Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:48
-
Uykun gəldi, sən yat.
Gecəniz xeyrə qalsın.
Sana da canım bənim.
Gəl, biz də yataq.
Amma burda olmaz. Şiddətimizdən ev çökər, yürü, aşağı inəlim.
Adəm, həyəcandan ürəyim partdayır.
Atsın...


Bu, bir azərbaycanlı ilə Osmanlı türkünün dialoqu deyil. Elə düşündünüzsə. Bu, sadəcə çoxlarının Şaban kimi tanıdığı türk aktyoru Kemal Sunal'ın filmlərindən birinin Azərbaycan dilində dublyajıdır. «Xəzər» televiziyası qərara gəlib ki, aktyorun filmlərini dublyaj etsin. Amma orijinal bir şəkildə: hər kəsin dedikləri Azəri türkcəsində səsləndirilsə də, baş rolun ifaçısı – Kemal Sunal istisnadır, türkcə danışır. Onun nitqi tərcüməsiz, elə orijinalda olduğu kimi saxlanıb. Niyə? Bəs Milli Televiziya və Radio Şurasının türk dilində filmlərin yayımına qoyduğu qadağayla bağı qərarı? Televiziya qərara etirazını bu cür bildirir? Yoxsa Kemal Sunal'ı səsləndirəcək aktyor tapılmayıb?

«XƏZƏR TV» EKSPERİMENT APARIR

Sualın cavabını almaq üçün «Xəzər TV»yə dəfələrlə zəng vurduq. Dublyaj şöbəsindən dedilər ki, «rəhbərliklə danışın, qərar onlarındır, biz sadəcə icraçıyıq». Rəhbərlik dedi ki, «dublyaj şöbəsinə zəng vurun». Bu zənglər zamanı qeyri-rəsmi bir cavab da aldıq:

«Bu, bir eksperiment idi, ona münasibət bildirmək istəmirik».
MTRŞ: «TAPŞIRMIŞAM, ARAŞDIRAQ BAXAQ, SONRA...»

Bəs MTRŞ nə deyir bu eksperimentə? Sədrin köməkçisi Toğrul Məmmədov həmin dublyajdan xəbərsiz olduğunu söylədi. Sual etdik: «Şura qərar verib ki, xarici filmlər tərcümə edilsin. Belə istisnanı nəylə izah edirsiz və bu həmin qərara hörmətsizlik deyil ki?». Toğrul Məmmədovun cavabı:

«Yayım yalnız milli dildə, dövlət dilində aparılmalıdır. Orda da nəsə dublyaj olunursa, nəsə olunmursa, baxmaq lazımdır ki, başa düşülən sözdürmü. Türklər də «bura gəl» deyir, biz də «bura gəl» deyirik. Onun fərqi yoxdur ki. Amma yenə də gərək baxıla. Baxmamış söz deyə bilmərəm. Bəlkə orijinallığı itirməmək üçün belə bir addım atıblar. Tapşırmışam, araşdıraq, baxaq, sonra deyək».

«BU, SARKASTİK TƏSİR BAĞIŞLADI»

Kinoşünas Aygün Aslanlı isə baş verənlərin sarkastik təsir bağışladığını deyir. Onun qənaətincə, əslində Azərbaycanda Şabanı səsləndirəcək aktyor tapmaq olardı. Sadəcə...
Aygün Aslanlı

Aygün Aslanlı


«İlk baxışdan bu, mənə kreativ ideya kimi gəldi, maraqlı gəldi. İkinci tərəfdən bu mənə ifşaedici şey kimi göründü. MTRŞ-nin hər gün dublyaj, seriallar, xarici filmlərin nümayişi haqda verdiyi qanunların boşluğu kimi gəldi. Bir də bu, bizim dublyaj işinə sarkastik münasibət təsiri bağışladı. Onun simvolu kimi göründü... Bilirsiz, «Xəzər TV»nin rəhbərliyi türklərdir. Onlar öz sevimli obrazlarını, qəhrəmanlarını bizim dublyajın caynağına vermək istəməyiblər, etibar etməyiblər».

«AZƏRBAYCANDA AKTYOR YOXDUR BƏYƏM?»

Sadə tamaşaçının isə münasibəti birmənalı deyil. Kərəm Allahverdiyev deyir ki, filmə baxan kimi uyğunsuzluq gözə girir. Yəni, qarşı tərəfin dediyi ilə Şabanın nitqi düz gəlmir:

«Bir hissə başa düşür, bir hissə yox. Tam tərcümə eləmək lazımdır. Onu tərcümə etməyə istənilən qədər aktyor var. Azərbaycanda aktyor yoxdur bəyəm?»

Sədaqət deyir ki, bu ideyanı çox bəyənib:

«İnanmıram ki, onun danışıq tərzini kimsə əvəz etsin. Amma MTRŞ qərar vermişdi ki, bütün filmlər Azərbaycan dilində səsləndirilməlidir. Belə bir istisna Şuranın qərarına hörmətsizlik deyil? Ola bilər. Amma mənə seyrçi kimi bu, daha xoşdur».

Ayla da əslində filmin tam tərcüməsini istəyir. Amma:

«O cür danışacaq aktyor olsaydı. Bizdə hələ dublyaj alınmır».

Zeybə ilə Sevinci dinləyək:

«Onun səsini dublyaj etmək olmaz. Maraq itər. Amma başqa komediyaları edirlər axı».

«Onun özünəməxsus danışığı var. Düzdür, uyğunluq gəlmir. Amma onun filmlərinin özəlliyi danışığında, sözlərinin deyiliş formasındadır. Olduğu kimi saxlamaq daha düzgün olar. Amma onu da bilirik ki, icazə yoxdur. Bu cür verilməsi də düzgün deyil. Heç bir ölkədə başqa dildə film verilmir. Ancaq, düzü, bizdə dublyaj edilmiş filmə baxa bilmirəm. Tərcih edirəm ki, disk alım, yad dildə baxım».

Foto: Arxiv

Foto: Arxiv

«BƏZƏN KONTEKSTİ, MÖVZUNU YOXA ÇIXARIRLAR, BİRCƏ SÖZÜN SƏHV TƏRCÜMƏSİ İLƏ»

Azərbaycanda dublyajın səviyyəsi necədir ki, Şabanı azərbaycanlı aktyora etibar etmirlər? Bu suala Dövlət İncəsənət Universitetinin müəllimi, 1000 saatdan artıq serialın, o cümlədən dünyaca məşhur «Klon» serialının dublyajına rejissorluq edən Əsgər Əsgərovla cavab tapdıq. Onun fikrincə, dublyaj inkişafdadır. Amma qüsurları da danmır:

«Bəzən tərcümələrdə o qədər səhvə yol verirlər ki, qulağı deşir. Bəzən rus sözlərindən, bəzən Azərbaycan dilinə hətta uyğun gəlməyən sözlərdən istifadə edirlər. Hiss edirsən ki, hadisələr başqadır, başqa şey tərcümə edirlər. Bəzən konteksti, mövzunu, problemi yoxa çıxardırlar. Bir sözün səhv tərcüməsi ilə».

«NU, POQODİ!» DƏ QALSIN»

O ki qaldı, Şabanın səsinin dublyaj edilməməsinə, Əsgər Əsgərov deyir ki, bəlkə də aktyora hörmət olaraq bu addımı atmaq olar. O hətta «Nu, poqodi!» cizgi filmində canavarın məşhur replikasını tərcümə etməməyi də məqbul sayır:

«Bəzi aktyorlar var ki, onların dublyajı ilə aktyorun səviyyəsini aşağı salırsan. Louis de Funès'i necə tərcümə etmək olar? Çox qeyri-adi səsdir, qəliz intonasiyalar, temporitm tamam başqadır. Və yaxud gözəl psixoloji filmlərin aktyorları Jack Nicholson və ya Dustin Hoffman'ı bəzən elə aktyorlar səsləndirir ki, səs uyğun gəlmir və həmin filmi heçə endirirlər».

Şərhləri göstər

XS
SM
MD
LG