Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:52

"Müsəlman qardaşlığı"nın baş ideoloqu yazıçıydı


Seyyid Kutub
Seyyid Kutub
Misirdə hakimiyyətə gələn "Müsəlman qardaşlığı" heç də həmişə demokratik dövlət quruluşunu dəstəkləməyib.

İndi dünyada ən nüfuzlu islamçı hərəkatlarından sayılan, Sudandan, Əlcəzairdən tutmuş Fələstinə qədər bir çox başqa ölkələrdə də kök atmış "Müsəlman qardaşlığı"nın şəriət qanunları ilə idarə olunan dövlət qurmaq uğrunda "cihad etdiyi" zamanlar da olub.

"Müsəlman qardaşlığı" sonradan bundan imtina etsə də, həmin ideologiya Əl-Qaidə terror təşkilatının "arsenalında" qalmaqdadır.

Zorakı yolla İslam dövləti qurmaq ideyası isə Misir yazıçısı Seyyid Kutubun kitablarından qaynaqlanır.

O Kutub ki, "Müsəlman qardaşlığı"nın baş ideoloqu olub.

O DÖVRÜN "ƏL-QAİDƏ"Sİ...

Əslində Misirin "Müsəlman qardaşlığı" 1928-ci ildə yaradılanda əhali arasında populyarlığı əsasən kasıblara yardım proqramları və İslami qaydalar əsasında cəmiyyətdə sosial ədaləti bərpa etmək ideyaları ilə qazansa da, tezliklə onun yarımhərbi qolu da təsis edildi.

Silahlı islamçılar siyasi rəqiblərinə qarşı terror aktları törədir, bomba partlayışları və digər zorakılıqlara əl atırdılar.

Baş nazir Mahmud ən-Nukraşinin qətlinin də onların əməli olduğu deyilir.

Qlobal jihad üçün ilham mənbəyi olmuş Kutub haqqında avqustda Amerikada “İslam fundamentalizminin atası – İnqilabçının portreti” adlı kitab çıxacaq.

Amma Amerikadakı Kolumbiya Universitetinin buraxdığı kitabda o heç də Hitler kimi faşist obrazında təsvir edilmir.

Müəllif Con Kalvert bildirir ki, Kutubun reputasiyasını tamamilə qara rənglərlə təsvir etmək düzgün deyil.

Kitabın yazılması zamanı müəllifin üzləşdiyi əsas çətinliklərdən biri Kutubun romantik millətçidən islamçıya və daha sonra İslam inqilabçısına çevrilməsinin necə baş veridiyini anlatmaq olub.

Kalvert bunun üçün onu Misir həyatını araşdırıb. Misir kontekstində məsələyə yanaşıb.

Kutub 1-ci Dünya Müharibəsindən sonra kənddən şəhərə köçən minlərlə gəncdən biri olub.

O, Misir cəmiyyətində - yeni - təhsilli şəhərlilər - əfəndiyyə təbəqəsinin bir üzvünə çevrilib.

O zaman Kutub dövlət qulluqçusu idi və boş vaxtlarında şeir yazır, özünü ədəbiyyat tənqidçisi kimi təsdiqləməyə çalışırdı.

İlk dövrlərdə Kutub sufiliyə də meyl edirdi, həmin dövrdə dünyəvi millətçilik ideyalarını müdafiə edirdi.

O öz məsləkdaşları ilə birgə - Misirdə ağalıq edən Britaniya müstəmləkəçiliyinə və Fələstinin sionistlər tərəfindən işğalına qarşı çıxırdı.

"Müsəlman qardaşlığı" Qahirədə parlament binası qarşısında piket keçirir, 11 may, 2010
"Müsəlman qardaşlığı" Qahirədə parlament binası qarşısında piket keçirir, 11 may, 2010
1940-cı illərin sonunda millətçi partiyaların iflasa uğramasına görə Kutubda bundan məyusluq yaranır, o, islamçılığa meyl edir – “İslamda sosial ədalət” adlı kitab yazır.

AMERİKADAKI XƏYAL QIRIQLIĞI

Bundan bir qədər sonra Kutub Amerikaya gedir – Amerikada keçirdiyi iki il onun düşüncəsinə dərin təsir göstərir.

O, Amerikanın elm sahəsində nailiyyətlərinə heyran qalsa da, Qərb cəmiyyətindəki materalizm, açıq-saçıqlıq və irqçiliyə nifrət edir.

Misirə qayıdandan sonra Kutub – Misirdəki islamçı hərəkata – "Müsəlman qardaşlığı" hərəkatına qoşulur.

Bu, 1950-ci illərin əvvəlinə təsadüf edir.

O, Vətənə qayıdandan iki il sonra ordu zabiti Abdel Nasser Britaniyanın dəstəklədiyi monarxiyanı devirib hakimiyyətə gələndə Kutub da yeni hakimiyyəti dəstəkləyir, onlarla birgə çalışır.

Ümid edir ki, yeni hökumət şəriətə əsaslanacaq.

Amma Abdel Nasser dünyəvi dövlət qurmaq niyyətində idi.

1954-ci ildə Nasser ona qarşı edilən sui-qəsd cəhdindən sonra islamçılarla düşmən oldu.

Sui-qəsddən sonrakı kütləvi həbslər zamanı Kutub da həbsxanaya düşdü.

KİMİN ÜÇÜN YOL XƏRİTƏSİ?

İslamçılar liderləri Məhəmməd Morsinin prezident seçilməsini bayram edirlər, 24 iyun, 2012
İslamçılar liderləri Məhəmməd Morsinin prezident seçilməsini bayram edirlər, 24 iyun, 2012
Həbsxana həyatı və işgəncələr onu radikal inqilabçıya çevirdi. Onun həbsdə yazdığı və “Yoldakı işarətlər” adlanan kitabı darmadağın edilmiş "Müsəlman qardaşlığı" hərəkatının gələcək yol xəritəsi idi.

Həmin əsər sonradan bütün dünyada islamçılar üçün stolüstü kitaba çevrildi, İslam inqilabçılığının manifesti oldu. Amma Kutub özü bunları görmədi, çünki 1966-cı ildə vətənə xəyanət ittihamı ilə asıldı.

Islamçılar onu şəhid kimi qəbul edirlər.

“Yoldakı işarətlər” əsərində Kutub müsəlman dövlətlərindəki vəziyyəti "cahiliyyə" adlandırır. Adətən İslama qədərki Ərəbistanı təsvir etmək üçün işlənən bu terminə Kutub yeni məna verdi, müsəlman ölkələrindəki hökumətlərləri ittiham edərək dedi ki, Qərb mədəniyyəti və dünyəvilik prinsipi ilə korlanmış belə cəmiyyətlər İslamdan uzaqlaşıblar.

Kalvert Kutubun Qərbdə mənfi sayılan cəhətlərini gizlətməyə çalışmır, xatırladır ki, Kutub İslamın düşmənlərini “Xaç yürüşçüləri və yəhudilər” kimi təsvir edirdi. Bu gün Əl-Qaidə terror təşkilatı və başqa cihadçılar da həmin sözlərdən istifadə edirlər.

Amma müəllif onu da xatırladır ki, Kutub bəzilərinin düşündüyü kimi nasist liderlərinə bənzər ideoloqlardan deyildi, günahsız insanların öldürülməsinə qarşı çıxırdı. Bu günün terrorçuları isə öz əməlləri ilə onun bütün təlimi haqda mənfi rəy yaradırlar.

Və indi onu özünə müəllim sayan, onun adından istifadə edən cihadçıların nələr törətdiyini görsəydi, yəqin Kutub dəhşətə gələrdi.

Avqustda çıxacaq yeni kitab Kutubun radializmini ört-basdır etmir, amma onun haqqında yanlış təsəvvürləri də aradan qaldırmağa çalışır. Bu isə kitabın uğurlu cəhəti sayıla bilər.

Seyyid Kutubun şəriət qaydalarına əsaslanan dövlət qurmaq ideyasından imtina etsə də, "Müsəlman qardaşlığı" onun əksər ideyalarına sadiqdir.

Ən əsas da siyasi İslamın cəmiyyətdə dominant olması, sosial ədalət ilə bağlı fikirlərinə və anti-Qərb baxışlarına...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG