Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

Özümü yasaqmalçı kimi hiss edir, devikir, yalvarırdım. Hətta kükrəyib-kəkələnib bu sözləri də dedim: Yoxlamağına-yoxlayın, amma sovet adamı ilə danışdığınızı da yaddan çıxarmayın!..

Vaqif İbrahimoğlu

DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi (Son)


ƏVVƏLİ

Əhədlə təzəcə nəsə alıb (sizə önəmli deyil nə aldığımız!!) otelə qaçaraq yerbəyer etmişdik ki, Solotınski gəldi və havaalanına yollandıq. Əhəd də, Nazim də aparmaq üçün hərəyə bir bağlama verdilər. Hava limanında olaysız ötüşmədik:

Volodya Solotınski öncə 1200 TL (bu pulu Əhəd və Nazimdən çıxdım), ardından konsul rejimini pozduğu üçün 5 min TL cərimə ödəyəsi oldu. Sonra bir xeyli təyyarənin gəlməsini gözlədim.

Əhədlə Nazimin Bakıya çatdırmaq üçün verdiyi bağlamalar üzüb-yordu məni. Nəhayət, təxminən saat 16.00-da təyyarə qalxdı. Nə qədər desən, boş yer olduğundan yükümü də, özümü də qoymağa rahatca yer tapdım və o ki var yedim.

Moskvaya yerli vaxtla saat 18.30-da çatdım və uzun bir müddət baqajı gözləyib, axır ki, gömrük nəzarətindən keçmək üçün növbəyə dayandım. Çemodanı açmadılar, nəzarətçilərdən birinin dediyi kimi, “makulatura çantası”nı ələk-vələk etdilər.

Ardından bağlamalara qəmiş qoydular. İndi gərək hər şeyi ayırd edib yerləşdirəm. Özümü yasaqmalçı kimi hiss edir, devikir, yalvarırdım. Hətta kükrəyib-kəkələnib bu sözləri də dedim:

- Yoxlamağına-yoxlayın, amma sovet adamı ilə danışdığınızı da yaddan çıxarmayın!..

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib.
Həmin sözlər onların yoxlama ehtirasını daha da alovlandırdı. Hər şeyə dönə-dönə baxdılar, hər şeyi əl vurub yoxladılar. Onların bu ehtirası mənə görə dəyərli şeylərə diqqətimi də xeyli korşaltdı...

Girişdə dayanmış adamı taksi sürücüsünə oxşadıb onunla qiymət danışmağa başladım. Üzümə qayıtdı ki, “6 dollar ver”. Əvvəl elə bildim pul alverçisidir, ancaq sonra anladım ki, bu, gömrük nəzarətinin davamıdır.

Taksidə yanlış istiqamətə getdiyimizdən Lobaçevski küçəsini tapınca ora-buranı xeyli fırlandıq. Mən telefon açandan sonra Volodya gəldi və ağzını açanda – “İndicə Kasparov Karpovu uddu. Dövrə qapandı” – sözlərini dilə gətirdi.

Sabah idarələrin canına düşəcək, hesabatlarımı verəcək və tezcə Bakıya getməyə çalışacağam. Amma-ancaq və lakin orasını da deyim ki, vətən həsrətim Şeremetyovoda (Moskvadakı hava limanlarından biri, o dönəmlər beynəlxalq uçuşların gerçəkləşdirildiyi aerodrom – Z.M.) başa çatdı. Vətənimizin hüdudlarını aşıb xaricə getmək bir də mənə nəsib olsa, yalnız öz məsləhətlərimə qulaq asacağam: artıq təcrübəm var və təcrübə deyilən şey hər şeydən (puldan da) dəyərlidir.

İndi gecə saat 3-dür. Gələndən bəri SSCB-də (Türkiyə türkcəsində keçmiş SSRİ-nin “Sovet Sosialist Resbublikaları İttifaqı”nın qısaldılmış adı. Açması -- “Sovyet Sosyalist Cümhuriyetleri Birliği”dir – Z.M.) keçirdiyim ilk gecədir. Yorulsam da yuxum çəkilib, üzülmüşəm. Amma gedib yatsam yaxşıdır. Fələyin işlərini nə biləsən? Yatmasam, sabah ziyanını da özüm ödəyəsi olacağam. Yenə yazıb-yazmayacağımı da zaman göstərər.

31 yanvar 1985-ci il

Bu gün gec qalxdım və gündüz saat 2 civarlarında Lena ilə “Böyük”ə getdik (ağlınıza başqa şey gəlməsin, əlbəttə, Böyük Teatrı deyirəm)... Axşama Volodyagildə bir şey alınmadığından Dövlət Konsert Birliyinə getdim. Orada hesabatlarım heç 15 dəqiqə çəkmədi – bütün arayışları rus dilinə çevirib Mədəniyyət Nazirliyinə yollandım.

... Sevmirəm də metronu, elə bil məzara düşürsən və bir xətdən o birinə keçidlər başlayanda (yeri gəlmişkən keçidləri tez öyrəndim və heç əziyyət çəkmədim) ümidsizliyə qapılıb, qoyun kimi başımı aşağı salır, olsa-olsa, hərdən yol göstəricilərinə baxır və yeraltı marafona başlayıram...

Mədəniyyət Nazirliyində təxminən 1 saat Zauru gözlədim, Hüseynin xahişini yerinə yetirməyə macal tapdım, dəfələrlə Alyaya zəng vursam da, tək bircə dəfə Elxana zəng etmədim. Panqonene mənə qəmiş oldu, bir az onunla danışdım. Bu qadın elə əlimə baxırdı (“...elə əlimə baxırdı” sözləri Azərbaycan türkcəsində yazılıb – Z.M.), amma özümü elə aparırdım ki, guya əlim aşağıdır (“...əlim aşağıdır” sözləri Azərbaycan türkcəsində yazılıb – Z.M.). Nəhayət, Zaur məşhur Maşa ilə bir yerdə gəlib çıxdı. Bu, Nazimlə “Gençlik Parkı”nda su velosipedi sürən həmin Maşadır. Sən demə, Nazim, atəşli bir sevgili kimi, ona zəng vurubmuş. Sabah saat 11-də bağlama və tamaşa proqramlarını aparıb verərəm. Zaur şənbə və ya bazar gününə bilet almağı vəd edib, yarıduyğulu şəkildə onun üzünü ağ etdiyimi də mənə söylədi. İçimdə yalnız haqqımda yazılacaq “obyektiv rəy”in (xarici səfərdən qayıdan sovet adamlarına verilən xüsusi rəy nəzərdə tutulur – Z.M.) və Hüseynlə, Solotınskinin hesabatının gələcəyi günü – çərşənbə axşamını gözləyə-gözləyə, üzdə ona dərin minnətdarlığımı bildirdim. Onlardan çox şey asılıdır. Zaur məxsusi dəvətin göndəriləcəyi halda əlindən gələni əsirgəməyəcəyini dedi. Allah kərimdir (Son ifadə Azərbaycan türkcəsində yazılıb – Z.M.)... Amin.

Haqqımda yazılan mənfi rol oynayacağını düşündüyüm bir məqaləni yalnız dünən oxudum. Amma-ancaq və lakin mavr öz işini bitiribsə, demək, layiqli istirahətə yollana bilər.

SSRİ-yə gələn kimi, abırlı defikasiya aktına başladım, halbuki bu qədər qaçaqaçın müqabilində bir təyyarədə, bir də az-maz Volodyagildə bir şey yemişəm. Anladım ki, bunun sirri suda imiş. Çoxlu çay içmişəm və hər içdiyim stəkanda məhz çay içdiyimin fərqinə varmışam. Daha dodaqlarıma qəhvəyi toz qatının qonmadığını da sezmişəm... Bu gün saat 22-də, yəni 21.00-da (Müəllif öncə Bakı vaxtını göstərib – Z.M.) – “Vremya” proqramı başlayanda (o dönəmlərin əsas telexəbər buraxılışı –“Zaman” proqramı nəzərdə tutulur – Z.M.) elə kreslodaca yuxuya getmişəm. Məni yuxudan Vovka oyatdı. Tamam (Bu söz Azərbaycan türkcəsində yazılıb – Z.M.).

6 fevral 1985-ci il

... Artıq evdəyəm, artıq xəstələnmişəm, artıq Ankaranı və bu şəhərlə bağlı hər şeyi Zeynal Məmmədli

Zeynal Məmmədli

unutmuşam. Amma-ancaq və lakin sənət yaşamımın bu səhifəsini davam etdirir, daha doğrusu, bitirirəm...

Fevralın 1-də yenə Mədəniyyət Nazirliyinə getdim. Yarım saat yubanmışdım; Zaur Maşenka ilə çıxdı, onun maşınına oturub tərpəndik. Uzaq getdik və orada, mən bir rabitəçi kimi, alınmış ger-geyim şeylərini onlara təhvil verdim. Məzəli bir olay da baş verdi: Zaur nəyi isə dəyişik saldığımızı düşündü, ancaq Maşenkaya yetişəndə məlum oldu ki, yanlışlıq olmayıb, sadəcə, Nazim Zaurun xanımının uzunboğaz çəkmələrini qoymağı unudub.

Ardından 1905-ci il küçəsinə -- “Mostransaqentstvo”ya (“Moskva Nəqliyyat Agentliyi” nəzərdə tutulur – Z.M.) yollandım. Bilet yox idi, dedilər ki, axşam 6-7 üçün gələrsən. Geri qayıtdım, “Böyük”dən boyun qaçırdım (təbii ki, yenə “Böyük Teatr”dan...), orada Qriqoroviçin “Zolotoy vek” (“Qızıl əsr” və ya “Altun yüzil” – Z.M.) baleti gedirdi. Axşamı gözləyib fevralın 2-nə (saat 21.15-ə) bilet aldım.

Mərdəkana telefon edib (Müəllif o dönəmlər evi olmadığından öz ailəsi ilə Mərdəkanda -- ata evində qalırdı – Z.M. ), onları məlumatlandırdım və saat 18.00-da Domodedovoya (“Domodedovo” aeroportu nəzərdə tutulur – Z.M.) yollandım. Qeydiyat zamanı orada “qəmbərqulu” çıxdı: əlavə yükə görə 2 rubl 76 qəpik ödəmək lazım idi. Mənimsə əlimdə, vur-tut, 2 rubl 15 qəpik nəqd pul vardı. Növbəyə dayanmış adamların yanına qaçdım, onlara dil açıb yalvardım, amma-ancaq və lakin heç kimdən səs çıxmadı. Bu beynəlmiləl insan sürüsünə – “Allah siz türklərin cəzasını versin!” – dedim. Biri halıma acıdı və beləcə, təyyarəyə minməyə tələsdim.

Uçuş asan keçmədi, vaxt bitmək bilmir, elə rezin kimi, uzanırdı. Təyyarədə Həbibə xanımla bərabər uçurduq (O dönəmlər AzTV-nin Ədəbi-Dram Verilişləri Baş Redaksiyasında çalışan Həbibə Məmmədxanlı nəzərdə tutulur – Z.M.).

Hava limanında məni Nelya, Andrey, İma, Valentin, Şerif, Rauf, Mezim, Saşa, İsi, Rüstəm, Ahu və uşaqlar – Cavid, Kamran, Aynur qarşıladılar (Ailə üzvləri, qardaşları, qohum-əqrəba və iş yoldaşları nəzərdə tutulur – Z.M.).

Ertəsi gün səhərdən axşama yatdım və axşam Rəhmangilə getdim. Oturub söhbətləşdik.

Fevralın 4-də teatra getdim. Qalın geyinməmişdim – həm soyuq, həm də nəmişlik idi. Görüşüb-danışandan sonra Azdramaya üz tudum, oradan İlhama baş çəkdim, oradan da Mədəniyyət Nazirliyinə getdim.

Öncə Zaldova baş çəkdim. O, məni Z. Nərimanoviçin yanına apardı (O dönəmlər sovet Azərbaycanının mədəniyyət naziri Zakir Nəriman oğlu Bağırov nəzərdə tutulur – Z.M.). Nazirin səs tonundan və qımışma tərzindən anladım ki, haqqımda müsbət məzmunlu “obyektiv məlumat” gəlib. “Hələ görüləsi işlər var” – deyərək partiyaya daxil olmağımı Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

təklif etdi (Söhbət Kommunist Partiyasına qəbul edilməkdən gedir. Məlumat üçün bildirim ki, Vaqif İbrahimoğlu heç vaxt partiya üzvü olmaq istəmədi – Z.M.). Onun yanından çıxanda külək vıyıldayır və şaxta dondururdu...

Dünən, yəni fevralın 5-də saat 11.00-da Anarla görüşməli idim (Yazıçı və dramaturq Anar nəzərdə tutulur. O vaxt Anar həm də Teatr Cəmiyyətində rəhbər vəzifə tuturdu. Üstəlik, Vaqif İbrahimoğlu onun “Zəncirbənd” və “Səhra yuxuları” əsərlərini tamaşaya qoymuşdu – Z.M.). Rəhman gəlib çıxsa da, Anar hələ yerində deyildi. Oturub cürbəcür adamlarla mırt vurduq və nəhayət, saat 14.00-da Anar gəlincə, onun yanına getdik.

Anarın yanında Kamal, Azər və Tərlan da vardılar (dramaturq Kamal Aslan, rejissor Azər Paşa Nemət və Marionet Teatrının yaradıcısı və rəhbəri Tərlan Qorçu nəzərdə tutulur – Z.M.). Mən danışdım, onlar qulaq asdılar. Maraqlı söhbət alınmadı. Axırda, Anar “Qobustan” dərgisinə yazı hazırlamağımı təklif etdi.

Sonra çayxanada çay içdik (!!) və orada Kamal özünün “İzobliçitel” (“Açıb-ağardan, ifşa edən” mənasında – Z.M.) pyesini gözlənilmədən mənə sırıdı (birpərdəlik sırf ifşalar). Ürəkbulandıran və anlamsız bir şeydir. Bu adam ap-açıq sayıqlayır, həm də sifətini itirir... Hələ bu pyesi AzTV-də də tamaşaya qoymağımı istəyir!!! Belə-belə işlər...

Ardından Tərlanla kabinetdə oturub gap etdik. O, bu günlərdə Rezo Qabriadzenin yanında “Arşın mal alan”ı hazırlamaqdan ötrü Tifli-suya gedəcək (Tiflis – Tbilisi sözünü müəllif “Tifli-su” şəklində yazıb. Azərbaycan Marionet Teatrının ünlü və hələlik yeganə “Arşın mal alan” tamaşası üçün kuklaların hazırlanması prosesi nəzərdə tutulur. Bu məqsədilə Tərlan Qorçu öz dostu və həmkarı Revaz Qabriadzeyə baş çəkəcəkmiş – Z.M.).

Evə tamam və sırf xəstə qayıtdım...
(... SSRİ-də olmadığım müddətdə Mehid Məmmədov, Gənc Tamaşaçılar Teatrında Jdanov, Nic kəndində İsa əmi dünyasını dəyişiblər...)

Bu gün heç yana getmədim – xəstə, halsız və ruhsuzam. Yalnız axşam-axşam aldığım ger-geyimi ayırd edib, yazmağa oturdum.

Baş çəkməliyəm: Azərbaycan KP MK-ya (yerli Kommunist partiyasının Mərkəzi Komitəsi nəzərdə tutulur – Z.M.), Şəmsi Bədəlbəyliyə, Turan Cavidə, Ü. Hacıbəyov muzeyinə, AzTV-yə və radioya.

Zəng etməliyəm: Zoya Muxinaya, Maral xanıma, Ruhəngiz Qasımovaya...

Düz 100 səhifəyə çatdırmaq istəsəm də alınmır (Sinif jurnalı ölçüsündəki dəftərin sonuncu – 95-ci səhifəsi bitmək üzrədir, amma müəllif səhifədə yanlışlıqla “94” rəqəmini yazıb – Z.M.). Olsun, bununla da Türkiyədə inam və doğrularını məndən əsirgəməyən bu gündəliyi bitirim.

Türkiyədəki yaşam səhifəmi, Ankara Opera və Balet Teatrında böyük Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı üzərindəki işimi də bitirib-qapayıram. Nur içində yatsın! Allah rəhmət eləsin (Son 2 cümlə orijinalda da Azərbaycan türkcəsində yazılıb – Z.M.)!!!

Bitdi.
Bütün məzmununa imza atıram.
(V.İ. Həsənov)
Tamam...

Şərhləri göstər

XS
SM
MD
LG