Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32
İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi deputat Christoph Strasser'in Azərbaycanda siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib.

Həmin qətnamə layihəsində Azərbaycanda 89 nəfər siyasi məhbusun olduğu qeyd edilib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus alman deputatın hazırladığı siyahı ilə 100 faiz razı olduğunu deyir:

«Mənim hazırladığım siyahıda neçə nəfərin adı var idisə, Strasser’in hesabatı ilə tam uyğun gəldi. Mən o siyahının altından qol çəkirəm».

HÖKUMƏT RAZI DEYİL

Azərbaycan hökuməti isə hesabatla razı deyil. APA-ya müsahibəsində Prezident Administrasiyasında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov Azərbaycanın bu məsələdə fərqli mövqedə olduğunu deyib:

«Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda konkret əməllərinə görə həbs olunmuş insanlar var. Baxmayaraq ki, bu insanların bəziləri siyasətlə, bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır. Bu, Azərbaycanın mövqeyidir».

Əli Həsənov

Əli Həsənov

Əli Həsənova görə, Strasser'in yanaşması subyektiv mahiyyət daşıyır və onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Şöbə müdiri Azərbaycan hökumətinin bu məsələyə münasibətini yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağını deyib.

Hazırda AŞPA sessiyasında iştirak edən Hüquq - Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Səidə Qocamanlı, Novella CəfəroğluSəadət Bənənyarlı Strasburqa 10 nəfərlik siyahı ilə gediblər. Son əfv fərmanına qədər onların siyahısında 19 nəfərin adı olub. İyunun 22-də prezidentin imzaladığı əfv sərəncamından sonra Qrup siyasi məhbus siyahısında 10 nəfərin qaldığını bəyan edib.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov Azərbaycanda siyasi məhbusların varlığını təkzib etmir.

«STRASSER’İN SİYAHISI ÇOX ŞİŞİRDİLMİŞ SİYAHIDIR»

Amma Christoph Strasser'in təqdim etdiyi siyahını şişirdilmiş sayır:
Sahib Məmmədov

Sahib Məmmədov


«89 nəfər şişirdilmiş rəqəmdir. Müxtəlif QHT-lərin bu məsələyə müxtəlif yanaşması var. Mən buna normal yanaşıram. Onlar həmin siyahını Strasser’ə veriblər, o da həmin məlumatlar əsasında hesabat hazırlayıb. Bu cür hesabatlarla hakimiyyət bir az da qəzəblənir, bir az da qıcıqlanır».

Sahib Məmmədov deyir ki, o, hələ Christoph Strasser məruzəçi təyin ediləndə, bu təyinatın əleyhinə olub. Onun fikrincə, istənilən halda məruzəçi tam obyektiv olmalı, qərəzli hesabat hazırlamamalı idi.

««SİYASİ MƏHBUS» SÖZÜNÜ DÜNYA QƏBUL ETMƏYİB, MƏN NECƏ QƏBUL EDƏ BİLƏRƏM?»

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Yevda Abramov isə nəinki Strasser’in hesabatını, ümumiyyətlə, siyasi məhbus məsələsini qəbul etmir:
Yevda Abramov

Yevda Abramov


««Siyasi məhbus» sözünü dünya qəbul etməyib, mən necə qəbul edə bilərəm? Hüquq elmində «siyasi məhbus» sözü yoxdur. Bilək, görək, bu ad kimə şamil edilir, bu status kimə verilir? Bu aydın olmadığı halda mən necə deyə bilərəm ki, hesabatda 89 nəfər necə yazılıb? Az yazılıb, çox yazılıb və ya bu var, ya yoxdur? Qoy yazır, yazsın da özü üçün».

STRASSER İSƏ YENƏ DƏ «AZƏRBAYCANA SƏFƏR ETMƏK İSTƏYİRƏM» DEYİR

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser Azərbaycanda siyasi məhbuslara dair hesabatı Azərbaycana gəlmədən hazırlayıb. Belə ki, 2009-cu ilin martında məruzəçi təyin olunduqdan sonra o, bir neçə dəfə Azərbaycana səfər etmək istəsə də, ona viza verilməyib.

Bu səbəbdən də o, hesabatı Azərbaycandakı ayrı-ayrı mənbələrdən aldığı məlumatlar əsasında hazırladığını və yenə də Azərbaycana səfər edib məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Siyahını Azərbaycan hökumətinə göndərdiyini bildirən cənab Strasser Azərbaycana getməyə ümidini hələ də üzməyib.

Məruzənin AŞPA-da qəbulu ilə bağlı səsvermə sentyabr ayında keçiriləcək.
XS
SM
MD
LG