Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:03

Ombudsman nümayəndələri İlham Əmiraslanova baş çəkiblər


Ombudsman Aparatının nümayəndələri Kürdəxanı istintaq təcridxanasında saxlanılan Sabirabad rayonun Əsgərbəyli kənd sakini İlham Əmiraslanova baş çəkiblər.

Ombudsman Aparatından «Turan»a verilən məlumata görə, görüş 1 saatdan çox davam edib.

Məlumata görə, təcridxana rəhbərliyinə saxlanma zamanı döyüldüyünü iddia edən Əmiraslanovun səhhətinə tibbi nəzarəti təmin etmək tapşırılıb.

Ombudsman nümayəndələri həmçinin bildiriblər ki, saxlanılan şəxsə qarşı fiziki zorakılıq faktını araşdırmaq xahişi ilə baş prokurora da müraciət edəcəklər.

2010-cu il daşqınından ziyan çəkənlərin hüquqlarını müdafiə edən İlham Əmiraslanov iyunun 8-də yaşadığı kəndin yaxınlığında həbs olunub. O, qanunsuz odlu silah saxlamaqda ittiham edilir.

İttiham təsdiqlənərsə, o, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

İlham Əmiraslanov təcridxanadan Baş Prokurorluğa yazdığı müraciətində saxlanılarkən üstünə odlu silah qoyulduğunu iddia edir. Bundan başqa, o, Daxili İşlər Nazirliyinin əməliyyatçıları və Sabirabad polisi tərəfindən işgəncələrə məruz qaldığını bildirir.

Daxili İşlər Nazirliyində isə hesab edirlər ki, İlham Əmiraslanovun yazdıqları inandırıcı deyil və o, bununla özünü günahsız göstərmək istəyir.
XS
SM
MD
LG