Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:05

Vəkil Anar Qasımlı, jurnalist İdrak Abbasov, hüquq müdafiəçisi İntiqam Əliyev «Talışi Sado» qəzetinin redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun həbsi barədə danışırlar.

-
«Hilal Məmmədovun həbsi siyasi sifarişdir və ona dəstək verilməlidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi İntiqam Əliyev «Talışi Sado» qəzetinin redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun həbsi barədə danışarkən deyib:

«Hakimiyyət müxtəlif qruplarda, müxtəlif cəbhələrdə olan, müxtəlif millətlərə məxsus olan adamları həbs etməklə o qrupların, yaxud təbəqələrin gözünü qorxutmağa çalışır. Bu, jurnalist də ola bilər, hüquq müdafiəçisi də, milli azlığın nümayəndəsi də. Hilal Məmmədov vətəndaş cəmiyyətinin bir təmsilçisi kimi qəbul olunurdu. Bu yolla gözümüzü qorxutmaq istəyirlər».

İntiqam Əliyev

İntiqam Əliyev

İ.Əliyev iddia edir ki, H.Məmmədovun həbsi hakimiyyətin reklam siyasətinin bir parçasıdır:

«İnsanların bir hissəsini tuturlar, sonra ya əfv eləyirlər, ya da kiminsə gəlişi ilə buraxırlar. Hakimiyyət reklam olunur, sonra yenidən adamları tuturlar. Bu dəfə növbə Hilalın olub, sabah kimin olacağını proqnozlaşdırmaq çətindir. Hakimiyyət elə anti-humanist hakimiyyətdir ki, siqaret çəkməyən adamın cibinə nəşə atdırıb tutmaq qədər vicdansızlıq edə bilər».

Jurnalist İdrak Abbasov isə deyir ki, hakimiyyət həbs etdiyi adamın cəmiyyət qarşısında gözdən salınmasına çalışır:

«Hakimiyyət özünü qorumaq üçün azadfikirli insanları cəzalandırmalıdır ki, öz istədiklərini eləsin. Hilal Məmmədovun həbsi ona görədir ki, Lənkəranda 5 talış oturub fikirləşsin ki, biz onlardan deyilik deyə, bizi həbs edirlər. Onlar bir şeyi bilməlidirlər ki, bəli, siz onlardan deyilsiniz, çünki siz hakimiyyətdə deyilsiniz. Hansısa milli çoxluq milli azlığın hüququnu pozmur, hakimiyyət sizin hamınızın hüququnu pozur».

İdrak Abbasov

İdrak Abbasov

Vəkil Anar Qasımlı deyir ki, H.Məmmədovun talış xalqının mədəniyyətinin təbliğində göstərdiyi fəaliyyətlər onun həbsinin əsas elementlərindən biridir:

«Hilal Məmmədov bu barədə çox ciddi xəbərdarlıqlar alıb. Ona deyiblər ki, heç vaxt sizə imkan vermərik ki, belə şeylər edəsiniz. Amma xəbərdarlıqlara baxmayaraq, iyunun 13-də o, Astarada talış folklor gecəsini təşkil edib. Rusiyanın NTV kanalının nümayəndələri veriliş hazırlayıblar və o orda deyib ki, biz «Youtube» saytında bir süjet yerləşdirməklə hakimiyyətin «Eurovision» zamanı edə bilmədiklərini etdik. Bu video rezonansa səbəb oldu. Bu isə qıcıq yaradıb».

A.Qasımlı faktlar və dəqiq adlardan istifadə etməklə hüquqi müstəvidə mübarizə aparacaqlarını deyir.
Anar Qasımlı

Anar Qasımlı


Hilal Məmmədov Talış Mədəniyyət Mərkəzinin rəhbəri, «Tolışi sədo» («Talışın səsi») qəzetinin keçmiş baş redaktoru mərhum Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olub. Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il həbs cəzası alıb. 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib.

Hüquq müdafiəçisi Hilal Məmmədov iyunun 21-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanılıb. Nizami rayon Məhkəməsi Hilal Məmmədov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyunun 21-də DİN Baş narkotiklərlə mübarizə idarəsi əməkdaşları əldə etdikləri məlumat əsasında tədbir həyata keçiriblər. Nəticədə Bakı şəhər sakini Hilal Məmmədovun üzərindən 5 qramdan çox narkotik vasitə aşkarlanıb.

Verilişi tam olaraq buradan dinlə:


Şərhləri göstər

XS
SM
MD
LG