Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:08

Xaricdən həkim dəvət edən klinikalara qarşı tədbirlər görüləcək


Azərbaycan Səhiyyə Nazirliyi onlardan icazə alınmadan xarici ölkələrdən həkim dəvət edən özəl klinikalara qarşı ciddi tədbirlər görməyi planlaşdırır. Bunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Ağayevin sözlərinə görə, özəl tibb müəssisələrinə xarici ölkələrdən mütəxəssislərin dəvət olunaraq onların burada icazəsiz fəaliyyət göstərməsi nazirliyi narahat edən məsələlərdəndir.

«Söz yox ki, bizim qapımız açıqdır. Hər yerdən gələn həkimləri çox böyük məmnuniyyətlə qəbul etmək, onların əhalimizə xidmət göstərməsini istəyirik. Ancaq bu, qanunauyğun, icazəli olmalıdır», Ağayev deyib.

Onun sözlərinə görə, əgər həkim özəl klinikada uzun müddət fəaliyyət göstərirsə, bunun üçün Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən icazə alınmalıdır. Həmin həkimin tibbi fəaliyyətlə məşğul olmasına isə Səhiyyə Nazirliyinin müvafiq komissiyası icazə verməlidir. SN-in bu komissiyası müvafiq sənədlərə baxmalı, əhalimizə hansı həkimin tibbi xidmət göstərəcəyini araşdırmalıdır.

Nazir müavini bildirib ki, həkimlər hətta bir həftəlik belə, özəl klinikalara dəvət edildikdə də həmin müəssisələr SN-dən icazə almalıdır. Onun sözlərinə görə, nazirlik özəl klinikalara bir neçə dəfə xarici həkimlərin mütləq SN-in müvafiq komissiyasından icazə aldıqdan sonra fəaliyyət göstərməli olması barədə xəbərdarlıq edib. Amma Ağayev bütün özəl klinikaların bu prosedurlara əməl etməməsinə də təəssüflənib.

«Buna əməl edən, etməyən klinika da var. Yəqin ki, nazirlik də bu istiqamətdə öz ciddi tədbirlərini görəcək. Fürsətdən istifadə edərək bir daha bu xəbərdarlığımızı, xahişimizi çatdırırıq ki, özəl klinikalar Səhiyyə Nazirliyinin tələb olunan prosedurlarından keçsinlər», - Ağayev əlavə edib.

SN-in icazəsiz həkim dəvət edən özəl klinikalara qarşı görülə biləcək tədbirlərin nədən ibarət ola biləcəyinə gəldikdə, Ağayev bildirib ki, İnzibati Xətalar Məcəlləsi belə müəssisələrə qarşı cərimə tətbiq etməyə imkan verir. Bu cərimələrin sayı məhdudiyyətsiz, məbləği isə 300 manatdan 500 manatadəkdir.

Nazir müavini hesab edir ki, bu cərimələr daha ciddi və kəskin olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG