Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

"Qaraçöllü Qəzənfər" - Eyvaz Əlləzoğlunun yeni kitabından parça


Mərhum yazıçı Eyvaz Əlləzoğlunun 4-cü kitabı onun ölümündən sonra çap edildi.

“Qaraçöllü Qəzənfər” adlı romanın da daxil olduğu kitabı çapa yazıçının oğlu, gənc yazar Ayxan Ayvaz hazırlayıb.

Ləhçəylə yazılmış əsərdə sürücü Qəzənfərin baxışı ilə cəmiyyətin ailə-məişət həyatı, adət-ənənələrinin, eləcə də 90-cı illərdən bu günə kimi Azərbaycanda, Gürcüstanda baş verən siyasi, ictimai, sosial hadisələrin analizi verilir...

Romandan bir parçanı "Oxu zalı"nda dərc edirik.


Eyvaz Əlləzoğlu


QARAÇÖLLÜ QƏZƏNFƏR

(romandan parça)

Bir az kirimişlik oldu. Eləcə maşının şinlərinin səsi, bir də böyür-başlarından ötən miniklərin vıyıltısı eşidilirdi. Günnü gün idi.

Dilinə düyün düşmüş Xalıl yerində dinc durarmı, dedi ki, a Mahmıd, bə bu Qarabağın işi nə olacaq?

Hər şeyi düzəldiblər, bir Qarabağ qalıb! Xalıl işdənir, zircinlik eləyirdi, ya Mahmıdı dolayırdı, baş açmaq olmurdu. Guya Xalıl Qarabağ dərdini çəkəndi? Qəzənfər fikir verdi ki, söz-söhbət səngiyən kimi Xalıl qəsdən ortaya bir sual tullayıb aranı qızışdır. Həm də bunnan Mahmıdı ustalıqla dolayır.

Bu elə cinqoydu ki! Dilini dinc saxlamaz! Mahmıd da bunun fitnə gedir, özü də bilmədən öz ayağı ilə gəlib bunun qurduğu tora düşür. İndi də “Qarabağ” sözünü eşidən kimi Mahmıd xoddandı, müxalifət qəzetlərindən oxuduqlarını, arada-bərədə gəzən söz-söhbəti yığnaldıb öz fikri kimi xalxa sırımağa başladı.

Dilinə söz ola bilməzdi. Hər şeyi yerli-yataqlı danışırdı. Bircə bu özünü çəkib dambatdanmağı olmaya! Bu alim-məssəv görkəm alanda Qəzənfər cırnadı. Amma bunu üzə vurmadı.

Kişi lap alim-məssəv imiş ki! Xavarımız yox! Baxdavar çənədən sazdı, yorulmaq-zad bilmir. Ağzını açdımı, gərək bir saat üyüdə. İçki stolunun arxasında da belədi, heç üzünü görmə, bir stəkanı içənə qədər səninki sənə dəyir, sağlığı saqqız kimi çəkib uzadır, yediyini-içdiyini burnundan tökür. Kəsələməklə, sözü sirifinnən işlətməklə adı arası yoxdu.

Sonra da Mahmıdın köhnə naxoşduğu tutdu, dedi ki, “bunnardan torpaq alan çıxmaz. ”Höküməti deyirdi. Yuxarılardan danışanda ağzını burur, onlarla küsülü olduğunu üzə vururdu.

Sülh, sülh ağızdarına düşüb, erməninin qulağının dibinə birini qayırmasan sənə torpaq qaytarar? Amerika da ağlımızı kəsdirir. Danşıqlar yoluyla. . , belə şey harda görüküb? Tutmuşuq Amerikanın ətəyinnən. Oynaşa umuddu olan ərsiz qalar. Vuran oğul atasına gənəşər? Erməninin qulağının dalınnan birini qoy görüm ağlı başına gəlir, gəlmir? ! Özdəri də çığırıb –bağırmalarına baxma, qorxax xalxdı, qan görən kimi şalvara verirlər. Oğuldular təkə-tək çıxsınnar, görək kim-kimə doy gələcək. Yoxsa rusun dalına girib ordan bizə daş atmağa nə var! Müxənnətlikdən, yalannan bizə şər-böhtan atmaqla hara qədər gedə bilərlər ki? Bir gün bütün bunnarın hesabını onnardan soran tapılacaq. Bizimkilər də ağızlarını göyə tutub durublar ki, görsünnər armud nə vaxt düşəcək ki, bunu çeynəyib uddada. Allah deyir, sənnən hərəkət, mənnən bərəkət. Sülh-sülh”deməknən döy! Hər şeyin bir vaxtı, vədəsi var! Bunnarın nazı ilə oynadıqca ayaqlarını daha yuxarıdakı nərdivana qoyurlar. Elə bilirlər bizi udub, dizimizi qatdayıblar. Daha demirlər, qiyamat geridədi. —Bu cür söylənir, arada da bir hökümətə ağız büzürdü, – Mənə ixtiyar verələr, başıma beş-on cahal-cumru yığım, ermənini qancığ balası kimi qabağıma qatıb döyə-döyə Yerevana kimi aparmasam oğraşam! ” Bunu elə sidq ürəklə dedi ki, içəridəkilər gülüşdü.

Ə, bu ki, lap Koroğluymuş! Bu vaxta qədər bunu niyə görməyiblər? Elə danışır, elə bil halvadı. Qəzənfərin dodağı qaçdı, dilini saxlayanmadı: “Ə, bu hökümət hara baxır, Mahmıdı görmürmü? Havayı yerə bu boyda qoşunu saxlayıb nəflə yerə bu qədər xərci niyə çəkir? Bunu aparıb erməninin qabağına çıxarsınnar, iş bitsin getsin! ” Bu dəfə Xalıl da güldü.

Səhərdən susan Durmuşxan yerindən söz atdı:

– Ə, a Mahmıd, yavaş elə, – dedi, – sonra özünü arxadan vurdurarsan!

Söz Mahmıda ləzzət elədi, uğunub getdi, dedi, bax, bunu düz deyirsən, nəyi başarmasalar da bunu bacararlar. Bizimkilərin əlinnən yalnız belə şeylər gəlir.
Mahmıdın nə yaxşı cənazəsi düşər. Onu bəziyib belinə xəncər bağlayıb, əlinə beşaçılan verib dörd yol ayrıcına qoyasan, gələn-gedən baxıb deyə, əlin qurusun, belə iyidə nə təhər qıydın? ! Qəzənfər bunu fikrindən keçirib Mahmıda baxıb qımışdı. O da dişini ağartdı. Bu fağır da elə bilir Qəzənfərin bunun dediyindən xoşu gəlir. Karın könlündəki.

– Qarabağı alannan sonra neyləyəcəksən? – Xalıl ortaya bir sual tulamazdadı. Özü də cavabı gözləməyib ürəyindəkini dilə gətirdi. —Yaqın sənə vəzifə-zad verərlər. Zarafat döyül, xalx üçün bu boyda iş görübsən. . .

Elə danışırdı ki, guya Mahmıd artıq Qarabağı azad eləyib, ağ maşının üstündə rəhmətlik Brejnev kimi xalxa əl eliyə-eliyə Bakıya qayıdır, arvad-uşaq da yol boyu qaçıb buna gül-çiçək verir. Oğraş gavır olsa o gül-çiçəyi bunun tavıtına düzmək olar. Yalan olmasın, balaca bir təpə kimi şey qalaqlanar. “Viziareb tkveni cuxarebas. ”*

__________

*Viziareb tkveni cuxarebas - sizin dərdinizə şərik çıxıram



- Yox, hər halda saa vəzifə verərlər. —Xalıl əməlli-başlı suaşmışdı.

Yalan plov olsa da xoş idi, Xalılın sözünün canına sarı yağ kimi yayılması Mahmıdın sur-sufatınnan bilinirdi. Təmiz əriyi əzilmiş, pox kimi yastılanmışdı. Oğraş bircə anda vidini, oturuşunu-zad da dəyişdi.

Pah-pah! Zarafat döy, kişi millət atası olub gedir. Allah adamı sonrakı ayvından qoru.
Xalıl da bunnan əl çəkmək bilmir, iki ayağını bir başmağına dirəyib, bilmirsən zarafat eliyir, yoxsa doğurruğudu:

- Vəzifədə olanda biz yadına düşmərik, ayrı kuruqun, ayrı dostların. . . —Səsində əməlli-başlı umu-küs, umacaq vardı.

Qəzənfər gördü ki, bu da uçurdur. Qarabağı almaq belə halvaydısa vəzifə üçün sinov gedənlər bunu çoxdan eliyərdi da. Yoxsa alverçi bir qaraçöllü gedib Qarabağ alacaq. . . Yavaş ye, sonra boğında qalar

- Amma yaxannan əl çəkən oğraşdı. —Xalıl valı dəyişdi. - Fikirrəş, gör bizə nə verə bilərsən? Balaca vəzifə, ayağımızı yerdən üzəcək maşın, bir də katibə-zad olsa bəsimizdi. Arada da görüm-baxım eliyərsən. . . Deyərik, bizim də filan yerdə adamımız var. Sənin kölgöyündə dollannıq.

Mahmıd qaşını çatıb duruxdu. Görünür bu barədə heç düşünüb-daşınmamışdı:

– Maa vəzifə verən kimdi, ə? –dedi, həm də səsinin tonunda bu vardı ki, burda məni kimi oğlanı qoyub dağa-daşa düşüblər. Sonra da tez özünü düzəltdi. – Lap vəzifə versələr sizə nə qayırmalıyam ki?

– Bıy, a Mahmıd nə danışdığındı? ! Əlində bu boyda hökm, as dediyin, asdıq, kəs dediyin kəsdik. Sən nə danışırsan? —Xalıl lap yanıb-yaxılırdı.

– Bu saa hasand gəlməsin.

– Vəzifənin nə hasandı, nə çətini.

– Ə, mən onu demirəm. Qarabağı qaytarmağı deyirəm. Gərək Amerikanın, Rusetin razılığı ola. Erməninin dayıları onnardı.

– Olsun! Sən kənddən başına beş-on cahal cumru yığırsan. Cumursan Qarabağa. Erməni elə ki, gördü üstünə Mahmıd gəlir, davana tüpürüb Yerevanacan qaçacaq. Elə ki, sən bulara təpindin, musurman qıryata gələcək, dalına düşəcək. Onnan sonra Yerevanı da alıb burda oturarsan. Düzdü, Amerika, Ruset-zad çırt-pırt eliyəcək, amma görəcəklər, iş-işdən keçib, gədələri bunnarın sözünü doğrultmuyub, deyəcəklər, “Əllə, hayes, siz heç düzəlmədiniz, bir dəfə sizi Osmannının üstünə göndərdik, bir şey eliyəmmədin, indi də bir Mahmıdnan bacarmadın. Biz neyliyək? Saa bir iş tapşırmaq olmur, hara göndəririk üzü qara, əlin ətəyindən uzun qayıdıb üstümüzə gəlirsən, sənin “genosid, genosid” deyib başına-gözünə döyüb ağlamaqdan başqa əlindən-ayağından bir şey gəlmir. Erməni də nə qayırasıdı, bir az “genosid-genosid” deyib baş-gözlərinə döyüb kiriyəcəklər. Rusdan, yankilər də politikalarını dəyişəcək, çaraları kəsilib nöyütün xatrına sənnən barışacaqlar. Sən də bir az özünü naza çəkib, çəm-xəm eliyərsən, məni, Durmuşu, Qəzənfəri danışıqlara göndərərsən, gedib sənin “hə”ni alıb qayıdarıq. Gördün, paççağlığa gücün yetmir, burdakı yerazdara, naxçıvannılara gücün yetmir, bunnardan pereqovor eliyib bir yağlı vəzifə alarsan, iş bitib gedər.

Mahmıd fikrə getdi, düşünüb-daşındı, bu işin heç vaxt baş tutmayacağını annayıb qayıtdı ki, vəzifə versələr də sağ olsunnar, verməsələr də, amma əlimlə erməninin yerində turp əkəcəm. Qoy görsünlər analar nə təhər oğul doğub! Hamsını qavağıma qatıb Qafqazdan çıxardıb aparıb Ursetə tökəcəm, qoy rusdardan can bir qəlb bir olsunnar. İki yüz ildi, onnara nökərrik eləyirlər. Onnarı bir-birinnən ayırmaq günah olar.

Xalıl qayıtdı ki, allah xasiyyətini kəssin, xasiyyətini bilirəm. Qarabağı qaytarannan sonra paççax –zad olmaq həvəsinə düşəcəksən. İştah diş altındadı. Xalxın içində hörmətin birə-beş artacaq, hamı səni barmaqla göstərəcək. Böyründəkilər də altdan qoyacaq ki, a Mahmıd, durma, namizəddiyini ver. Sən də neyləyəcəksən, vəzifə də şirin şey, saqqızını oğradacaqsan. Bunnan da bizi poxa salacaqsan. Gərək əl-qolumuzu çırmayıb ortalığa düşək. Gəlməyəcəyik, deyəcəksən, paxıllığımı çəkirlər, gələcəyik, qavağında əsir-yesir eləyib ora-bura yüyürdürməkdən cızdağımızı çıxardacaqsan. Gərək, öyü-eşiyi atıb sənin quyruğunnan yapışaq. Bəlkə hakimiyyəti bir yolluq götürəsən? Seçki-meçki vaxt alacaq.

- Ə, sən də nəyi qoyub nəyi axtarırsan. Seçkisiz şey olar? Bir keçi su bulandırması eliyib seçki keçirməyə nə var? !

- Burasını düz deyirsən. Demokratiya-zad var, sonra dünyada bed-biyavır olub gedərik. Seki lazımdı. Qoy gennən baxanların gözü çıxsın! —Xalıl razılaşdı.

- Ə, qır-qırı oğlan, bə, nə bilmişdin, könlü balıq istəyənin quyruğu suda gərək! —Mahmıd söz atdı.

Xalıl isə heç ona əhəmiyyət də vermədi, öz sözündəydi:

- Seçki də zulum işdi. Özüm professorun deputat seçkisində görmüşəm.

Əşrəf məllimi deyirdi. Hər deputatlıq seçkisi gələndə bir otaq tutur qaraçöllüləri başına yığıb imza toplamaq üçün qapılara salırdı. Gərək, hər axşam gedib onun kirələdiyi otaqda oturaydın. Yoxsa xatrına dəyir, burnunu sallayırdı. Başının üstünə də iri hərflərlə “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölfəsində, qoy yesin aslan səni” yazdırıb vurmuşdu. Amma təhər-töyrünə baxan kimi bilirdin ki, Əşrəf məllim namərd körpüsündən keçməyə də, tülkü kölgöyündə yatmağa da razıdı, təki deputatlıq olsun. Amma onu da bu fağıra qıyan yoxdu, hər dəfə seçkidən əli ətəyindən uzun, üzü qara çıxırdı.

- Cin ayrı, şeytan ayrı. —Qəzənfərin də dili dinc durmadı.

Amma Xalıl heç onu eşitməmişdi də.

- Onnan sonra qoymuyacaqsan ottuğumuz yerdə mağıl oturaq. Hərəmizə bir tapşırıq verəcəksən. Onnan sonra gərək qapı-qapı düşüb səs yığaq, sənə partiya qayraq, başına ziyalı-zad yığaq, kəndbəkənd düşüb sənin təbliğatını aparaq. Adam fikirrəşəndə başı hərrənir. Luçşi, ministirrikdən-zad al, qurtarsın getsin. Bu daha yaxşı variantdı. Yoxsa killer-zad tutub səni aradan qaldırarlar, qanın ara yerdə batıb gedər.
Xalılın danışdıqları adı Mahmudun xoşuna getmədi, Xalıl açıq-aşkar paççaxlıx işini dəbbələyir, paxıllığından onu Mahmıda qıymırdı. Mahmıd üz-gözünü qurbağa görübmüş kimi çimçişdirib partladı nə partladı:

- Adı musurman yalannan da olsa bir şeyi başqasına qıymaz. Mən yedim saa qalmadı!
Ə, paççaxlığın qaşı-gözümü var? Paççax olannar mənnən artıq oğlannardı? Yəni Ursetin bir piyanıska paççaxı vardı, deyirsən, onca da ola bilməyəcəm? !

- Olarsan, niyə olmursan? Bircə özünü sözə-gapa qoyub gülünc eləməyin qalıb. —Bunu da Qəzənfər dedi, sonra da Xalıla baxdı. —Mahmıddan paççax çıxar?

- Çıxmağına çıxar. . . amma. . . belə da. . . —Xalıl dilini sürüdü.

- Daha amması nədi?

- Mahmıd, incimə, sən hər gün üzünü qırxa bilməzsən.

- Üz burda priçom?

- Paççax gərək hər gün üzünü qırxa, duxlana, özünə şırqa verə, sən də tənbəlin biri. . . Postalını təmizdəməyə ərinirsən.

- A kişilər bunun sözünə baxın! —Mahmıd maşındakıları harayladı, sonra da Xalıla döndü. - Ə, niyə üzümü qırxmıram? Qırxaram da, hələ anrı keçərəm. Bir üzdü da. İşim yox, gücüm yox, üzümü qazan kimi qavağıma qoyub şım-şım şılatmağadamı ərinəcəm? Sən məni paççax elə hələ gör neyliyirəm. Həm də mənim nökərimə, qarabaşıma nə gəlib? Üzümü qırxacam. . . Üzümü qırxanlar qırılıb?

- Tutaq ki paççax oldun, de görüm bizə hansı qulluğu verəcəksən? —Xalıl sözü ayrı səmtə çöyürdü, andırın gözü də gülürdü.
Mahmıd irişdi ki, ardış, onun dərdini çəkmə, onda o qədər güllər bitəcək ki, reyhannar yaddan çıxacaq. Siz başınıza bir çara qılarsınız. Maa umuddu olub qalası ha döysünüz?!

Qəzənfər fikir verib gördü ki, Xalıl bunnan qulluq-zad umduqca onun sözü Mahmıdın xoşuna gəlir, bir əldən suyulub gedir, paççax olmağın xoşbəxtliyini yaşayır.

Tova, bunda ağıl varsa! Ə, bu ki, şappıdıya oynayanmış ki!

Qəzənfər baxdı ki, Mahmıd lap yayxandı, özünü göyün yeddinci qatında hiss elədi. Baa, bunun bu cür xasiyyəti də varmış.

Paççağa bax! Ə, dədəni-babanı tanıyanmı yoxdu? Bala, get öz yerişini yeri! Xalıl ağzını allah yoluna qoyub, bunun da ağlı kəsir ki, birdən allah qoymamış paççax-zad olar. Allah səni o günə qoymasın! Uçurmamış dam qoymaz!

Xalıl vurğun vurmuş inada düşmüşdü, dedi, mən onu-bunu bilmirəm, Mahmıd, paççax olsan maa hansı vəzifəni verərsən? Sən onnan danış.

Bu da savaxtan bunu dilində vird eləyib. “Maa nə verəcəksən? ”Elə bil bazardan alma-armud alır. Bilmir qazanda bişən nədi, deyir, bir çömçə də maa tök.

Mahmıd güldü, iki əlini bir-birinə sürtdü, xasiyyətiydi, həyacananda həmişə belə eləyirdi. Amma susub durmuşdu. Hamı mısıb bunun ağzından çıxacaq sözü gözləyir. Qəzənfər ürəyində dedi ki, yalan ploydu, indi Xalılı “ministrdən-zaddan” eləyib könlünü açacaq.
Mahmıd dişini ağardıb bunnarın düşündüyünün əksini söyləməsinmi? Qayıdasan ki, Xalıl, incimə, sənə vəzifə verəmmərəm, sonra arada-bərədə söz olar, yaxşı döy.
“Niyə axı? ” –Xalılı dirəşdi, amma gözü gülürdü, elə bilirdi, Mahmıd onnan məzə qılır. “Bax, Talıfı spiker qoyaram, bazburutu, şexodlabası**" yaxşıdı, Salmanı səhiyyə naziri, kulturnu, başıaşağı adamdı, bir dəfə triper tutmuşdu, mənə iynə vurub sağaltdı, Hacını xarici işlər naziri qoyaram, düzdü, vəzifədə olanda mənə salam vermirdi, amma canı cəhənnəm, hər halda sistemin içində olub, azdan-çoxdan bir şey bilir, Məhəmmədə envedeni verrəm, qaşqavağını sallayanda boylu arvaddar uşaq salır, Həmzəyə müdafiə nazirliyini, qoy afserrəri başına yığıb döyüş bölgələrində bir sürü arvad oxuyannardan ennə-boluna yeyib içsin, yanıq şeydi, bir az suyunu dəyişsin, canım sənə desin, o daştəpəli var ha. . . ”

___________

**şexodlaba - görkəm



Gördülər bu ilişdi, tez Qəzənfər onun hoyuna çatdı:

—Kərəm. —deyib daştəpəlinin adını onun yadına saldı.

- Hə, Kərəm, Kərəm, ona mədəniyyət nazırliyini verrəm, qoy gündə bir artis alıb-boşasın, belə şeylərə yaman armaqdı, görək, ağlı başına gəlirmi, Yemşənnidən olan Kazıma iqdisadi inkişaf nazırliyini verrəm, yaxşı danbat yerişi var. . .

- Bə mənə? –Xalılın amanı üzülmüşdü, hamı yedi doydu, bir bu qaldı, ikidə-bir özünü yuyulmamış qaşıq kimi ortaya soxurdu. Guya burda xalxa doğrudan vəzifə paylayırlar.

- İncimə, ay lə, səni türmüyə saldırram. —Mahmıd ciddi görkəm aldı.
Dəlidən doğru xavar. Hamı bir-birinə baxdı ki, bunun doğurruğudu, ya zarafat eləyir.

- Niyə axı? Günahım nədi? —Xalıl boynunu burdu. - Bə mənim yetimlərimə kim baxacaq?

Xalılın lap ağlı kəsmişdi ki, Mahmıd paççax ola bilər.

- Sən uşaqların dərdini çəkmə, özüm onlara baxaram.

- Mən sənə neynəmişəm ki, məni türmüyə basdırırsan?

- Əslində sənin başını əkdirəsiydim, amma neyniyim, duz-çörək kəsmişik, bu qədər də olmaz, get namısınnan türmədə otur, orda da saa hər cür şərait yaradaram, bir sözünü iki eləyən olmaz. Eşdə nə var? Nə varsa gənə türmədədi. Düz demirəm, a Durmuş? Həm də üzün-gözün ora höyürrəşər, görüb-götürərsən. Lap paççax kefi sürərsən! Hər şərait yaradaram, televizorun, hamamın, ürəyin istəyəndə qızdar, ye-iç, kefinə bax, çıxıb eşikdə neyniyəcəksən? Öz aramız vəzifədə nə var? Vəzifədə olannarın çoxu əsəbdən, şəkərdən əziyyət çəkirlər. Uşaqlarına da özümüz baxarıq. Hərəsinin altına bir xarici maşın çəkərəm, qoy gecələr o tərəfə, bu tərəfə sürüb avtoşluq eləsinnər! Kimin uşaqlarınnan əksikdilər?

- Bunun danışdığı sözə bax! Allaha and olsun, birini çənənin altınnan elə qoyaram, yumalanıb yolun qırağına düşərsən! —Xalıl Qəzənfərə baxıb onun simasında özünə qahmar duracaq adam axtardı.

Gördü dillənib onu müdafiə eləyən yoxdu, təkrar Mahmıda sarı döndü ki, türmüyə saldırınca, qoy balalarımın başının üstündə hərrənim. Həm də mənim gühahım-zad nədi ki, məni belə sıxma-boğmaya salırsan? ! Bir vəzifə nə olan şeydi ki, onu da maa qıymırsan?

- Ə, sən nə söz anlamazsan? ! —Bu dəfə Mahmıd da xoddandı. - Sənə vəzifə vermək olmaz. O saat dünyanı basıb yeyərsən, gözün ayağının altını görməz. Onnan sonra sənnən gələn şikayətlərin gəl qabağında dur! Bir dəfə eşitməməzdiyə vuracaqsan, iki dəfə görməməzliyə vuracaqsan, olmayacaq. Səndə də bir tormoz eləyim, Mahmıdın adına-zad söz gələr, belə şey olmayacaq. Səni tanımırammı? Sən indikilərin dədəsinə rəhmət oxudacaqsan. Onnan sonra gərək sənin hökuməti-zad yıxmağa hazırraşmağın-zad haqqında nəsə düzüb qoşasan. Bu da mteli ambavidi***. Ona görə də üzü suluykən gəl, dediyim qaydada gir türməyə, gennən baxan da desin bərəkallah, Mahmıd düz adamdı, onun qanonu dosta-düşmənə bir cür işdəyir. Yaxşı, tutaq səni tutdurmadım, başdı-başına buraxdım. Elə bilirsən sən farağat dayanacaqsan? Ağzını allah yoluna qoyacaqsan ki, filan vaxt Mahmıdla calada Kor Smeyilin eşşəyini belə elədik, elə elədik. Onna sonra bu xavar elnən bir olacaq. Eşşəknən başbirriyi eliyən paççax kimin nəyinə lazım? Gərək adımızı qəzetə-zada saldırıb dünya ilə bir olaq? Bunnan sonra hansı qırax hökmət mənnən daqavor qayırar? Bunu başına vurursan? Adamın başına nə gəlirsə dilindən gəlir, sən də ağızdan yırtıq, biləm ki, dilini qarnına qoyacaqsan, yenə deyərəm, hə. Amma səni susdurmaq olar? Luçşi, get türmədə otu, paşa-paşa kefini çək.


_________

***mteli ambavi - bütün bir əhvalatdı



- Allah səni o günə qoymasın! —Xalıl dişini ağardıb qarğış elədi. —Bu da mənə dost olub!

- Ay Xalıl, əllə, inciyirsən, sənə vəzifə versəm gec-tez ayağımın altını qazıyanlara qoşulacaqsan, məni yıxıb yerimə-zad keçmək istəycəksən. Xasiyyətini bilirəm. Onda mən neyləyim? Qoy kəndirini bəri başdan kəsim ki, o vaxt əlimə-ayağıma dolaşmayasan.

- Ə, dəli ha döyləm ki, oturduğum budağı kəsəm. —Xalıl da özünü təmizə çıxarmaq istədi.

Belə deməyinə baxma, Mahmıd düz deyir, biləsən bunun ürəyində nə aslanlar yatır! Caynağı tutsa hamını basıb əzər. Qəzənfər bunu tanımır?

- Onda mən səni kiritmək üçün nəsə eləməliyəm, - içəridə söhbət davam edirdi, Mahmıd Xalıla niyə vəzifə verə bilməyəcəyini əsaslandırmağa çalışırdı, - nəsə bir tədbir tökməliyəm, ya yox? Belə olmaz axı! Sən lap noyraqdan çıxacaq, gedib müxalifətə-zad qoşulacaqsan.

- Ə, biz dostuq.

- Nə dost a kişi, Baldoya bir maşın dost s. . . gəlib. Politikada dost-zad yoxdu. Belə şeynən özünü allatma. Sənə iş-güc verdimmi mənim ziddimə gedəcəksən. Gərək səni ya asdıram, ya damladam, ya da zəhərrədib aradan götürəm. Adət belədi. Sən də itsən-qurdsan, gənə öz adamımızsan, saa qıymıram. Yaxşısı budu get türmədə otur, sonra maa “sağ ol” deyərsən. Dünyanın işini bilmək olmur, sonra nə ola, nə olmaya? Bir də gördün, məni də çöyürdülər, qırax hökmətə qaçası oldum. Maa görə sən niyə əziyyət çəkməlisən? Həm də türmədən alnı ağ, üzü ağ çıxarsan, orda-burda da öyünərsən ki, Mahmıd diktator idi, məni də nahaqdan türməyə basdırmışıdı. Gör üstünə nə qədər jurnalist töküləcək. Bir saatın içində adın dünya ilə bir olacaq. Yer üzündə nə ki, televizor var, bütün günü səni göstərəcək. Şöhrətin hər yana yayılacaq. Qarnını dəlir? Vəzifədə nə var? Quru adıdı.

- Quru adıymış. —Xalıl partdamasınmı? —Ged o nağılı uşaqlara danış. Vəzifə ayrı şeydi. Vəzifə. . .

Qəzənfər baxdı ki, qulluq, kabinet, katibə-zad üçün bunun suyu gedir. Mahmıd da qəddəlləşib, heç olmasa buna bir günnük xəlifəliyi də qıymır. Ə, sənnən nə gedir, ağzına düdük ver getsin, deyinən sən ministrsən, bu ləlöyün də bir az söyünsün. Onsuz da yalan plovdu. Amma Mahmıdı inadından döndərmək olur ki? Gör bunun üstünə nə təhər düşüb!

- Ona görə başının salamatdığını istəyirsənsə mənnən uzaq ol. Bu özünə də xeyirdi. —Mahmıd Xalıla məsləhət verirdi. - Həm də gələcəkdə başın salamat olar. Elə bilirsən, paççağın böyür-başında hərrənmək hər oğulun işidi? Paççax yıxılannan sonra hamı paççağın yaxasını buraxıb yanındakının yaxasınnan yapışır, onnan şot-raşot çəkir. Yola gəl, mən deyənə bax. Mən saa sarıyam, sən şeytana. Pulmu istəyirən? O qədər pul verrəm yeddi arxadan dönəninə bəs eləyər! Həm də qulağı dinc yaşayarsan. Mənə də rəhmət oxuyarsan. Beş günnük dünyadı, ac qulağım, dinc qulağım!
Qəzənfər fikir verdi ki, Mahmıd Xalıla söz vuranda onun yanağı bekarca allandı. Amma özünü o yerə qoymadı:

- Onda öldürmək, türməyə basmaq nəyə gərək, bir iş ver dolanım, mənnən şübhən varsa, ağzımı mumlayım, dəvə gördünmü, heç izini də görmədim. . . , daa niyə türməyə basırsan?

Savaxtan buna bir ətək söz danışıb başa saldılar. Bu yenə əvvəlki mot-motusundadı, helə köhnə lələ bayatısını çalır. Daha adamı necə başa salmaq olar?

Qəzənfər geri qanqırılıb paççağa baxdı ki, görsün vəziyyət necədi.

Pah! Mahmıd arxa oturacağa elə yayxanmışdı, elə bil qırx eşşəyi sağına gəlir. Guya paççaxlıx taxtında oturub, özünü göyün yeddinci qatında hiss edirdi, elə bil buğda yeyib cənnətdən çıxmışdı:

- Əllə, bu politikadı, Stalin birinci kimləri təmizdədi? Öz dostlarını!

Özünü biləndər göstərirdi. Az-puçuq ordan-burdan nəsə öyrənib. İndi buları onlar kimi savadsız adamlara dürtüşdürməyə nə var?

Xalıl da bayaqdan buna girişib. Nə oldu? Aldın cavabını, bur qulağını! Umuddudular ki, cəmiyyət-zad quranda bunnara gün ağlayacaq. Ayağını nərdivana qoyana kimidi. Onnan sonra dalına bir təpik vurub “maşordi akedan”1 deyəcək. Əlini bir yana ilişdirənə kimidi, onnan sonra baxarıq, səni tanıyacaq, ya yox? Axırda, sənə bunnan qiyvat qırmaq qalacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG