Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

yolötənlərin heyrətli baxışları altında ən zavallı qorxaq kimi geri sıçradım. Görkəmli rejissorun Türkiyə gündəlikləri.

Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


ƏVVƏLİ

...Üçüncü bölümə reaksiyalar daha canlı idi və Gizəmlə İzzət alqış tufanı qoparırdılar.

Səhnə arxasında dayanmışdım, arın-arxayın davranırdım və zaman-zaman, sənət yaşamımızdakı tarixi anlara, bir qırnıq da olsa, anlam qazandırmaqdan ötrü vəcdlə pıçıldayırdım: “Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində quruluşçusu olduğum “Arşın mal alan”ın ilk tamaşası gedir”.

Və ardından yenə diqqətim xırda-mırda işlərə yayınırdı.

... Dördüncü pərdə gözlənilməz axarda getdi – çoxlu gülüş səsləndi, üstəlik, heç öncədən planlanmayam yerlərdə. Şamlarla rəqsi uzun-uzun alqışladılar.

Şar effektini də isti qarşıladılar. Yeri gəlmişkən, buranın “PRK”-ları tamamilə fərqlidir – neon borularına bənzəyir, həm də tam zərərsizdir. Onlardan birini zala – məzəli bir maskanın arxasına yerləşdirdim. Sanki o hissə od tutub yandı. Seyrçilər buna diqqət yetirib canlandılar.

Sürəkli alqışlar başəymələri həm qarşıladı, həm də izlədi. Kəriman xanımla Gizəmi ayrıca fərqləndirdilər. Düşündüm ki, daha bizə bir şey qalmaz , amma-ancaq-lakin elə ki, göründük – tufan qopdu, nə qopdu!!! Baş əyməyə başladım: çiçəkləri orkestrə sarı

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.
atdım, kimin əməyi keçibsə -- bir-bir çağırıb alqışlatdım. Ürək açıqlığıyla, sanki “Hər şey insanlara qalır!” deyərək qollarımı seyrçilərə sarı uzadıb açanda alqış tufanı zirvə nöqtəsinə çatdı. Nə yazıq ki, bu alqışın TL ekvivalenti yoxdur.

Uzun müddət saxlayıb-buraxmadılar. Özümü elə apardım ki, sanki səhnəyə çıxan Turqutla Qorxmazı görmədim. Ardından aktyorlarla öpüşdüm, səfirin birinci müşaviri, mədəniyyət attaşesi V. Solotınskinin (keçmiş sovet dövlətinin Türkiyədəki səfirliyinin əməkdaşı nəzərdə tutulur – Z.M. ) təbriklərini qəbul etdim. Ayaqqabı yaman sıxırdı ayaqlarımı: axmaq kimi, qalın corab geymişdim, halbuki alanda, ayağıma olub-olmadığını nazik corabla yoxlamışdım...

... Yenə müəzzinin səsi ucalır, yenə yatmağa gedirəm. Bircə onu deyim ki, səfirlikdə də oldum, ancaq görüşüb-danışmağa macal tapmadım...

Vay-vay, evə qayıdınca hələ gör nə qədər işim qalıb...

(Ardı, 28 yanvar – səhər)

Qalxdım. Səhər yeməyini yedim. Ardını yazıram.

Tamaşadan sonra eyniadlı məhəllədə “Çankaya” restoranında toplaşdıq. Artıq 2 dəfə burada olmuşam – bahalı və təntənəli yerdir. Bütün iştirakçılar (Şaher cütündən – Cahid və Halədən, bir də Minədən başqa) orda idilər. Babər, Yalçın Davran və başqaları da gəlmişdilər.

Ən aşağıdakı zalda oturmuşduq. Orkestr çalır, disko da səslənirdi. Sonra məlum oldu ki, bütün bunların xərcini Gizəmin “dostu” – 50 yaşlı milyonçu Hasan bəy çəkib. Baxımlı, ağır-batman və qısasaqqal bir kişi idi. Onunla bir masanın arxasında oturduğumdan az-maz söhbət də etdik.

(Ardı. Gecədir, amma hələ gecəyarı olmayıb)

... İndi İzzətin yanından – qonaqlıqdan qayıtmışam. Rəcəblə getmişdim, ancaq Əhəd, Cümhur, Cavdet (bariton) və İzzətin xanımı Şəbnəm də (kontralto) ordaydılar. Tanımadığım bir millət vəkili də təşrif buyurmuşdu. O, bir az içəndən sonra ciddi söhbətə başlasa da, türkü və şarkılarla səsini batırdıq... Hamı nə verirdisə, elə həmin yeməklər vardı, amma sıra “tatlı”ya çatınca, soyuducuda saxlanmış kremli bişmiş alma gətirdilər. Həm çox dadlı idi, həm də xoş.

Məndən başqa hər kəs çox içirdi, amma hamı mahnı oxuyanda mən də qoşulurdum. Nə yaxşı ki, Ramizlə Füzulinin şeirləri yadımdadır, yoxsa onların yanında üzüqara qalacaqdım. Sağ ol, Ramiz (“Sağ ol, Ramiz!” sözləri Azərbaycan türkcəsində yazılıb – Z.M.)!

... Bunadək günboyu Rəcəblə teatrı dolaşmış, yenə tamaşa qoymaqla bağlı Volodya Solotınski ilə söhbətləşmişdim. O, prinsipcə razıdır, amma səfirlə razılaşdırmalıdır. Ankarada yenə qalıb-qalmayacağım sabah bilinəcək, ya da elə sabah vaxtım bitəcək... Minə mənə hədiyyə bağışlaı – öz-özünə çalan saz. Elə kövrəldim ki, gözüm yaşardı...

Videokaset alaraq (4.000 TL) tamaşanı yazmağa verdim. Gözucu baxarkən, qaranlıq yerlərin pis göründüyünü sezdim. Yenə kostyumun yoxlama ölçüsünə getdim və xatirə üçün qrim götürdüm.

**

Restoran qonaqlığına gələnlərin hamısı, cinsinə və yaşına baxmadan, “şənləndilər” (Bu yerdə müəllif mötərizədə “İsrafil” adını yazıb. Çox güman, teatrşünas-alim İsrafil İsrafilovun sevimli sözünü nəzərdə tutur – Z.M.). Qonaqlığın ardından mən, Savaş, Oğuz və Əhəd gecə klubuna getdik. Bizə İzzətlə xanımı Şəbnəm və yenə xanımı ilə bərabər bir arxitektor da qoşuldu... Heç də yaxşı ad çıxarmayan bu klub qaranlıq yarızirzəmidə yerləşir. Daracaq bir yerdir və hər yan siqaret iylənir. Kiçik masalar boyunca, “təki ürək geniş olsun” məntiqiylə oturan cavan türklər orkestrə qulaq asır və rəqslərə baxırlar. Səhərə yaxın “hayat kadınları” gəlir və kef... pardon, pozğunluq başlayır.

İlk mahnını gənc, boyalı və ənlik-kirşanlı, üstəlik də qırxılmış homoseksual oxudu. Düzü, ondan elə iyrəndim ki, o hiss gecə boyu məni tərk etmədi. İspan havaları səslənincə, Savaş ortaya atılıb çox peşəkar oynadığı bir rəqsə başladı. Mən də, Əhəd də bütün bunları bəyənmədiyimizdən çıxıb getdik. Bütün bunlar “kayf”dırsa, demək debilizmin nə olduğunu anlamıram.

... Teatrda hamı təbrik edir. Elə hamıdan “Harika!” sözünü eşitsəm də bu təriflərin üstünə sərin su səpirəm. Bəlkə də haqlı deyiləm, amma-ancaq və lakin yenə deyim ki, bayram hissi yaşamıram. Videoya baxandan sonra son sözümü deyərəm.

... Bu gün axşam saat 18.00-da, axır ki, məni baş direktor çağırıb-qəbul edib şərəfləndirdi. Tamaşaya göstərdiyi diqqətə görə ona təşəkkürümü bildirdim. O, razı qalmışdı. Hüsaməddin də mehriban və sayqılı davranır, yüngülcə qımışırdı...

... Dünən və bu gün bütün Ankaranı gəzdim. Maraqsız, daracaq və hisli şəhərdir. Bir paytaxt şəhərinə görə yoxsul görünür. “Çankaya” da o sıradan. İstanbula getmək qismət olmadı. Orada gəzib-görməli çox yerlər var...

V.V. Baqratuninin məşqlərinə baxmaq adamı alçaldır – tam orucizmdir: çığırıb-bağırır, döşəmədə sürüşür, sonra da ağır-ağır gəlib oturur kantində və solistlərin hesabına çay içir. Məndən yenə xoşlanmır – xain xoflu olar (“xain xoflu olar” sözləri orijinalda da Zeynal Məmmədli

Zeynal Məmmədli

yazılıb – Z.M.). Xahiş edib ki, qənd alım ona... Tamam.

29-30 yanvar 1985-ci il. Pompeyin son günü

Bu gün səhər Əhəd bildirdi ki, bizimkilər məni evə göndərib daha sonra tamaşa qoymağa geri çağırmaq qərarına gəliblər. Bunun əsas səbəbi mənim Mədəniyyət Nazirliyinin kadrı sayılmağımdır və səfirlik səfirlik istəyir ki, hər şey qaydalara uyğun olsun.

Ardından gərəkli nöqtələrə baş çəkib, videonu götürdüm, bir daha Turqut bəylə danışdım. Bəzi incəliklər üzə çıxdı və s. və i.a.

Sonra Əhədlə birlikdə dükanlara dəyərək, bir şeylər aldıq. Bu zaman o qədər əsəb gərginliyi yaşadım ki, heç xatırlamasam yaxşıdır. Hərçənd, sövdələşdim və az qala hər yerdə qiyməti saldım.

Teatra qayıdanda Turqut bəylə bir daha görüşdüm: hamı ziyan çəkmiş kimi yan baxırdı, ancaq mən sakit idim. Əhədin gəlməsini gözləyib, sonra onunla səfirliyə getdik. Orada artıq pulları qaytarıb, gərəkli arayışları aldım, mədəniyyət attaşesi və səfirin müşaviri ilə danışdım. Hər ikisi mənim işimi yüksək qiymətləndirərək, 3 hərtə sonra yenidən Türkiyəyə dönəcəyimə ümid etdiklərini bildirdi. Bu, məni o qədər də rahatsız etmir, öz başlıca işimin – “Arşın mal alan” tamaşasının öhdəsindən gəlmişəm, teatr aləmi ilə bağlantı qurmuşam. Sonra qayıdaram, ya qayıtmaram, önəmli deyil – Allah bilən məsləhətdir. Doğru düşünmürəmmi?!

Səfirlikdən sonra yenə teatra baş çəkdik, bir az oturub yola hazırlaşmaq üçün “Akman” otelinə döndük. Aldığımız şeylərə baxmağa qoymamağımız V.V.-nin çox xətrinə dəydi. Rəcəblə Camal gələndən sonra bir az oturub, birlikdə teatra getdik. “Keşanlı Ali Destanı” göstərilirdi. Rüştü də daxil, bütün aktyorlarla vidalaşdıq və Yavuzun evinə, ardından Rəcəbgilə yollandıq. Xeyli müddət Bakıyla telefon bağlantısı qurmağa çalışsaq da alınmadı. Deyilənə görə, xəttə pozuntu vardı.

İndi yır-yığış edib, yazını bitirəcək və yatmağa gedərək, Türkiyədəki son gecəmi başa vuracağam. Buraya səfəri uzun və rəngarəng macəra – odisseya adlandırmaq olar. Sabah, yəni bugün Türkiyə vaxtı ilə saat 15.00-da uçuram. Tamam.

Moskva – Vətənimizin paytaxtı

30 yanvar, çərşənbə. 1985-ci il

Hələ səhər Türkiyədə -- Ankaradaydım, amma indi mazohist özünüüzmə aktını uzadaraq Moskvada oturur, yatmayıb düşünürəm... Ancaq fakta, yalnız fakta yer vermək, düşünməyi sonraya saxlamaq doğru olar. İndi daha sərbəst yazmağın vaxtıdır.

... Səhər saat 8-də qalxdım, elə yataqdaca yeməyimi yedim və saat 10.00-da özümü teatra yetirdim: kostyumumu və fotoşəkilləri götürərək icazə alıb Əhədlə çıxırdım ki, Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Ayşən foto və bir qəzet xəbəri ilə gəldi (“Yeni Seda”da dərc olunmuşdu). Yaramaz müəllif yazmışdı ki, guya tamaşanı (iştitakçılarla birgə bütövlükdə “Arşın mal alan”ın Türkiyə versiyası nəzərdə tutulur – Z.M.) Azərbaycana dəvət etmişəm və uzağı, onu bizdə kinoya çəkəcəklər. Oradakı mətbuatın əxlaqı budur, Pikayzenlə baş verənlər eynilə təkrar olunur.

Sonra dükanları gəzdik, ancaq bundan öncə məzəli bir olay baş verdi: Əhəd zəng etmək üçün teleqrafa yüyürdü. Mən də siqaret çəkməkdən ötrü elə qapının önündə qaldım. Əlimdəki bükülü şeyləri daş çıxıntının üzərinə qoydum. Hərbi qarovulçu yanaşıb (dəmir kaskada və əlində avtomat ) dedi ki, burada dayanmaq olmaz. Mən kənara çəkildim. O, bir az düşünüb yenə dedi ki, burada da dayanmaq olmaz – eynən Vorobeyçikin reprizindəki kimi. Mən daha da kənara çəkildim. O, xoş bir təbəssümlə haradan gəldiyimi soruşdu. “Sovyet” cavabını alanda qaşlarını çatdı. Bir az da kənara çəkildim. Hərbi qarovulçuya mülki geyimdə yöndəmsiz bir adam yanaşdı və onlar nə barədəsə danışdılar. Həmin adam gedincə, qarovulçu yırtıcı bir sifətlə üstümə bağırdı:

- Ey! Cehennem ol burdan! Def ol!

İstədim bir qabaram, amma kəndli bir taxtabaşın cilalı mimikasını görüb əlimi yellədim. O, lap qəzəbləndi və məhz bu an onun kimə bənzədiyini xatırladım – Cücəyə [Mark Dindelin “The Sky Is Falling” (“Göylər yerə düşür”) təmsilindən bəhrələnərək yaratdığı ünlü cizgi filmi qəhrəmanı Chicken Little (Hərfi tərcüməsi – “Balaca toyuq”, yəni “Cücə”) nəzərdə tutulur. Həmin filmdə cücə (daha öncəki versiyada dovşan) göyün yerə düşəcəyinə inanır. Ümumiyyətlə “göylər yerə düşür” deyimi ingilis dilində qarşısıalınmaz fəlakətə tarixi və ya yanlış inamı bildirən idiomadır – Z.M.]... Bu Cücə avtomatı mənə tuşlayıb sürgüsünü çəkəndə yolötənlərin heyrətli baxışları altında ən zavallı qorxaq kimi geri sıçradım. Üçlü bir duyğu yaşadım: qorxu, nifrət və sevinc. O səbəbdən sevinc ki, yazıb sonra danışmağa daha bir əhvalat tapdım...

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG