Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:43

Qanunsuz tələbə qəbulu ilə bağlı cinayət işi başlanıb


Ali məktəblərə qanunsuz tələbə qəbulu və köçürmələrlə bağlı fakt üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, İmişli rayon sakini Mirzə Mirzəyevin və başqalarının saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən külli miqdarda pul almaları, saxta diplomların aşkar edilməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Məlumatda bildirilir ki, Mirzə Mirzəyev 2000-ci ildən Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinin diplomlarını, tələbə biletlərini və qiymət kitabçalarını hazırlayaraq qanunsuz tələbə qəbulu və köçürmələrini təşkil edib. Bunun qarşılığında ayrı-ayrı şəxslərdən külli miqdarda pul alıb.

M.Mirzəyev iki nəfər Şəki rayon sakinini ali məktəbə qəbul etmək qarşılığında Rəhim adlı şəxsdən 26 min manat, İmişli rayon sakini Bəhruz adlı şəxsdən isə ali təhsil müəssisəsini bitirməsi barədə diplom üçün 4 min manat pul alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Məlumatda bildirilir ki, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XS
SM
MD
LG