Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:26
-

ŞAHİN HACIYEV

Turan İnformasiya Agentliyinin redaktoru

Biz dost deyildik, amma mən həmişə ona hörmətlə yanaşırdım, həm də bir böyük kimi, baxmayaraq ki, yaş fərqimiz cəmi bir il idi.

LƏYAQƏTLİ İNSAN...

O, sadə adam deyildi, baxışından və danışığından nə düşündüyünü, nə etmək istədiyini bilmək asan deyildi. Zamanla anladım ki, bu ağıllı və susan baxışlar onun peşəsindən – polis, xəfiyyə və analitik – irəli gəlir.
Bəlkə də bizim polis mühitində ikinci bu cür tipaj yoxdur – ziyalı, bilikli peşəkar, sözün həqiqi və məcazi mənasında döyüşçü, ləyaqətli insan.
Onunla fəlsəfə, etika ilə bağlı məsələləri, Shakespearedən tutmuş daha nələrə qədər hər şeyi müzakirə etmək olardı. Hərdən adama elə gəlirdi ki, həmsöhbətini lağa qoyur, çünki söhbətin mövzusu onun peşəsi ilə uyğun gəlmirdi. Ən çox da zarafat etməyə başlayanda, lətifə danışanda.
İsaxanla ilk dəfə 1989-cu ildə Tovuzda görüşdüm. Ora sərhəddə çəkiliş aparmaq üçün getmişdim. Belə ki, sərhəddə vəziyyət gərginləşmişdi, vaxtaşırı atışma baş verirdi. Biz şəhərdə gəzərək İsaxan Aşurovu axtarırdıq. Aşurov o zaman mayor və yerli cinayət axtarış şöbəsinin rəisi idi. O, özünümüdafiə dəstələri yaratmağa başlayan könüllülərdən birinin funksiyasını faktiki olaraq öz üzərinə götürmüşdü. Təsadüfü adamların onun adını necə dillərinə gətirməsi İsaxanın bu şəhərin həyatındakı rolundan xəbər verirdi.
İsaxan Aşurov Şəhidlər Xiyabanını ziyarət edərkən. 20 yanvar 2004

İsaxan Aşurov Şəhidlər Xiyabanını ziyarət edərkən. 20 yanvar 2004

Nəhayət, İsaxanı görəndə onun belə hörmət qazanmasının səbəbləri mənə aydın oldu. Ucaboylu, qədd-qamətli, iri üz cizgiləri olan bir adam bizə tərəf gəlirdi. Olduqca səmimi, iradəli ifadə, diqqətli baxışları var idi. O, çox zövqlə, səliqəli geyinmişdi. Sonralar bu keyfiyyətlər onun xarakterinin ayrılmaz hissəsi kimi yadda qaldı ki, İsaxanı bunsuz təsəvvür etmək mümkün deyildi.

MÜHARİBƏDƏN SİYASƏTƏ
Fəal həyat mövqeyi İsaxanı təkcə müharibədə deyil, həm də siyasi həyatda ön sıralara çıxardı. 90-cı ilin əvvəllərində o, Qazax polisinə rəhbərlik etdi, polkovnik oldu. AXC hakimiyyətə gəldikdən sonra ona Bakı polisinə rəhbərlik etmək və ya DİN rəhbərinin müavini postunu tutmaq təklif olundu.
«Mən buna da, digərinə də hazır idim. Lakin hakimiyyətə təklif etdim ki, müəyyən tədbirlər var və onların həyata keçirilməsi vacibdir. Hakimiyyətin mənim təkliflərimdən imtina etməsi 1993-cü ilin iyun hadisələrinin səbəblərindən biridir», - uzun illərdən sonra İsaxan mənə söyləmişdi.
«Onlar başa düşmürdülər ki, operativ iş və informasiya çevik və adekvat reaksiya tələb edir, əməliyyatı peşəkarcasına və qətiyyətlə həyata keçirmək lazımdır, bu, mitinq deyil», - o, 93 il iyun Gəncədə hazırlanan hadisələr barədə Bakıya xəbərdarlıq göndərdiyini xatırlayanda hiddətlənirdi.
Çox çəkmədi ki, o, özü qiyamçılara qarşı tədbirlər görməyə başladı. Bu gün az adam bilir ki, Surətin qərargah rəisinə şillə vuran və onun dəstələrini Qazaxa buraxmayan İsaxan olub. Və bütün qərb zonası surətçilərin nəzarətindən kənarda qalıb, hətta Bakıya nəzarət etdikləri bir vaxtda.
İki polkovnik – İsaxan Aşurov və İsa Sadıqov: qiyamçıların daha geniş ərazidə hakimiyyəti ələ keçirməsinə imkan verməyən adamlar bunlardır. Bəs əvəzində nə qazandı? Mükafat verdilər yoxsa vəzifəsini artırdılar? Xeyr, vəzifə səlahiyyətini aşmaqda ittiham edərək həbsxanaya saldılar.

FƏALİYYƏTSİZ HƏBS HƏYATI...
İsaxan Aşurov AzadlıqRadiosuna müsahibə verərkən

İsaxan Aşurov AzadlıqRadiosuna müsahibə verərkən

Sonralar İsaxan danışırdı ki, onun üçün ən ağrılı şey fəaliyyətsiz oturmaq olub. «Həbsxanada olanda xəbər tuturdum ki, ermənilər, bir-birinin ardınca yaşayış məntəqələrini tutaraq bizim ərazilərə doğru irəliləyir, sən isə burda oturmusan və heç nə edə bilmirsən».
Həbsdən sonra İsaxan bir qədər dəyişdi, kobudlaşdı, sakit olmuşdu. Məncə, bu, normal idi. Amma polisdən çıxıb vəkilliyə gəlməklə o, yenidən əvvəlki adama çevrildi.
Onun bariton səsi, şaqraq gülüşü, gözəl qadınları diqqətlə süzməsi İsaxanın normal həyata qayıtmasından xəbər verirdi.
Hüquq müdafiəçiləri və jurnalistlərin bir çoxu məhkəmələrdə müdafiə üçün onun xidmətindən istifadə edirdilər, hər hansı konfidensial məsələnin həllində, centlmen sazişinin əldə olunmasında onun əlaqələrindən yararlanırdılar.
Mən onunla bəzi ekstremal vəziyyətlərdə görüşməli oldum. Bu cür hadisələrdən biri 2003-cü ilin 15-16 oktyabr hadisələri idi. O, baş verənləri hüquqi cəhətdən qiymətləndirərək hakimiyyət tərəfindən qanunçuluğun pozulduğunu və müxalifətin parçalandığını deyirdi.

«MƏNƏ XƏBƏRDARLIQ ETDİLƏR...»
Yadımdadır, mitinqlərə və hakimiyyətin qanunsuz əməllərinə qarşı çağıran və sonradan öz sözlərini inkar edən müxalifət qəzetlərindən birinin redaktorunun hərəkətindən çox qəzəblənmişdi. «Mən onun qəzetini götürdüm, məqaləni göstərib soruşdum, kim yazıb bunu? Necə olur ki, indi bunu danırsan?», - o bildirdi.
Eynulla Fətullayev və İsaxan Aşurov məhkəmə prosesi zamanı 7 may 2010

Eynulla Fətullayev və İsaxan Aşurov məhkəmə prosesi zamanı 7 may 2010

İkinci dəfə məyus olan İsaxan 2003-cü ildən sonra siyasətdən uzaqlaşdı.
Həmin dövrdə bir çox fəallar təqib olunurdu və İsaxan mənə demişdi ki, polisdən olan keçmiş həmkarları onu bu barədə xəbərdarlıq ediblər.
«Hakimiyyət də, siyasət də öz yerində, peşə əlaqələri yüksəkdədir. Mənə xəbərdarlıq etdilər ki, nəzarət altındayam və diqqətli olum».
Sonralar o, Neft Akademiyası tələbələrinin qətli işi üzrə qalmaqallı istintaqın gedişindən danışırdı. Bu barədə haradan bildiyinə təəccüblənəndə İsaxan «həmkarlarım mənimlə məsləhətləşir, ancaq orada elə səviyyə yoxdur, onlar bu işi araşdıra bilməyəcəklər, potensial yoxdur, onlar məcburdurlar mənimlə məsləhətləşirlər, məni sevdiklərinə görə eləmirlər» cavabını verdi.
Məhkəmələrdə jurnalistləri müdafiə etdiyi vaxtlarda mənimlə də bir neçə dəfə məsləhətləşmişdi. Çox xoşdur ki, mənim biliyim və məlumatın onun üçün əhəmiyyətli idi və biz mühüm qərarları qəbul edə bilirdik.
Sonuncu dəfə İsaxanı bir ay əvvəl «Sahil» metro stansiyasının yaxınlığında gördüm. Onun çox arıqlaması mənə pis təsir etdi. Xəstəliyi, həmçinin müalicəsinin yaxşı getməsi bərədə eşitmişdim.
Həmin gün İsaxan adəti üzrə zarafat etdi, yanıma gəlib söhbət edəcəyini bildirdi. «Yaxın vaxtlarda sonuncu müalicə kursunu keçəcəyəm. Hər şey yaxşı gedir. Qayıdan kimi sizə baş çəkəcəyəm. Dini durum haqqında məqalənizi ləzətlə oxudum, çox xoşuma gəldi, elə bilməki mətbuatı ə izləmirəm», - o dedi.
Ucaboylu, qədd-qamətli, qara kepkalı İsaxan mənim əlimi sıxıb arxaya çevrildi və yeraltı keçidə düşdü...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG