Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsindən niyə çıxdı?


Vladimir Socor

Vladimir Socor

İyunun 28-də Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını bəyan edib. Bu addımın səbəbləri, onun regionda olan qüvvələr nisbətinə mümkün təsirini öyrənmək üçün Vaşinqtondakı Ceymstaun Fondunun MDB ölkələri üzrə tədqiqatçısı Vladimir Socor’la söhbət edirik.

- Özbəkistanın KTMT-dən çıxmaq qərarı Rusiya və qurumun özü üçün nə anlama gəlir?

- Şübhəsiz ki, bu, Orta Asiyada Rusiyanın nüfuzuna zərbədir. Ancaq bunu ruslar rahatca qəbul edəcəklər. Çünki daha öncə də onlar Özbəkistan və başqalarından bu cür hərəkətləri həzm ediblər. Onlar belə şeylərə alışıqdırlar. Ancaq Özbəkistanın bu hərəkəti bir daha göstərir ki, KTMT real təşkilat deyil. Bu, Moskvanın qurumun Qərb dövlətləri tərəfindən real qüvvə kimi tanıması cəhdlərinə də mənfi təsir edəcək. Üstəlik, bu addım o biri Orta Asiya dövlətlərinə də göstərir ki, KTMT əslində lazımsız bir qurumdur.

- Amma Özbəkistan bir dəfə də təşkilatdan çıxmışdı, sonra geri döndü.

- Özbəkistan ilk dəfə 1999-cu ildə KTMT-dən çıxmışdı. Sonra geri qayıtdı, amma heç vaxt fəal üzvü olmayıb. Əslində, bu təşkilatın simvolik olmasından irəli gəlir. Təşkilat Rusiyanın yenidən güc mərkəzinə çevrilməsi və bir blokun lideri olmaq ambisiyaları üçün yaradılıb. Rusiya təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müqavilələrə malikdir. Bu, sanki keçmiş sosialist ölkələrinin yaratdığı Varşava Paktı kimi bir qurumdur. Hər bir üzvün Rusiya ilə təhlükəsizlik sahəsində ikitərəfli münasibətləri var, ancaq bir-biri ilə yox. Sanki mərkəzi Moskva olan, Moskvanın ətrafında dönən bir çarxdan söhbət gedir.

- Bəs təşkilatın üzvlərinin belə bir quruma üzv olmaqda marağı nədir?

KTMT-yə üzv ölkələrin sammiti, 2011

KTMT-yə üzv ölkələrin sammiti, 2011

- Rusiya KTMT üzvlərinə maya dəyərinə ucuz silah verir. Bu qiymətlərə silah satmaqdan rusiyalı istehsalçılar heç nə udmur. Yeganə cəlbedicilik də elə bundadır. ​Ancaq məsələ bundadır ki, söhbət çox kiçik partiyalardan gedir, hansısa kiçik hərbi birləşmələr üçün alınan silahlardır bunlar. Bu birləşmələr də bir qayda olaraq KTMT-nin təşkil etdiyi təlimlərdə iştirak edən birliklər olur. Yəni, təlimə qatılan birliklərin silahlarını Rusiya ucuz qiymətə verir. Yeganə istisna Ermənistandır. Rusiya Ermənistanın bütün silahlı qüvvələrinə bu şərtlərlə silah verir.

- Təşkilat rusların özünə nəyə lazımdır?

- Rusiya və təşkilat üzvləri qurumun NATO, o cümlədən ABŞ tərəfindən tanınmasını istəyir. Ancaq heç bir Qərb dövləti onları blok olaraq qəbul etmir. Yəni, bu qurum heç legitim bir beynəlxalq təşkilat statusuna da malik deyil. Üstəlik, təşkilatın üzvləri birtərəfli qaydada NATO ilə münasibətlərin qurulmasında maraqlıdırlar, NATO da bu cəhdləri dəstəkləyir. Özbəkistan NATO qoşunlarının Əfqanıstandan çıxacağını bildiyindən, sonrakı dövrdə regionda təhlükəsizliyin qorunması üçün Rusiyadan müəyyən gözləntiləri var idi. Görəndə ki, bu gözləntilər doğrulmur, birbaşa NATO ilə danışıqlar aparmaq və öz suverenliyi ilə bağlı təzyiqlərlə üzləşməmək üçün təşkilatdan çıxır.

QEYD: Hərbi siyasi birlik olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG