Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

İsaxan Aşurov xatirələrdə... [Video]


Həmkarı Aslan İsmayılov və jurnalist Mehman Əliyev iyunun 28-də son mənzilə yola salınan vəkil İsaxan Aşurovla bağlı xatirələrini bölüşürlər.

-
«Hərbi komissar mənə dedi ki, mən İsaxan Aşurova təklif etdim ki, bizim hakimiyyəti tanısın və yüksək vəzifə alsın. O isə vurub çənəmi sındırdı».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında vəkil Aslan İsmayılov iyunun 28-də dəfn olunan vəkil İsaxan Aşurovla bağlı xatirələrini bölüşərkən deyib:

«Bu sözləri mənə 1993-cü ilin iyun qiyamından sonra İsaxan Aşurova yeni hakimiyyətlə anlaşmağı təklif edən şəxs deyib. Həmin adam, səhv etmirəmsə, ya hərbi komissar idi, ya da Surət Hüseynovun hərbi komissarlıq üzrə nümayəndəsi. Həmin şəxsə görə İsaxanı tutmuşdular. O özü etiraflarında deyirdi ki, iyun qiyamından sonra hamı tələm-tələsik başqa cəbhəyə keçmək üçün sıraya durmuşdu. İsaxan yeganə adam olub ki, Qazax rayonunda hakimiyyəti sonadək qoruyub saxlamışdı».

A.İsmayılov bildirib ki, keçmişdə onunla İ.Aşurov arasında mübahisə olsa da, hətta bir müddət küsülü qalsalar da, bu, onun İ.Aşurov haqqındakı fikirlərinə təsir etməyib:

«İsaxanı sadə bir vəkil kimi qələmə vermək azdır, o, əsl vətəndaş, qürurlu insan idi. Mənim üçün İsaxanın 92-93-cü illər, müharibə zamanı Tovuzda, Qazaxda olan fəaliyyətinin bir günü onun sonrakı vəkillik fəaliyyətindən üstündür. Ona görə ki, düşmənlə üz-üzə gələndə, gülləyə gözünlə baxanda insanın kim olduğu görünür».

Jurnalist Mehman Əliyev isə deyir ki, İ.Aşurovun ölümü Azərbaycan üçün böyük bir itkidir:
«O, həbsdən təzə çıxmışdı və mühitə baxıb dedi ki, «Məmləkətdən qoyun və neft iyi gəlir». Bu çox düzgün və dəqiq qiymətləndirmə idi. Həqiqətən də bu neft və neft dollarları insanları bu vəziyyətə salıb, kütləşdirib. Ölkənin durumu və problemləri həmişə İsaxan Aşurovu ağrıdırdı».

M.Əliyev deyir ki, İ.Aşurovun keçirdiyi daxili gərginlik və stress onun səhhətinə təsir göstərib.

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG