Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

Gənclər təhsil alır, iş axtarır, yaşlılar isə sovet Rustavisini xatırlayır


Rustavi metallurgiya kombinatı
Rustavi metallurgiya kombinatı
Rustavi sakinlərinin dəqiq sayını demək qeyri-mümkündür. 2002-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 117 min insan yaşayır. Statistika Komitəsinin 2011-ci il yanvar ayına olan məlumatına görə, şəhər əhalisinin sayı artıb və 120 min olub. Rəsmi məlumatda o da deyilir ki, əhalinin 88 faizi etnik gürcülərdir, 5 faizi isə azərbaycanlılar. Şəhərdə həmçinin 3500-ə yaxın rus da yaşayır.

Rustavidə müxtəlif millətlərdən olanlar yaşasa da, onları birləşdirən şəhərin özü, tarixçəsi, mövcud problemləri, pessimist hislər və gələcəyə ümiddir.

Rustavidə gənclər, o cümlədən yaşlı nəslin nümayəndələri çoxdur. Gənclər təhsil alır, iş axtarır, yaşlılar isə sovet Rustavisini xatırlayır, daha çox metallurgiya kombinatından söz açırlar:

«Metallurgiya çox qiymətli idi, ilk dəfə Rustavidə olub. İndi isə hamı metal qırıntıları təhvil verir. Qalan hər şey məhv edilib. Zavoda nadir hallarda gedirəm, hərdən bizim nəsildən olanlarla rastlaşıram. Növbə rəhbərimiz Sidorov idi, Pavel Chereteli isə yayma sexinə rəhbərlik edirdi. Pavel indi də yaxşı formadadır».

SÜPÜRGƏÇİLƏRİN GİLEY-GÜZARI

78 yaşlı Levan Chiburdanidze 1956-cı ildən zavodda işləyib. Onunla səhər saat 8-də Rustavinin mərkəzi meydanında rastlaşdıq. Şəhər əhli hələ yuxudadır, süpürgəçi isə hələ işini tamamlamayıb. Hər səhər Rustavi küçələrini 100-ə yaxın süpürgəçi təmizləyir, amma həyətlərə keçmirlər, deyirlər ki, bu, onların işlərinə aid deyil.

Rustavi süpürgəçilərinin işləri ilə bağlı iki problemi var. 170 lari (104 dollar) məvacib və «mədəniyyətsiz»,
Süpürgəçilər
Süpürgəçilər
zibil qabına məhəl qoymayan sakinlər:

«Camaat dərk edə bilmir ki, zibili zibil qabına atmaq lazımdır. Küçələrdə kağız-kuğuz, günəbaxan, butulka – nə desən var. Biz hətta mağazaların qarşısını da yığışdırmalı oluruq, halbuki bunu sahibkarların özləri etməlidirlər».

RUSTAVİNİN GƏNCLƏRİ

Başımız süpürgəçilərlə söhbətə qarışdığı müddətdə şəhərdə sakinlərin sayı getdikcə artmağa başladı. Gəlib-gedənlərin çoxu da gənclərdir. Bəziləri işə gedir, bəziləri Tbilisiyə dərsə və ya xidmətə, bəziləri isə gecə növbəsindən qayıdır. Elələri də var ki, həm oxuyur, həm də işləyir. Tbilisi Texniki Universitetinin tələbəsi Shmagi həftədə 4 gün işləyir. Həftəsonunu evdə, qalan günlərini isə həm də Tbilisidə təhsil almaqla keçirir. Məvacibi 300 laridir (183 dollar), o, bu pulun azlığından gileylənir:

«Başqa iş axtarıram, maaş azdır. Hər şey bahalaşır, nəqliyyatın da qiyməti artır. Bizə hər hansı güzəşt şamil olunsaydı, pis olmazdı».

Shmagi boş vaxtlarını dostlarının əhatəsində keçirdiyini deyir. Gənclər adətən pivə içməklə əylənirlər, çünki başqa müvafiq yer yoxdur. Shmagi'nin dediyinə görə, Rustavidə bircə gecə klubu olub, onu da qapadıblar.

«Rustavidə klub var idi, amma daha işləmir. Ora ancaq kişilər, oğlanlar içki içmək üçün gedirdilər. Əyləncə yox idi, elə ona görə da bağladılar».

Onunla həmyaşıd olan Niki Gvelesiani'nin isə işdən boş vaxtı qalmır ki, əylənsin. Niki ötən il dövlət universitetinin biznes fakültəsini bitirib, hazırda «Kredo» bankının yerli filialında işləyir.
Gürcü tələbələr
Gürcü tələbələr
Dediyinə görə, çox iş axtarmalı olmayıb, bank vakansiya elan edib və o da sənədlərini təqdim edəndən sonra işə götürülüb. Deyir ki, təhsili, savadı olan gənclər elə Rustavinin özündəcə iş tapa bilirlər:

«İş elədir ki, bir az fəal olsan, nəsə tapacaqsan. Demirəm ki, hamı yaxşı işlə təmin olunur, amma bir az fəal olsan, işsiz qalmayacaqsan».

«İŞ YOXDUR»

Amma söhbət zamanı məlum olur ki, yaşlı nəsil üçün Rustavidə normal məvacibli iş tapmaq demək olar ki, mümkün deyil.

Nukri Beruashvili 2007-ci ildən iş axtarır. Əvvəllər öz dükanı olub, vergilərin çoxluğundan dükanı da bağlamalı olub:

«Metallurgiya kombinatına da müraciət etmişəm, iş yoxdur. Mənim peşəmə heç aidiyyəti olmayan təkliflər edirlər ki, ona da mən razılaşmıram. Mən energetikəm, mühəndislik fakültəsini bitirmişəm, amma mənə bağban, xadiməçilik kimi işlər təklif edirlər. Etiraz edirsənsə, heç yaxına da buraxmırlar».

Qadınlara Rustavidə iş tapmaq daha asandır. Məsələn, şəhərdə tez-tez satıcı tələb olunması ilə bağlı elanlara rast gəlinir. Amma maaş aşağı olduğundan maraq göstərənlərin sayı heç də çox deyil. Satıcılardan biri deyir ki:

«8-in yarısından gecə saat 2-dək işləyirik. Günə 4 laridir (2.5 dollar) maaşımız. Yəni, 4 lariyə görə 14 saat əziyyət çəkirik».

Rustavi şəhərinin mərkəzi
Rustavi şəhərinin mərkəzi
«AİLƏLƏR VAR Kİ...»

Milli Demokrat Partiyasının Rustavi təşkilatından olan Gochi Chekvashvili'nin işsizlik probleminin həlli ilə bağlı öz təklifi var. Deyir ki, şəhərin mövcud potensialından indi heç nə gözə dəymir. Ona görə də, vaxtilə Rustavi zavodlarında çalışanlar indi işsizdirlər:

«Ailələr var ki, 4-5 nəfər işsizdir. Onların köməyə ehtiyacı var, bunu isə yalnız hakimiyyət edə bilər. Onlara müraciət edirik ki, işədüzəltmə agentlikləri açsınlar və həmin agentlik gəlir vergisindən maliyyələşsin».

«RUSTAVİ HƏMİN RUSTAVİ DEYİL»

Rustavi şəhər Şurasının əməkdaşı Mamuka Abuladze deyir ki, son 5 il ərzində çoxsaylı vətəndaş dövlət büdcəsindən maliyyələşən iş yerləri ilə təmin olunub. Şəhərdə liftlərin bərpası, blokların təmiri, binaların fasadlarına milyon lariyə yaxın pul xərclənib:

«Bu il Rustavidə çoxsaylı iş yerləri açılıb. Xatırlayırsızsa, əvvəllər Rustavi küçələri zibilli, boz şəhər idi. Küçələri təmirsiz, blokları liftsiz bir şəhər. İndi bütün bunlar dəyişir».

Abuladze'nin fikrincə, işsizliyin bir səbəbi də vətəndaşların özləridir. Belə ki, əmək bazarının tələblərinə cavab vermirlər və peşələrini dəyişmək barədə düşünmürlər. Halbuki, ixtisasartırma imkanları var.
XS
SM
MD
LG