Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

İlham Əmiraslanovla bağlı işgəncə faktı araşdırılacaq


«Kür» Vətəndaş Cəmiyyətinin fəalı İlham Əmiraslanova saxlandığı zaman işgəncə verilib-verilməməsini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub. Ekspertiza bu həftə keçiriləcək.

Bu haqda AzadlıqRadiosuna iyunun 27-də Bakı İstintaq Təcridxanasında İlham Əmiraslanovla görüşəndən sonra vəkili Samir İsayev məlumat verib: «Mən əvvəllər onun bədənindəki xəsarət izlərini görməmişdim. Bu gün onun hər iki çiynindəki təxminən 5-6 sm ölçüdəki qançır izlərini gördüm».

İlham Əmiraslanovun tibbi müayinəsinə gəldikdə, ilkin müayinə olunsa da vəkil onun geniş tibbi müayinə olunması haqqında təcridxana rəhbərliyinə bu gün rəsmən müraciət edib. Vəkil bildirib ki, İlham Əmiraslanov indiyə qədər ağrılardan, halsızlıqdan şikayət edir. Vəkil güman edir ki, döyülmə nəticəsində onun qulaq pərdəsi zədələnib. Cinayət işinin istintaqında isə heç bir yenilik yoxdur.

İ. Əmiraslanovun üzvü olduğu «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə məktub göndərəcək və ona təcili yardım göstərilməsini xahiş edib.

Sabirabad rayonunun Əsgərbəyli kəndinin sakini İlham Əmiraslanov iyunun 8-də odlu silah saxlamaq ittihamı ilə həbs olunub. O, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının hərəkətlərindən Baş Prokurorluğa şikayət ərizəsi yazaraq işgəncələr altında silah saxladığını etiraf etdiyini yazıb.

İyunun 25-də beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası İlham Əmiraslanovun dərhal və şərtsiz azadlığa buraxılmasını, polisdə verilən işgəncələrlə bağlı operativ və hərtərəfli araşdırma aparılmasını tələb edib.

Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı, Muradbəyli kəndinin 300-dən artıq sakini isə prezident İlham Əliyevə müraciət göndərib. Onlar İlham Əmiraslanovun həbsdən buraxılmasını xahiş ediblər.

Müraciətdə bildirilir ki, İlham Əmiraslanova qarşı ittiham uydurmadır, o ictimai fəallığına, sel daşqınlarından əziyyət çəkənlərin hüquqlarını müdafiə etdiyinə görə həbs olunub: «Bu həbs siyasi sifariş, məmur özbaşınalığıdır».

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, iyunun 8-də polis əməliyyat məlumatlarına əsaslanıb İlham Əmiraslanovun üzərinə baxış keçirilib. Onun üzərindən «Makarov» tipli tapança, patron və patron darağı götürülüb, İlham Əmiraslanovun evinə baxış zamanı isə onun evindən 6 ədəd patron tapılıb.
XS
SM
MD
LG