Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19
Qaradağ rayonundan olan sahibkarlar rayon icra hakimiyyəti tərəfindən aparılan söküntülərdən şikayət edirlər. AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən sahibkarlar Ağahüseyn Ağayev, Mirzəkərim HüseynovFuad Məmmədov deyirlər ki, yeni icra başçısı gələndən obyektləri sökə-sökə gedir. Qalıblar məhkəmə qapılarında. Məsələn, Ağahüseyn Ağayev deyir ki, oğlunun adına olan dörd obyektdən üçü icra başçısının göstərişi ilə sökülüb. Biri isə əlindən alınıb.

«ÜÇ OBYEKTİM QANUNSUZ SÖKÜLÜB, BIR OBYEKTİM ƏLİMDƏN ALINIB»

Ağahüseyn Ağayev: «İcra başçısı üç obyektimi qanunsuz sökdürüb, birini də qanunsuz olaraq yaxın adamının adına özəlləşdirib. Məndən başqa, 10 nəfər sahibkarın əmlakı də qanunsuz özəlləşdirilib. Oğlumun adına olan mağazanın bir hissəsini - 238 kvadratmetrini sökdü, məhkəməyə müraciət etdim. Məhkəmə həmin mağazanın yerində əvvəlcə bank binası tikilməsi barədə qərar qəbul etdi. Mən özüm uzun illər həmin rayonda icra başçısının müavini olmuşam və xəritə üzrə hansı binaya hansı ərazidə bina tikintisi üçün yer ayrılmasını da yaxşı bilirdim. Bunu məhkəmədə sübut edəndən sonra, hakim əvvəl mənim xeyrimə qərar çıxartdı. Həmin günün ikinci yarısı məni tələsik məhkəməyə çağırdılar, hakim qərarını dəyişdi. Belə izah etdi kİ, Bakı şəhər İcra hakimiyyətinin tikintiyə dair sərəncamı var. Ancaq bu dəfə mağazanın yerində bank binası üçün yox, xəzinədarlıq idarəsinin tikintisi üçün qərar çıxartdı. Mən Prezident Administrasiyasına şikayət yazdım, ərizəm Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilmişdi. Gecə ilə Xəzinədarlıq idarəsinin tikilmiş bir hissəsi söküldü, yer özümüzə qaytarıldı».

Ağahüseyn Ağayev 1 saylı İqtisadi-İnzibat məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsinə dair iddia qaldırıb. 2 illik süründürməçilikdən sonra məhkəmə onun iddiasını təmin edib və ona dəymiş zərərin müqabilində 285 min manat kompensasiya ödənilməsinə dair qərar çıxarıb. Ağahüseyn Ağayev deyir ki, bu məbləğ mağazanın 190 kvadratmetrini kompensasiya edir. Sökülən mağazanın sahəsi isə 238 kvadratmetr olub.

Ağahüseyn Ağayev: «İndi apelyasiya şikayəti vermişik, Biz itirilmiş faydaya görə də kompensasiya tələb edirik. Başçı mağazanı sökdürəndə mənim orada olan 100 min manatlıq malım zay olub. 21 aydan da çoxdur mağaza işləmir və gəlirdən məhrum olmuşuq».

Ağahüseyn Ağayev deyir ki, bundan başqa, oğluna məxsus olan üzlü plitə sexi də icra başçısının göstərişi ilə qanunsuz sökülüb. O, 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə ona əldən çıxmış fayda kimi aylıq 1000 manat hesablamaqla 19 min manat, dağıdılmış avadanlığa görə 22 min manat kompensasiya ödənilməsinə və sexin tikilib bərpa edilərək özünə qaytarılmasına dair qərar çıxarıb. Ancaq nə Qaradağ icra hakimiyyəti nə də sahibkar qərardan razı qalmayıb.

Sahibkar icra hakimiyyətinin rəhbərliyinə qarşı cinayət işi başlanmasına görə, xüsusi qərar çıxarılması üçün qərardan apelyasiya şikayəti verib. İcra hakimiyyəti isə söküntünün qanuni olduğunu iddia edərək həmin instansiyaya müraciət edib.

«Daha bir obyektimiz Bakı-Salyan yolunun 15-ci kilometrliyindədir. Sahəsi 300 kvadratmetr olan ticarət obyekti idi. Onu da sökdürdü. Ona görə məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Bazarın qarşısındakı ticarət cərgəsində isə 11 ticarət mağazasını sökdürüb ki, onlardan biri də mənim ailəmə məxsus olub. Ona görə hələ məhkəməyə müraciət etməmişik, çünki söz verib ki, o mağazanın əvəzinə başqa ərazidən yer ayrılacaq bizə».

«BANKLARDAN GÖTÜRDÜYÜM KREDİTLƏRİ ÖDƏYƏ BİLMİRƏM»

Sahibkar Mirzəkərim Hüseynov isə deyir ki, mağazası ondan xəbərsiz keçirilən məhkəmə qətnamələri ilə əlindən alınıb. Yuxarı instansiya məhkəmələri də onun sahibkar kimi pozulmuş hüquqlarını bərpa etməyib:

«Ailələrimiz 1 il yarımdır ki, ac-susuzdur. Ailədə 9 nəfərik, o mağaza bizim yeganə qazanc yerimiz idi. İndi o boyda ailə 250 manat pensiyanın ümidinə qalıb. Mağazaya mal almaq üçün banklardan götürdüyüm 20 min dolları ödəyə bilmirəm. 2 ildir ordan-burdan borc tapa-tapa ödəyirəm. Pul da getdi, mal da getdi, mağaza da getdi».

«KOMMUNAL MÜQAVİLƏNİ İCARƏ MÜQAVİLƏSİ KİMİ İŞƏ TİKİBLƏR»

Digər sahibkar Fuad Məmmədov isə deyir ki, indi əllərindən çıxmış mağazanı vaxtilə onun ailəsinə elə dövlət özü verib:

«12 ildir mağazanı işlədirdim, xəbərim olmadan Qaradağ məhkəməsi bazarda olan mağazamın bağlanması barədə qətnamə çıxarıb. Guya bazar sahibinin mənimlə olan icarə müqaviləsinə xitam verilib. Halbuki, mağaza sərəncamla mənə məxsusdur və mənim heç kəslə icarə müqaviləm yoxdur. Kommunal müqaviləni icarə müqaviləsi kimi işə tikib saxta qətnamə çıxarıblar».

İCRA HAKİMİYYƏTİ MƏHKƏMƏLƏRDƏ

Qaradağ rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələn, üzlük plitə sexi magistral yola su axıtdığına görə dəfələrlə sahibinə xəbərdarlıq edildikdən sonra sökülüb. Sahibkarlara məxsus digər mağazaların sökülməsinə gəlincə, icra hakimiyyətindən bildiriblər ki, həmin mağazalar Dövlət Proqramına uyğun olaraq Lökbatanda aparılan abadlıq işləri ilə əlaqədar sökülüb. Sahibkarların obyekt mübahisələri məhkəmələrdə araşdırılıb və onlara kompensasiyaların ödənilməsi barədə qərarlar çıxarılıb. İcra hakimiyyətindən bildiriblər ki, qətnamələrlə bağlı tərəflər qarşılıqlı apelyasiya şikayətləri veriblər, icra hakimiyyəti də gələcəkdə məhkəmə qərarlarına uyğun hərəkət edəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG