Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:05

«Mətbuatda yazdıqlarıma görə şərlənmişəm»


Foto: Arxiv
Foto: Arxiv
İsmayıllı rayon sakini Səhrad Əliyev AzadlıqRadiosunun «Qaynar xətti»nə şikayət edib ki, onu şərləyiblər. Deyir, köçkün kimi rayondakı texniki peşə məktəbinin anbarında məskunlaşıb. Mayın 16-da qonşuluğunda yaşayan bir qadın polisə şikayət edib ki, Səhrad Əliyev onu döyüb. Ancaq müsahibim deyir ki, hadisənin baş verdiyi iddia olunan gün evdə olmayıb, o ki qala hansısa qonşu ilə münaqişəyə girib kimisə döyə.

«DEDİLƏR GUYA QONŞUNU DÖYMÜŞƏM, PƏNCƏRƏSİNİ DƏ QIRMIŞAM»

Səhrad İsmayılov:

«Mayın 16-da sahə müvəkkili gəldi, məni polisə apardılar. Orda dedilər ki, qonşu qadını döymüsən, daş atıb pəncərəsinin şüşələrini qırmısan və sair. Mən ekspertiza tələb etdim, ancaq ekspertiza vaxtı mənim əl izlərim hadisə yerində aşkar olunmadı. Qadının bədənində bircə xəsarət aşkar edilmədi. Dedim, mən bunu necə döymüşəm ki, bədənində iz də yoxdur. Həmin tarixdə evdə olmadığımı və haralarda olduğumu nə qədər sübut etsəm də, qulaq asan olmadı. Barəmdə cinayət işi başlandı».

Səhrad Əliyev deyir ki, bütün baş verənlərin səbəbi qəzetlərdə çıxan məqalələridir:

«Mən tez-tez müxtəlif qəzetlərdə hakimiyyətlə, məmurlarla bağlı tənqidi yazılar yazıram. Məsələn, yazmışam ki, nəyə görə iqtisadi inkişafında analoqu olmayan adlanan ölkənin vətəndaşı ola-ola mən övladımı İrana müalicəyə aparmalıyam? Yazmışam ki, mən evimi satmamışam, kiməsə hədiyyə etməmişəm, hakimiyyətə gəlmək üçün mənim evimi ermənilərə veriblər. Yəni, mütəmadi olaraq mətbuatda belə çıxışlar edirəm. O qadını da qəsdən üzümə qoyublar ki, belə yazılardan çəkinim».

Hazırda Səhrad Əliyevə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanıb.
Orxan Mansurzadə
Orxan Mansurzadə

«ÖZÜNÜ QİSMƏN TƏQSİRLİ BİLİB»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə baş verənlər barədə bunları dedi:

«Mayın 16-da İsmayıllı şəhərində köhnə texniki peşə məktəbinin həyətində yaşayan Səhrad Əliyev ilə qonşusu Tamam Qarayeva arasında məişət zəminində münaqişə baş verib. Səhrad Əliyev qadının ünvanına təhqiramiz ifadələr işlədib, onu döyüb, məişət əşyalarını qıraraq maddi zərər vurub.

Tamam Qarayevanın şikayəti əsasında rayon prokurorluğu tərəfindən mayın 29-da CM-in 157.2-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işinə başlanıb, istintaq hərəkətləri aparılıb. Araşdırma zamanı Səhrad Əliyevin əməlində xuliqanlığın tərkib əlamətləri üzə çıxıb. Onun hərəkətləri CM-in 221.1-ci maddəsinə tövsif olunaraq cinayət işi istintaqın aparılması üçün İsmayıllı RPŞ-nin İstintaq bölməsinə göndərilib. Səhrad Əliyev özünü qismən təqsirli bilib. Yaxın günlərdə cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndəriləcək».

«Səhrad Əliyevin hansısa yazılarına görə şərlənməsi, hətta özünü cinayətdə qismən təqsirli bildiyi halda mayın 16-da guya başqa yerdə olması barədə iddiaları həqiqətdən uzaq olduğu qədər gülüncdür», - Orxan Mansurzadə bildirib.
XS
SM
MD
LG