Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

Prezident 17 yaşadək qadınlar arasında futbol çempionatı barədə sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsini təmin etmək haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

1. Nazirlər Kabineti çempionatın final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza qaydalarının sadələşdirilməsi barədə təkliflərini 10 gün müddətində Azərbaycan prezidentinə təqdim etsin.

2. Milli Təhlükəsizlik , Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirləri görsün.

3. Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycana gələcək Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, FİFA nümayəndə heyətinin üzvlərinin, FİFA konfederasiyaları və FİFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionat və çempionat tədbirləri ilə bağlı Azərbaycana gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etsin.

4. Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görülməsini təmin etsin.

5. Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı FİFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etsin.
6. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsün.

7. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etsin.
8. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı FİFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etsin.

9. Nazirlər Kabineti sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Çempionat sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG