Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

.

İyunun 21-i həbsdə olan Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini Orxan Kərimov azadlığa çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

Vəkili Ramiz Məmmədov AzadlıqRadiosuna deyib ki, Orxan Kərimov səhhətində yaranan problemlər və ölkə başçısının müdaxiləsindən sonra azadlığa buraxılıb.

Bundan sonra Orxan Kərimov polis nəzarətində olacaq və məhkəmə prosesində iştirak edəcək.

«MƏSƏLƏ PREZİDENTƏ ÇATIB VƏ O, MÜSBƏT ADDIM ATIB»

Orxan Kərimov isə AzadlıqRadiosuna bildirib ki, bu qərarda müdafiə tərəfinin böyük rolu olub:

«İşimlə bağlı prezidentə müraciət olunmuşdu. Məsələ prezidentə çatıb və o, müsbət addım atıb. İndi evə gedirəm».

Orxan Kərimov ona qarşı irəli sürülmüş qulluq mövqeyindən sui-istifadə və rüşvətalma maddələri ilə bağlı isə bunları bildirdi:

«Mənə qarşı irəli sürülən ittihamlar absurddur. Ən azı ona görə ki, mənim vəzifə səlahiyyətlərimə aid olmayan məsələ ilə bağlı rüşvət ittihamı irəli sürülüb, praktikada belə şey yoxdur. Güman edirəm ki, məhkəmənin gedişində bunlar hamısı aydınlaşacaq. Gözləmədiyim, bilmədiyim halda bu məsələlər birdən-birə başıma gəldi. Ən maraqlısı odur ki, bu işin içində adamlar var ki, mənim adımdan istifadə edib kimlərdənsə pul alıblar. Təəssüf ki, bunlar hələ araşdırılmayıb».


ORXAN KƏRİMOV BƏRAƏT İSTƏYİR...

Orxan Kərimov deyir ki, o, məhkəmədə bəraət almağa çalışacaq:

«Birinci məsələ bəraət almaqdır. Səhhətimdən də əvvəl bu məsələyə üstünlük verirəm. Sübut edəcəyəm ki, mənə qarşı irəli sürülən ittihamlar əsassızdır».

O, işinə bərpa olunmasına çalışıb-çalışmayacağı haqqında isə bunları dedi:

«Mən işdən azad olmamışam. Bu məsələlər qurtarsın, bu haqda sonra düşünəcəyəm».

Orxan Kərimov ürək xəstəliyindən əziyyət çəkdiyini, sabah həkimə müraciət edəcəyini də bildirdi:

«Bu gün məhkəmədə də təcili yardım çağırıldı. Arterial təzyiqim 90-60-dır. Bu o deməkdir ki, ürəyin bir hissəsinin işləməsi çox zəifdir. Damarlar tutulub. Sabah səhərdən xəstəxanaya müraciət edəcəyəm».

Orxan Kərimov saxlandığı Kürdəxanı təcridxanasında şəraitin yaxşı olduğunu, ona hörmətlə yanaşıldığını da bildirdi.

Məhkəmə prosesi isə iyunun 25-də olacaq.

Orxan Kərimov ötən il iyunun 6-da həbs edilmişdi. O, qulluq mövqeyindən sui-istifadədə və rüşvət almaqda ittiham olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG