Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59
Ali məktəblərdə yay imtahan sessiyasının necə keçdiyini öyrənmək üçün «Flashmob»un qonaqları Bakı Dövlət Universitetinin tələbəsi Elvin Elxan və Qafqaz Universitetinin tələbəsi Pərvin Feziyeva oldu.

Hər iki universitetdə imtahanlar klassik yolla, yazılı aparılır.

Elvin deyir ki, o, imtahanların testlə götürülməsinin tərəfdarıdır, çünki belə biliyə daha doğru qiymət verilir:

«Müəyyən yazılı suala da cavabı gərək elə yazıb doldurasan ki, qiymət alasan. Boş qalan yerə X yazırlar və sən yaxşı qiymət ala bilmirsən. Həm də BDU-da belə bir şey var ki, imtahanda yazdıqlarımızı öz müəllimlərimiz yoxlamır. Elə fənn var ki, fakültədə o fənn üzrə bir peşəkar müəllim var. Amma o yoxlaya bilməz deyə, kafedradan başqa müəllim göndərirlər və o müəllim məcburiyyətdən gəlib yoxlayır. Bizim yazdıqlarımızı fənni bilməyən müəllimlər gəlib yoxlayırlar. Onlar da ya hamıya yüksək bal ya da aşağı qiymət yazırlar və bununla da bilik düzgün qiymətləndirilmir. Yaxşı oxumayan tələbə 47 bal, yaxşı oxuyan isə 36-37 bal alır».

Pərvin Feziyeva deyir ki, Qafqaz Universitetində imtahanların cavablarını tələbələr Tələbə Məlumat Sistemindən əldə edirlər:

«Bizdə şəffafdır. İmtahanda kağıza adını, tələbə nömrəni yazırsan. Yazdıqdan sonra yığılır və müəllim yoxlayır, sonra cavablar universitetin saytında Tələbə Məlumat Sistemində çıxır. O sistem elektron jurnal kimi bir şeydir. Hər tələbənin kodu var, daxil edirsən, qiymətlər, qaiblər, hətta kitabxanadan götürdüyümüz kitabların sayı, vaxtı da orada göstərilir».

Pərvin deyir ki, imtahanlar tələbələr üçün yox, universitet üçün lazımdır.

Bakı Dövlət Universitetinin tələbəsi Elvinin fikrincə isə, imtahanlar tələbələrin özünə hesabat vermək üçündür ki, o, semestr boyu nə oxuyub.

O deyir ki, fakültənin hər otağında kamera və telefon var:

«Hər hansı şübhəli hal olan kimi otağa zəng gəlir ki, filan otaqdakı filan tələbə otağı tərk eləsin. Səbəb deyilmir, sonradan tələbəyə məlumat verilir. Etiraz edəndə isə tələbəyə görüntünü göstərirlər».

Pərvin Feziyeva isə Bakı Dövlət Universitetində vəziyyətin Qafqaz Universitetinə nisbətən daha radikal olduğu fikrindədir.

Verilişi tam burdan dinləmək olar:


XS
SM
MD
LG