Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:24

Prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxmış Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı və AXCP fəalı Sahib Kərimov AzadlıqRadiosunun efirində suallara cavab verirlər.

-
- Sizin prezidentə ünvanladığınız məlum müraciətin azadlığa çıxmağınıza təsiri ola bilərmi?

Arif Hacılı:

- Bizim həbsimiz siyasi qərar olmuşdu, biz hər hansı cinayət törətməmişik. Hətta bizə qarşı ifadə verən yüksək rütbəli zabitlərin ifadələrində bizim hər hansı cinayət törətməyimiz əks olunmur. Azadlığa buraxılmağımız da siyasi qərarla həyata keçirildi və bu qərarın qəbul olunmasında bir çox amillər rol oynadı. Azərbaycan ictimaiyyətinin, dünya birliyinin, siyasi partiyaların, hüquq müdafiəçilərinin, jurnalistlərin bizi müdafiə etməsi bizim həbsdən buraxılmağımızla əlaqədar siyasi qərarın qəbul olunmasında mühüm rol oynadı.

- Əfv ərizəsi yazmamışdınız?

Arif Hacılı:

- Mənə əfv ərizəsi yazmaq təklif olunmamışdı. Mən dəfələrlə həbsdə olmuşam və hakimiyyətdə olan şəxslər məni kifayət qədər tanıyırlar. Mənə birmənalı olaraq əfv ərizəsi yazmaq tələb olunmayıb. Onlar elə bilirdilər ki, mən digər vicdan məhbuslarının əfv ərizəsi yazmasına mane oluram. Lakin bu, belə deyildi. Bu dəfə həbs olunan insanların heç biri təsadüfən həbs olunmamışdı. Onlar öz siyasi fəallıqlarına, liderlik keyfiyyətinə görə həbs olunmuşdular və həbsxanada nə üçün yatdıqlarını əla bilirdilər. Öz taleləri və siyasi gələcəkləri barədə şüurlu surətdə düşünür və əfv ərizəsi yazıb yazmamaq məsələsinə də bu kontekstdən yanaşaraq mövqe bildirirdilər.

- Təklif olunsaydı, yazacaqdınızmı?

Arif Hacılı:

- Onlar bilirdilər ki, mən yazmayacağam və ona görə də təklif etmirdilər.

Sahib Kərimov:

– Arif bəydən fərqli olaraq bizə dəfələrlə əfv ərizəsi yazmaq təklif olunmuşdu. Amma əfv haqqındakı əsasnaməyə görə, məhkumun özünün əfv istəməsi əsas deyil, beynəlxalq təşkilatlar, QHT-lər, ictimai qurumlar və s. də bu müraciəti etsəydi, artıq o fərmanın verilməsinə kifayət edərdi. Lakin hakimiyyət də bu məsələdə yanlışın üzərində idi, bunu bir prinsip məsələsinə çevirmişdi. Amma sonradan hiss elədilər ki, ölkə daxilində aparılan kampaniya hökumətin əleyhinə işləyir. Çünki hamıya aydındır ki, biz heç bir cinayət törətməmişik və bizim hədəflərimiz ölkədə köklü islahatlardır, avtoritarizmdən demokratiyaya keçiddir. Hakimiyyət içərisindəki qruplar da anladılar ki, bizim hədəflərimiz ayrı-ayrı fərdlər deyil, məqsədimiz demokratiyaya keçidə nail olmaqdır.

- Bundan sonrakı fəaliyyətinizdə nə planlaşdırırsınız? Siyasətə davam edəcəksiniz yoxsa hüquq müdafiəçisi kimi çalışacaqsınız?

S.Kərimov:

- Azərbaycan cəmiyyətində müxalifətin işi elə hüquq müdafiəçiliyidir. Hüquqi dövlət uğrunda aparılan mübarizənin özü mahiyyət etibarilə hüquq müdafiəçisinin fəaliyyətini özündə əks etdirir. Amma konkret olaraq hüquq müdafiəçisi olmaq niyyətim yoxdur. Siyasi fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan müxalifətinin hədəfləri ölkədə köklü islahata nail olmaqdır. Biz güclü vətəndaş cəmiyyəti qurmalıyıq ki, bu yolla dövlətimiz güclü olsun.

A.Hacılı:

- Mən artıq siyasi fəaliyyətimi bərpa etmişəm. Mən Əbülfəz Elçibəyin məzarını ziyarət etmişəm və orda öz mövqeyimi açıqlamışam. Müsavat Partiyasının Divanında iştirak etmişəm. Hüquq müdafiəçisi olmaqdan ötrü siyasi fəaliyyətdən imtina etmək lazım deyil. Biz siyasətçiyik və mən 20 ildən çoxdur ki, siyasi fəaliyyətlə məşğulam və bu fəaliyyəti sona qədər davam etdirmək niyyətindəyəm.

- Həbsxanada vəziyyət necə idi?

A.Hacılı:

- Orda vəziyyət yoxdur, orda rejimdir. Həbsxanaların oğru qaydaları ilə idarə olunduğu deyilir. Hal-hazırda isə ora oğru qanunları ilə deyil, rejim qayda-qanunları ilə idarə olunur.
Təbii ki, əsas problem azadlığın məhdudlaşdırılmasıdır. Həbsxanalardakı insanlara şərait yaradılmalıdır, onlar Azərbaycan vətəndaşlarıdır. Yeni Avropa standartlarına uyğun həbsxanalar tikilməli və dustaqların həyat şəraiti sovet dövründə olan həyat şəraiti ilə müqayisə olunaraq yüksək qiymətləndirilməməlidir. Avropa ölkələrində olan dustaqların vəziyyəti ilə müqayisə olunaraq vəziyyətin nə qədər pis olduğu gündəliyə gətirilməlidir. 3 gün biz Sahib bəylə Kürdəxanıda bir kamerada olmuşuq. Təəssüf ki, kamerada saxlandığım vaxtda mənimlə eyni düşüncədə olan, mənə yaxın olan şəxs yalnız Sahib bəy olub.

S.Kərimov:

- Ədliyyə Nazirliyinin Penitensiar xidməti strukturunda çalışan əməkdaşların məhkumlarla, saxlanılan şəxslərlə davranışları bir çox strukturların əməkdaşlarına örnək sayıla bilər. Lakin 14 saylı cəzaçəkmə müəssisəsi ağır şərtlər, toz, kommunikasiya çatışmazlığı, havanın istiliyi, oradakı şəraitsizlik elə özü bir işgəncə faktıdır. 14 saylı cəzaçəkmə müəssisəsinin qapadılmasına ehtiyac var.

- Digər məhbusların sizə, yəni siyasi məhbuslara qarşı münasibəti necə idi?

S.Kərimov:

- Digər məhbuslar bizə «deputat» deyə müraciət edirdi. Onlara qəribə gələn bizim əfv ərizəsi yazmamağımız idi. Münasibət isə yüksək səviyyədə idi. Biz gücümüz çatan qədər orda hüquqi maarifləndirmə işi aparırdıq.

- Arif bəy, bildiyimizə görə həbsdə olduğunuz müddətdə şeir yazırdınız. Birini oxuya bilərdinizmi?

A.Hacılı:

–Geniş səs küyə səbəb olan şeirlərdən biri «Darıxıram» şeiridir. Bəzi adamlar bunu bir siyasət hadisəsi hesab edir və həbsxana həyatından şikayətlənməyim kimi qəbul edilirdi. Bu şeir hadisədirsə, o, siyasət hadisəsi deyil, ədəbiyyat hadisəsidir.

Millət kimi yer üzündə nə qədər varıq
Bu müqəddəs kəlmələri heç unutmarıq
Rəsulzadə, Cümhuriyyət, üçrəngli bayraq
Yaşa, yaşa Azərbaycan, ey ulu torpaq!

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG