Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

Bakı Zooparkının indiki ərazisinə bir cüt fil sığar


-


«Dəvəyə bax, dəvəyə! Sən canavara bax e! Gör nə qaçır, ancaq yazıqların yeri nə dardır, həm də çirklidir, iy gəlir»...

Bakı Zooparkına ilk dəfə gələn məktəblilərin zoopark haqqında təəssüratları belə idi. Darısqal və qoxulu. Məktəblilərdən fərqli olaraq 35 yaşlı Kamal Əlibəyov isə yolunu burdan tez-tez salır. Deyir ki, hər dəfə zooparka gələndə yaxşıya doğru hansısa yeniliyin olub-olmamasını görmək istəyir:
Ayı

Ayı


«Bura geniş, təmiz olsaydı, daha yaxşı olardı. Həm bizim üçün rahat olardı, həm də ilk növbədə heyvanlar üçün. Adama pis təsir edir. Bu heyvanlar daha geniş və təmiz yerdə yaşamalıdırlar».

DARISQAL QƏFƏSLƏRDƏ VURNUXAN HEYVANLAR

Ötən əsrin 40-cı illərində yaradılan, 80-ci illərdən isə indiki yerində fəaliyyət göstərən Bakı Heyvanat Parkının ərazisi 2 hektardır. Burada 1200 başa qədər 157 növdə heyvan və quş var. Artım mübadilə və doğumla olur. İki həftə əvvəl zooparka vaşaq, gümüşü qırqovul, qızılı qırqovul və qara qu gətirilib.

Heyvanların yeri darısqal olduğundan canavarlar qəfəsdə əsəbi-əsəbi vurnuxur. Ayı da bədəninə uyğun olmayan yerdə bir ora, bir bura gedəndən sonra tənbəl-tənbəl nərildəyir. Qoca şir uzanıb. Arada yorğun-yorğun ətrafa baxır. Zooparkın ən qoca heyvanı «Maykl» ləqəbli şirdir. Parkın şöbə müdiri Esmira Əhmədova deyir ki, şirdən başqa dəvələr, canavarlar, meymunlar da qocadır. Lama keçən il 37 yaşında ölüb. Ümumilikdə, ortayaşlılar zooparkda çoxluq təşkil edir.

YALNIZ PƏLƏNG

Pələng isə şirlərdən fərqli olaraq, qəfəsində tək oturub. Esmira Əhmədova deyir ki, dişi pələng təkdir. Ancaq artım üçün onlar erkək pələngin gətirilməsi haqqında fikirləşirlər. Nil timsahının iki hovuzu olsa da, ikisi də dardır. Dəvə

Dəvə

Deyəsən, təkcə leopardın yeri yaxşıdır. Həm təzədir, həm də nisbətən geniş.

Bakı sakini Ədilə Məmmədova deyir ki, o, burda fili, zürafəni görmək istəyir. Bunlar isə Bakı Zooparkında heç vaxt olmayıb:

«Zooparkda heyvan növləri azdır. Fil yoxdur, zürafə yoxdur».

Parkın şöbə müdiri Esmira Əhmədova deyir ki, bir cüt fil üçün 1-2 hektar ərazi lazımdır. Zooparkın istifadə olunan ərazisi isə cəmi 2 hektardır. Yəni, indiki ərazisi iki filə bəs edər.

«15 KVADRAT METRDƏ 10 ADAM YAŞAYIR»

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev deyir ki, Bakı Zooparkındakı heyvanların vəziyyəti ağırdır:

«Bakı Zooparkı demək olar ki, keçmiş MDB məkanında yeganə zooparklardandır ki, acınacaqlı vəziyyətdə fəaliyyət göstərir. Elə bilin ki, 15 kvadrat metrlik ərazidə 10 adam yaşayır. Biz bununla bağlı dəfələrlə prezidentə müraciət etmişdik. Bildiyimə görə, 50-60 hektar ərazidə zoopark yaranacaq. Ümid edirəm ki, bu, heyvanların yeni, müasir, normal vəziyyətdə yaşadığı zooloji park olacaq».

Quşlar

Quşlar

Heyvanat Parkının şöbə müdiri Esmira Əhmədova deyir ki, «zoopark böyük ehtimalla köçürüləcək, ancaq nə vaxt, dəqiq məlumatımız yoxdur». O ki qaldı heyvanların saxlanma şəraitinə, Esmira Əhmədova deyir ki, hər şey darlıqla bağlıdır, o cümlədən kəskin qoxu:

«HƏR ŞEY YER DARLIĞI İLƏ BAĞLIDIR»

«O da yer darlığı ilə bağlıdır. Geniş ərazidə qoxu daha az gələr. Ancaq heyvanların yeri gündəlik təmizlənir, hər səhər suları tez-tez dəyişdirilir. Normal qidalandırılırlar».

Esmira Əhmədova deyir ki, qış sərt keçsə də, zooparkda bu qış ölüm-itim olmayıb. Yayı isə ərazini tez-tez yumaqla, heyvanların sularını dəyişməklə yola verirlər.

Keçən il Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirmişdi ki, yeni zooloji park Ceyranbatan qəsəbəsi ərazisində salınacaq. Zooparkın tikintisi üçün layihənin artıq hazır olduğunu deyən nazir bildirmişdi ki, qərar qəbul olunan kimi tikinti işlərinə başlanılacaq. Bu günə tikinti ilə bağlı yeni məlumat yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG