Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:25
“Mətn öz müəllifindən daha ağıllıdır. Bəzən mətndə müəllifin ağlına gəlməyən ideyalar yata bilər.

Mətni başqa bir dilə çevirən tərcüməçi həmin yeni ideyaları aşkar edir və onları sizə çatdırır”.



Dünyaca məşhur italyan yazıçısı, intellektualı Umberto Eco-nun 2008-ci ildə ABŞ-ın “Paris review” jurnalına verdiyi müsahibədə tərcümə ilə bağlı məqamlar.


- Mən saysız-hesabsız tərcümələr redaktə etmişəm, özüm də iki əsər çevirmişəm. Romanlarım onlarla dilə tərcümə edilib. Belə bir qənaətə gəlmişəm ki, hər bir tərcümə bir sövdələşmə aktıdır. Sən mənə bir şey satırsansa, mən də onu alıramsa, demək biz sövdələşmə aparırıq – mən də nəsə itirirəm, sən də, amma axırda, hər ikimiz bu sövdələşmədən az, ya çox razı qalırıq. Tərcümədə üslub deyəndə leksikondan daha çox ritm anlaşılmalıdır. Sözləri “Altavista” veb-saytı vasitəsilə də çevirmək olar. Tədqiqatçılar XIX əsr İtaliya ədəbiyyatının nümayəndəsi Manzoninin şedevri olan “Nişanlı”da tez-tez işlənən sözlərlə bağlı eksperiment keçiriblər. Manzoninin söz ehtiyatı olduqca kasıb idi, heç bir yeni obraz yaratmamışdı, “yaxşı” sözünü də dəhşətli dərəcədə çox işlədirdi. Amma onun üslubu geniş şöhrət tapıb, təmiz və sadədir. Bütün dəyərli tərcümələrdə olduğu kimi Manzoninin əsərini də çevirmək üçün sən onun sözlərinin ruhunu, nəfəsini duymalı, dəqiq tempini tutmalısan.

JURNALİST

Əsərlərinizin tərcüməsində nə dərəcədə iştirak edirsiz?

ECO

Bildiyim bütün dillərdəki tərcümələri oxuyuram. Bu tərcümələrdən adətən məmnun qalıram. Çünki tərcüməçilərlə birgə çalışıram. Üstəlik də həyatım boyu eyni tərcüməçilərlə işlədiyimə görə bu məsələdə bəxtim gətirib. Hal-hazırda biz bir növ qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq edirik. Yeri gələndə yapon, rus və macar kimi bilmədiyim dillər üzrə tərcüməçilərlə də birgə çalışıram. Çünki onlar o dərəcədə ağıllıdır ki, öz dillərinə tərcümə zamanı yaranan problemin nədən ibarət olduğunu izah edə bilirlər. Və biz problemin həlli yolunu birgə müzakirə edirik.

JURNALİST

Heç olurmu, yaxşı tərcüməçi elə bir təklif versin ki, bu, mətndə yeni imkanlar açsın? Elə imkanlar ki, onları heç siz özünüz də orijinal mətndə görməmisiz.

ECO

Bəli, olur. Yenə deyirəm, mətn öz müəllifindən daha ağıllıdır. Bəzən mətndə müəllifin ağlına gəlməyən ideyalar da yata bilər. Mətni başqa bir dilə çevirən tərcüməçi həmin yeni ideyaları aşkar edir və onları sizə çatdırır.

Ingiliscədən çevirən: Sayalı A.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG