiyyət uğrunda Türk-Fars mübarizəsi yüzillərlə davam etmiş, Şahnamə, Şüubiyyəni də içinə alan Fars etnik hərəkatı sonda qalib gəldi.(Məsələn, baxın) İndi də Türklüyü aşağılayır, ona rişxəndlə “eşşək Türk” deməkdədir. Güntay Gəncalpın kitabı bunun tarixi köklərini ortaya qoymaq, bunu anlamaq üçün bir vasitədir.

Biz birinci rəyimizdə yazmışdıq ki, Səfəvi mövzusu yeni məsələ deyil. Əvvəllər də müzakirə edilib. Sovet dövründə ona tabu qoyuldu. Səfəviliyin nəticələrinin aradan qaldırılması sahəsində II İsmayılın, Nadir Şahın fəaliyyətləri haqqında, Qacarların Şiə ruhanilərinə münasibəti barədə yazmışdıq. Təhrif etməmişik ki? Əhməd Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin müzakirə olunan məsələ ilə bağlı fikirlərini misal gətirmişdik. Hörmətli opponentlər yazsınlar görək, burada nə təhrif var? Ya da sübut etsinlər ki, II ismayıl, Nadir Şah səhv ediblər, Ağaoğlu, Rəsulzadə, Sabir, Nərimanov, Cavid... bu mövzuda yanlışlığa yol veriblər.

Dilavər Əzimli deyir rəhmətlik Rəsulzadə, rəhmətlik Ağaoğlu köhnəlib. Bəs təzə fikir nədir? Onlar geriliyimizin, naqisliklərimizin və nəhayət Farsın əlində oyuncaq olmağımızın nədənlərini Fars kültürünə ifrat bağlılıq, Şiəliyə fanatikcəsinə vurğunluq, bir sözlə, etnik/milli şüurumuzun yıpranması ilə izah edirdilər. Rəsmi tarixçilik, eləcə də onun aqressiv adepti Dilavər Əzimli bunu nə ilə izah edir? 1960-cı illərin üçcildliyini, ya 80-ci illərin yeddicildliyini ələk-vələk edin, cavab tapa bilməyəcəksiniz. Güntay Gəncalp bu səbəbləri müəyyən etməyə çalışır. Pis iş görür?

Səfəvi sarayında, orduda, küçədə, bazarda... Türk dilinin işlədilməsi həqiqətdir. Danışıldı, uçdu havaya, nəticədə Təbrizli Əli demişkən, bu ğün əlimizdə tutarlı bir şey yoxdur. Bu gün də İranda evdə-eşikdə, küçə-bazarda da danışılır. Rza Pəhləvi evdə arvadı ilə Türkcə danışıbmış, Türkiyə səfərində Atatürklə Türkcə danışıbmış. Xamnei də evdə, hətta ictimai yerlərdə ara-sıra Türkcə danışır. Şəxsən bəndənizlə Türkcə danışıb. Amma İİR-in rəsmi dili Farscadır. Bizim dediyimiz yazı dilidir. Budur qalıcı olan. Məhz yazı dili “rəsmi dil” sayılır. Təəssüflər olsun, Dilavər bəyin saydığı dövrlərin hamısında, bu sıradan Səfəvilər dövründə rəsmi dil Farsca idi.

Dilavər Əzimli deyir Sovet dövrü rəsmi konseptinə toxunmayın, dünya dağıla bilər. Onun iddiasına görə milli tariximizdə heç bir yanlışlıq olmayıb, keçmişimizdə hər şey ideal olub. Onda bizim bugünkü Quzeyli-Güneyli problemlərimiz haradan çıxdı? Ancaq Güntay Gəncalp bugünkü Güneyin Farsın əlində əsir-yesir vəziyyətində qalmasının tarixi köklərini axtarmağı təklif edir.

Şah Abbasa məftunluq Fars irqçisində də var, bizim dostumuz Dilavər Əzimlidə də. Hansı haqlıdır? “Fars irqçisi qələt edir” – də deyə bilərik. Etsin, ancaq bu, sualdan qaçmaq olardı.

İki cür tarixçilik var. Birisi emosinal tarixçilikdir, milli azadlıq hərəkatları və millət quruculuğu dövrlərində populyar olur. İnsanlarda gələcəyə ümid yaratmaq üçün möhtəşəm tarixi keçmişin möhtəşəm olayları qabardılır. Daha çox bu, yazıçı və publisistlərin əsərlərində görünür. O biri rasional tarixçilikdir. Bu, professionallıq, ciddiyyət tələb edən işdir. Güntay Gəncalpın bu kitabı professional görünməyə bilər, onlarla üslub, qramer, başqa tipli səhvlər var. Ancaq çox ciddi məsələyə çox ciddi yanaşma ortaya qoymuşdur. Dövlətsiz, hətta vətənsiz qalmış bir Güneyli qardaşımızın illərlə içində gəzdirdiyi və əzab verdiyi suallara cavab axtarmaq cəhdinə belə qəddar yanaşmaq olmaz. Dilavər Əzimli tariximiz haqqında yazdıqlarını heç olmasa onun işlədiyi şöbəyə müzakirəyə verməyi tələb edir. Bu, artıq orta əsrlər, lap elə XVI yüzil psixologiyasıdır.

Sağa-sola saldırmaqla, yumruq qıcamaqla, təkəbbürlü pozada onu-bunu aşağılamaqla doğru olduğuna inandıra bilməzsən. Bunun yolu səbirdir, dəlil gətirməkdir, nəhayət etik-mədəni qaydaların əlifbasına əməl etməkdir. Əski Latınlarda bəlli bir məntiq vardı:”Qəzəblisən, deməli haqlı deyilsən.” Günümüzün Qızılbaşları, ya Səfəvi müridləri mövqelərini müdafiə etmək istəyirlərsə, buyursunlar, onların haqqıdır, ancaq şər-iftira atmasınlar. Dilavər Əzimli rəyində yazır: “Bu təbliğatın haradan qaynaqlandığını dəqiq bilməsək də, bunun arxasında müəyyən qüvvələrin dayandığı hiss olunur.” Tam yanlış, paranoik bir nalədir. Dilavər bəy və dostları rahat olsunlar, Səfəvi müəmmasını çözməyə çalışan əski fikir və əməl böyüklərimiz də, indi bu mövzuda rəsmi baxışdan fərqli fikir irəli sürənlər də Səfəvilərə qarşı “təbliğat aparmamışlar”, daha doğrusu, apara bilməzlər. Çünki Səfəvilər yoxdurlar həyatda. Bu “təbliğatın arxasında müəyyən qüvvələrin dayandığı” haqda səfsətə fikir isə elm adamının ağzından çıxmamalıdır.

Dilavər Əzimli və dostlarının məni məzhəbçilikdə ittiham etməsi də yanlışdır. Bəndəniz üçün məzhəb fərqinin önəmi yoxdur. Məzhəb hər bir Müsəlmanın şəxsi işidir, onlardan birinə rəsmi status verib, başqasını aşağılamaq, bax, budur bölücülük. Soruşmaq gərək: Hz. Peyğəmbər Şiə idi, yoxsa Sünnü?

Sovet dövründən qalma rəsmi konseptin tərəfdarları hazır olsunlar. Bundan sonra da rəsmi tarixçiliyin anti-milli tezislərini çürüdən yeni-yeni fikirlərə şahidlik etmək məcburiyyətində qalacaqlar. Onlar coğrafiyaya dayalı rəsmi tarixçiliyin yerinə milli tariximizin əski Türk tarixi ilə başlanmasını gördüklərində qəzəblənməsinlər. Deyək ki, Elxanlılar dövrü tariximiz Rusların “monqolo-tatarskoe iqo” konseptinə uyğun olaraq tamamilə səhv şərh olunur, yeni konsept irəli sürülsə qızmasınlar. Deyək ki, Axundovla bağlı fərqli fikirlər ortaya çıxanda özlərini itirməsinlər. Sonda ünlü bir Qərb tarixçisinin faydalı bir fikrini xatırlatmaq istərdim: “Tarixin bilinməsi gələcəyi düşünmək üçün lazımdır... İnsan keçmişini nə qədər yaxşı tanıyırsa, bir o qədər az onun köləsi olur.” (Leon E. Halkin, Tarih Tenkidinin Unsurları, çeviren bahaeddin Yediyıldız, Ankara: TTK basımevi, 2000)

Son söz olaraq Oxu zalına bu müzakirəni təşkil etdiklərinə görə bir daha təşəkkürlərimi bildirmək istərdim. Eyni zamanda xatırlatmaq istərdim ki, ədəb qaydalarını pozan adamların ədəbsiz replikaları bu müzakirələrin konsruktiv getməsini önləyəcək. Halbuki bizim təmkinli, soyuqqanlı elmi müzakirələrə ehtiyacımız var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG