Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:57

Telekanal qalmaqallı filmi efirdən yığışdırmayacaq


“Sovet İttifaqına xidmət edirəm” filmindən kadr

“Sovet İttifaqına xidmət edirəm” filmindən kadr

Bu film “Sovet İttifaqına xidmət edirəm” adlanır:

Alman ordusu sovet torpaqlarını tuta-tuta irəliləyir.

Onların yolunun üstündə olan sovet islah-əmək düşərgəsinin mühafizəçiləri qaçıb aradan çıxırlar.

Düşərgədəki məhbuslar sovet rejimindən yanıqlı olsalar da, almanlara qucaq açmır, əksinə düşmənlə ölüm-dirim savaşına girirlər.

Amma sonda NKVD-nin cəza dəstələri onların hamısını güllələyir...

Rusiyanın NTV kanalı bu filmi iyunun 22-də - nasist Almaniyasının Sovet İttifaqına hücumunun ildönümündə göstərməyi planlaşdırdığını elan edəndən sonra mədəniyyət nazirindən etiraz məktubu almışdı.

Nazir Vladimir Medinski məktubunda yazır ki, televiziya sovet ordusunu tənqid edən həmin filmi iyunun 22-də göstərməsin, çünki bu, 2-ci Dünya müharibəsinin veteranlarını təhqir etmiş olar, “cəmiyyəti parçalayar”.

Medinski NTV-nin rəhbərinə yazır ki, filmin anonsu yayılandan sonra nazirlik vətəndaşlardan minlərlə etiraz məktubu alıb. O cümlədən Dövlət Dumasının kommunist deputatı Vladimir Simagindən.

Simagin Azadlıq Radiosunun rus xidmətinə deyib:

“Filmin iyunun 22-də - hüzn günündə göstərilməsi insanlığa ikiqat zədd hərəkətdir. İnsanlarda elə təəssürat yarana bilər ki, bütün ölkə həmin dövrdə məhz bu cür yaşayıb. Bu ona bənzəyir ki, indiki dövr haqqında film çəkəsən və insanların hər gün rüşvət aldığını, bir-birini öldürdüyünü göstərəsən. Bu, faktların təhrif edilməsi və təhqirdir”.



NTV telekanalının sahibi dövlətin nəzarətində olan “Qazprom” şirkətidir.

Şirkətin sözçüsü bildirib ki, telekanal filmi planlaşdırdığı kimi iyunun 22-də nümayiş etdirəcək.

Bir sıra media ekspertləri və kino tənqidçiləri nazir Medinskinin hərəkətini pisləyərək onun hansısa filmi efirdən yığışdırmağa cəhd göstərməsini sovet dövrünün senzurasına bənzədiblər.

Kino tənqidçisi Yuri Boqomolov:

“Sənət əsərinə dokumentalistika qanunlarına əsasən, nəyinsə tarixi hadisələrə uyğun olub-olmaması prizmasından qiymət vermək olmaz. Təəssüf ki, bu, bizdə daim baş verən bir haldır və sovet təbliğatı ənənələrinə söykənir”.

Bu ilk dəfə deyil ki, məmurlar və veteranlar Sovet ordusunun 2-ci Dünya müharibəsindəki rolunu tənqid edən filmin nümayişinə mane olmağa çalışırlar.

Keçən ay onlar NTV-də nümayişi planlaşdırılan başqa bir filmin efirdən yığışdırılmasına nail olmuşdular.

Mədəniyyət naziri Vladimir Medinski

Mədəniyyət naziri Vladimir Medinski

“Mayda dörd gün” adlanan həmin film 1945-ci ildə Qızıl Ordu əsgərlərinin alman millətindən olan bir yetim uşağı zorlamaq cəhdindən bəhs edir.

O ki qaldı Medinskiyə, onun mədəniyyət naziri təyin edilməsi bir çoxları üçün sürpriz olmuşdu.

Medinski vətənpərvərlik mövzusunda yazılmış və “Rusiya haqqında miflər” adlanan silsilə nəşrlərin müəllifidir.

Bu kitablara görə, ona müasir Rusiyanın “təbliğar naziri” adı qoyanlar da var.


P.S. Ən son məlumata görə, NTV iyunun 22-dəki proqramına dəyişiklik edib. "Sovet İttifaqına xidmət edirəm" filmindən dərhal sonra 2-ci Dünya Müharibəsində sovet əsgərlərinin şücaətindən bəhs edən film nümayiş olunacaq...

Günün bütün mövzuları

XS
SM
MD
LG