Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:34

Yevlax avtovağzalı: Tikinti bitsə də, mübahisələr bitmir


Bəhram Məmmədov
Bəhram Məmmədov
Yevlaxda yaşayan sahibkar Bəhram Məmmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə sahibkar hüquqlarının pozulmasından danışıb. Deyir ki, ölkədə özəlləşmə başlayanda müdiri olduğu Yevlax avtovağzalının səhmlərinin 70 faizinə sahib olub. 2004-cü ildə ondan xəbərsiz avtovağzalın yerdə qalan səhmləri başqasına satılıb. Halbuki, qanunla auksionda səhmlər ilkin olaraq ona təklif olunmalı idi. Ancaq səhmlər ondan xəbərsiz başqasına satılıb ki, bununla da onun alıcılıq üstünlüyü hüquqları pozulub.

ADI «İPƏK YOLU»NUN, DADI «ZQAN HOLDINQ»IN

Sahibkar deyir ki, bu, azmış kimi ona məxsus olan Yevlax avtovağzalının yaxınlığında yeni avtovağzal tikilərkən sahibi olduğu avtovağzalı sökərək ərazisinin 71 sotunu yeni avtovağzalın ərazisinə qatıblar. Bəhram Məmmədov əlindən çıxmış ona məxsus ərazini məhkəmələrlə də geri qaytara bilməyib. Onun iddiaları əsasında qurulan nə əvvəlki, nə də sonuncu məhkəmə «reyestrdən çıxarışın və alqı satqı müqaviləsinin ləğv olunmasına dair» iddiasını təmin etməyib. Cavabdehlər isə «İpək yolu – 2009» MMC və «ZQAN Holdinq» şirkətləri olub. Bəhram Məmmədov ərazinin «İpək yolu – 2009» MMC-yə qanunsuz satıldığını, yeni avtovağzalın isə «ZQAN Holdinq» MMC tərəfindən tikildiyini iddia edir.

Bəhram Məmmədov:

«Hakim qərar çıxartdı ki, əraziyə yerində baxış keçirilsin. Ərazidə ölçü aparıldı, məlum oldu ki, bəli, avtovağzalın texniki pasportunda göstərilən ərazidə 71 sot zəbt olunma var. Bizim ərazini zəbt ediblər. Əvvəl zəbt olunan ərazi 35 sot idi, son vaxtlar ərazidə hasarlanma işləri aparılanda əlavə 36 sot da zəbt ediblər. Növbəti məhkəmə iclası 5 dəqiqə çəkdi. Hakim tələsik qərarı oxuyub getdi. Hansı ki, həmin qərarla mənim iddialarım təmin olunmadı».

«İpək yolu – 2009» MMC Yevlax avtovağzalının tikintisi ərəfəsində yaradılıb. Şirkətin və onun qanuni təmsilçisi və təsisçisi Məmmədov Bəxtiyar Məmmədəli oğlu barədə maraqlı məlumatlar var.

Bəxtiyar Məmmədov özü polis serjantıdır, DİN Gəncə Regional Mühafizə İdarəsində işləyir. Qanun güc strukturunda çalışanların sahibkarlıqla məşğul olmasını qadağan edir. Daxili İşlər Nazirliyinə verilən sorğuya cavabda da bildirilir ki, polis serjantı Bəxtiyar Məmmədov «Polis haqqında» qanunu pozub, «İpək yolu - 2009» MMC təsis edib, şirkəti 2 iyun 2009-cu il tarixdə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən rəsmi qeydiyyata aldırıb. Yevlax şəhəri ərazisində müxtəlif təmir-tikinti işləri ilə məşğul olmaqla sahibkarlıq
Foto: Arxiv
Foto: Arxiv
fəaliyyəti göstərir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəxtiyar Məmmədovun polis orqanında hazırda işləyib-işləməməsi ilə bağlı maraqlandıq. Mətbuat xidmətindən məsələyə münasibət bildirmək istəmədilər.

HÜQUQİ ÜNVANDA YARIMTİKİLİ YERLƏŞİRMİŞ

Şirkətin hüquqi ünvanı Yevlax şəhəri, Bakı prospekti 31-dir. Araşdırmamız zamanı məlum oldu ki, həmin ünvanda ofisdən əsər-əlamət yoxdur, yarımtikili yerləşir. Ünvanın qonşuluğunda yaşayanlar isə nə «İpək yolu – 2009» MMC adlı şirkət tanıyırlar, nə də onun sahibi Bəxtiyar Məmmədovu.

Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır və bu məbləğlə şəhər avtovağzalı kimi iri obyekti necə ərsəyə gətirdiyi sual altındadır. Buna məhkəmə də aydınlıq gətirməyib.

Qalmaqallı ərazi ilə əlaqədar sahibkar Bəhram Məmmədovun iddiası əsasında sonuncu məhkəmə prosesi Şəki İnzibati İqtisad Məhkəməsində keçirilib. «İpək Yolu 2009» MMC-nin nümayəndəsi Fərhad Məmmədov deyib ki, MMC tam qanuni əsaslarla torpaq sahəsini Yevlax şəhər Bələdiyyəsindən satın almaqla əldə edib. MMC vicdanlı alıcıdır və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Çıxarışla rəsmiləşdirilib.

ŞİRKƏT BİR SÖZ DEYİR, İŞ İCRAÇISI BAŞQA SÖZ

«ZQAN Holdinq» MMC isə, əvvəlki məhkəmələrdə olduğu kimi, sonuncu məhkəmə prosesində də yeni avtovağzaldakı söküntü-tikinti işini üzərindən atıb. Şirkətin nümayəndəsi Nihad Axundov bildirib ki, iddia ərizəsində göstərilən heç bir tələbin onun təmsil etdiyi şirkətə aidiyyəti yoxdur:
Foto: Arxiv
Foto: Arxiv

«Bir daha bildiririk ki, həmin ərazidə heç vaxt «ZQAN Holdinq Ltd.» tərəfindən söküntü, tikinti, quraşdırma işləri aparılmayıb. Heç bir hüquqi və ya fiziki şəxsə ziyan vurulmayıb. Bu, əvvəlki məhkəmələrdə də sübuta yetirilməyib».

Yevlax şəhər İcra Hakimiyyətinin rəsmi orqanı «Kür» qəzeti yazır ki, «ZQAN Holdinq» MMC yeni inşa etdiyi Yevlax Avtovağzalında tamamlanma işləri aparır.

Dövlət Yol Polisinə göndərilən sorğularda da qeyd olunur ki, Yevlax avtovağzalı ərazisində işləyən texnika «ZQAN-Holdinq»ə məxsusdur.

Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Vahid Quliyev mübahisəli torpağın Bəhram Məmmədovun sahibi olduğu Yevlax avtovağzalına aidiyyəti olmadığını bildirib. Deyib ki, «İpək yolu – 2009» MMC-yə satılan torpaq sahəsi Yevlax şəhər Bələdiyyəsinin mülkiyyətində olub. Bu, Yevlax bələdiyyəsinə məxsus torpaq sahəsinin planı və ölçüsündə də öz əksini tapıb.

Yevlax şəhər Bələdiyyəsinin nümayəndəsi Elçin Qazıyev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin nümayəndəsi Samir Abdullayev də eyni fikirləri bildiriblər.

«Avtovağzal hazırdır. Gözləyirlər ki, prezident açılışına gəlsin. Mənə isə sahibi olduğum əraziyə kənardan tamaşa etmək qaldı», - bunu da sahibkar deyir.

Bəhram Məmmədov Şəki İnzibati İqtisad Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Ancaq əlindən alınmış sahəni yerli məhkəmələrlə geri qaytaracağına ümid etmir. Deyir ki, məqsəd Avropa İnsan Haqları Məhkəməsinə çıxmaqdır.
XS
SM
MD
LG