Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

«Baku Crystal Hall» Müsavata təklif olunur, Əli Həsənov və ziyalılar «Yaxşı Cazibə» haqda...


Mətbuat icmalı

Mətbuat icmalı

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BİR-BİRİNİ İTTİHAM EDİR

«The New York Times/ International Herald Tribune»da David M. Herszenhorn yazır ki, «ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çağıran birgə bəyanat verəndən bir gün sonra iki ölkə bir-birini ittiham etməyə başladı. Tərəflər bir-birlərini münaqişənin həllinə nail ola bilməməkdə suçladılar».

Müəllif qeyd edir ki, tərəflərin bir-birinə barmaq tuşlaması beynəlxalq təzyiqlərin hansısa nəticəsi olacağına dərhal şübhə yaratdı.

Ermənistanın xarici işlər naziri Edward Nalbandian çərşənbə axşamı bildirib ki, ölkəsi Minsk qrupunun şərtləri ilə danışıqlar aparmağa hazırdır, ancaq Azərbaycan bundan imtina edir.

Azərbaycan XİN-in sözçüsü Elman Abdullayev isə bildirib ki, Azərbaycan çoxdan bitkin sülh sazişini imzalamaq, Minsk qrupunun təkliflərini qəbul etmək istəyir, ancaq Ermənistan Dağlıq Qarabağdan əsgərlərini çıxarmaqdan imtina edir və beləliklə də sülh sazişinə mane olur.

Azərbaycanın yerli qəzetləri də bu günkü saylarında eyni mövzuya toxunublar.

MÜNAQİŞƏNİN HƏLLİ ÜÇÜN ERMƏNİSTAN ADDIM ATMALIDIR

«Azərbaycan» qəzeti «Bizim güzəştə getmək niyyətimiz yoxdur» başlıqlı yazıda Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun həmsədr dövlət başçılarının bu bəyanatına münasibətini dərc edib. Əli Həsənov deyib ki, problemin həllində qeyri konstruktiv mövqe tutan Ermənistandır. Ona görə də münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır. ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatında məsələnin dinc yolla həlli barədə qeydlərə toxunan şöbə müdiri bildirir ki, Azərbaycan da sülh yolunun tərəfdarıdır. Amma torpaqlarını işğaldan azad etmək hüququnu da özündə saxlayır.

MÜSAVATIN QURULTAYI «CRYSTAL HALL»DA

«Yeni Müsavat» qəzetinə də müsahibə verən Əli Həsənov bir sıra başqa məsələlərə münasibət bildirib. O deyib ki, hakimiyyət Müsavata qurultay üçün «Baku Crystal Hall»u təklif etməyə hazırdır, bir şərtlə ki, partiya kirayə haqqını ödəsin.

Son günlər Azərbaycan mediasının gündəmindən düşməyən Türkiyə teleserialı - «Yaxşı Cazibə» filminə də toxunan Əli Həsənov deyib: «Təəssüfləndirici haldır ki, «Yaxşı Cazibə»də Azərbaycan qadınının bu şəkildə mənfi imicini formalaşdıran addım atılıb».

AZƏRBAYCAN ZİYALILARI «YAXŞI CAZİBƏ»DƏN NARAZIDIRLAR

«Yeni Azərbaycan» qəzetində də «Yaxşı Cazibə»dən danışılır. ««Yaxşı Cazibə»nin arzuolunmaz sonluğu» adlı yazıda qeyd olunur ki, filmin qəhrəmanı - azərbaycanlı qadın Cazibənin son seriyada fırıldaqçı, xəyanətkar kimi qələmə verilməsi Azərbaycan tamaşaçılarının, ziyalıların böyük narazılığına və etirazına səbəb olub. Qəzet elə həmin səhifəsində müxalifətin fəaliyyətini pisləyən yazı da dərc edib. Yazıda bildirilir ki, radikal müxalifət Azərbaycana qarşı xarici təzyiqlərin artması üçün dəridən-qabıqdan çıxır. Belə ki, Azərbaycan işğalçı Ermənistanı, həmçinin onun havadarlarını dalana dirəyəndə radikalların yadına «demokratiya» düşür.

AZƏRBAYCAN ORDUSU İSRAİL AVTOMATLARI İLƏ SİLAHLANACAQ

«Bizim yol» qəzeti yazır ki, Azərbaycan ordusu «Kalaşnikov» avtomatından imtina edir. Qəzetin məlumatına görə, Azərbaycan «Kalaşnikov» avtomatlarını İsrailin «Tavor» avtomatları ilə əvəzləməyi, öz ərazisində bu silahın istehsalı üzrə zavod tikməyi planlaşdırır. Artıq 2008-ci ildən başlayaraq silahlı qüvvələrin xüsusi bölmələrində bu silahdan istifadə olunur.

FƏRHAD ƏLİYEVİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

«Azadlıq» qəzeti isə həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhətində problemlər yarandığını bildirir. Qəzet Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin sədri, keçmiş millət vəkili Cəmil Həsənlinin dediklərinə istinadən yazır ki, hazırda Fərhad Əliyev qan təzyiqi və ürək çatışmazlığından əziyyət çəkir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG