Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:06

Qəzalı yataqxanada yaşayanlar


Yataqxanada Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının yataqxanası

Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının yataqxanası

yaşayanlar köçürülmələri barədə 9 ildir gözlədikləri xəbəri bu ilin mayında alıblar. Söhbət Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının 4 nömrəli yataqxanasında yaşayanlardan gedir.

Ancaq yeni binaya köçürülmək xəbəri təkcə 80 ailəni sevindirə bilib. Digər 80 ailə isə hələ də Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı kimi qiymətləndirilən yataqxanada yaşayır.

YARI KÖÇMÜŞ YATAQXANA SAKİNLƏRİ

Toxuculuq kombinatının yataqxanasına yaxınlaşdıqca, mənzillərin bəzisində yaşayışın olmadığı pəncərələrdən də görünürdü. Sakinləri köçürülmüş mənzillərin pəncərə və divarları uçurulmuş vəziyyətdə idi. Pilləkənləri uçqun binanın döşəməsində hər addımdaca ayağın altında beton parçaları tərpənirdi. Döşəməyə yamaq vurulmuş taxta parçaları üzərindən keçərək ümumi mətbəxə girdikdə isə, yuxarı mərtəbələrdən süzülüb gələn suların tavanı, divarları yuduğu görünürdü.

Köçürülmüş evlərdə qapı da olmadığından küləyin daş, şüşə ovuntularını digər evlərə, mətbəxə vurmasının qarşısını almaq üçün sakinlər o evlərə pərdə çəkiblər. Eyvanların betonu isə əvvəldən bir neçə dəfə qırıldığından sakinlər eyvanlara nə özləri çıxır, nə də uşaqlarını qoyurlar.

Yataqxana sakinləri Anar MəmmədovQumaş Qasımova deyir ki, yataqxanada qorxa-qorxa yaşayırlar:

«KRISA» STOLUN ÜSTÜNDƏN YEMƏYİ GÖTÜRÜB QAÇIR

««Kuxna»da yemək bişirmək olmur, su yeməyin içinə, uşağın üstünə damır. Uşaq çölə çıxa bilmir, qorxuruq beton tökülər. Yaşayış deyil».
«Dedim sökməyin, külək olanda zibil başımıza gəlir. «Krısa» stolun üstündən yeməyi götürüb qaçır. Uşaqları qoruyuruq ki, gəlib uşağın qulağını, ayağını dişləyib getməsin».

Bircəgül Cavadova

Bircəgül Cavadova

Yataqxanadan yeni evə köçürülmüş Aygün Baxşıyeva deyir ki, Hacıbala Abutalıbov yataqxanaya gələndə darısqallığı görüb və deyib ki, bura genişlənməlidir, bina çox yüklənib:

«Həm də darısqal idi, balaca otaqlar idi. Bu gün-sabah qız köçəcək, oğlan evlənəcək. Ona görə də sağ olsunlar, gəlib tədbir gördülər. 80 nəfəri yerləşdirdirlər, 80 nəfəri də deyirlər yerləşdirəcəklər».

1985-ci ildən toxuculuq kombinatında işləyən yataqxana sakini Bircəgül Cavadova isə deyir ki, 2003-cü ildə yataqxananın balkonunun uçması nəticəsində 1 nəfər həyətə düşüb. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov yataqxanaya gələrək sakinlərə söz verib ki, onlar üçün torpaq sahəsi ayrılacaq və yeni bina tikiləcək. 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sakinlərə bina tikintisi üçün Xətai rayonun Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi küçədə 40 sot torpaq ayrılıb. 2012-ci ilin mayında isə binanı tikən «Ümid» MTK o binaların sakinlərinin yarısını köçürüb:

80 AİLƏ KÖÇDÜ, 80-İ QALDI

«Sonra «Baksovet» bu işi necə həll etdisə, 80 ailə köçdü, 80-i qaldı. İndi bizi heç kəs eşitmir. Deyirlər sizə torpaq verilib, ev tikilib. Orada 230 ev var, iki sarı binadır. 10 sot torpaqda tikilib, 30 sot da onlara pay qalıb. Deyirik bizi niyə köçürmürsüz, deyirlər «Baksovet»dən nə vaxt sərəncam gələr ki, köçürün, köçürərik. «Baksovet» isə bizi yaxına buraxmır».

Bircəgül Cavadova deyir ki, o və ondan da əvvəl kombinatda işləmiş sakinlər qala-qala başqa sakinlər yeni binalara köçürülüb:
Yeni bina

Yeni bina


«Buradan köçürülənlərin içində qaçqın da köçüb, hətta eləsi olub ki, anadan olanda, mən dünyaya gəldiyi üçün «podarka» vermişəm. Elələri də köçdü, amma biz köçmədik».

Yataqxanada yaşayan Güldanə Zalıyeva deyir ki, ailələrin yarısı yeni tikilən binaya köçürülüb yarısı qalsa da, o ərazidəki torpaq sahəsi 160 ailənin hamısınındır.

KÖÇÜRÜLMƏ PÜŞKATMA İLƏ OLUB

«Ümid» MTK-nın sədri Mahir Quliyev deyir ki, yeni binaya köçürülən sakinlərin siyahısını onlara Bakı şəhər İcra Hakimiyyəti verib və siyahı püşkatma əsasında müəyyənləşib:

««Ümid» MTK özü həmin yataqxana sakinləri tərəfindən yaradılıb. Sakinlər arasında püşk də atılıb. Kimlərin ora köçürülməsinə dair püşk də BŞİH nümayəndələrinin iştirakı ilə atılıb. Bizdə olan sərəncamda həmin 80 nəfərin adı olub. Biz də o sənədi yerinə yetirmişik».

Yataqxanada yaşayanlar iyunun əvvəlində Bakı şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirərək yolu kəsmək istəyiblər. Bu zaman BŞİH-dən onlara bildirilib ki, qalan 80 ailə kirayə çıxarıla və yataqxana təmir edildikdən sonra yenidən oraya köçürülə bilərlər.

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Sahib Məmmədov deyir ki, həmin yataqxana 1979-cu ildə inşa olunub. Sahib Məmmədov

Sahib Məmmədov

H.Z.Tağıyev adına toxuculuq kombinatı fəaliyyətini dayandırdıqdan sonra yataqxana BŞİH-in balansına verilib:

MƏSULİYYƏT İCRA HAKİMİYYƏTİNİN ÜZƏRİNDƏDİR

«Köçürülmə mərhələ-mərhələ olub – ailələrdən 1-dən 80-ə kimi gediblər, 80-dən 160-a qədər sonra gedəcək. Yarısı yerləşdirilibsə, yarısı da yerləşdiriləcək».

Sahib Məmmədov bu məsələnin 2012-ci ilin sonuna kimi həll ediləcəyini bildirir.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, kombinatın yataqxanasının qəzalı vəziyyətdə olması barədə qərardan 9 il keçib. Hələ də sakinlərin yarısının köçürülüb yarısının qalması onların həyatına təhlükə yaradır. Nəsə olsa, məsuliyyət birbaşa icra hakimiyyətinin üzərinə düşəcək:

«Binanın tikilməsi çox normal və yaxşı bir haldır, amma bu halın davamı gəlməlidir, qanun sonacan icra olunmalıdır. Çünki insanların mənzil, yaşama hüququ var. Dövlətin, hökumətin borcudur ki, bu hüququ təmin etsin. Həmin insanların bir hissəsinin bu hüququnu təmin edib, digərlərini diskriminasiya etmək heç də icra hakimiyyəti, hökumət üçün düzgün atılmış addım deyil».

İqtisadçı qeyd edir ki, püşkatma ilə yalnız kimin hansı mərtəbə və mənzildə yaşayacağı müəyyənləşə bilər. Püşkatma ilə kimin mənzil hüququnun olub, kiminin olmamağı absurddur.

Şərhləri göstər

XS
SM
MD
LG