Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:48

Əhməd Cavadın nəvəsi Anar Axundzadə: «Yubiley keçirirlər, bizi dəvət etmirlər»


AzadlıqRadiosu Əhməd Cavad

Əhməd Cavad

Azərbaycan Cümhuriyyətinin 90 illik yubileyindən başladığı «Cümhuriyyət fədailəri» silsiləsini 100 illiyə daşımağa qərar verib. Beləliklə, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşı, Xəlil bəy Xasməmmədli ilə başladığımız silsilə İstiqlal şairi Əhməd Cavadla davam edir. Doğumunun 120 ilində Əhməd Cavadın xatirəsini hələ adının yasaq edildiyi Sovetlər dönəmində onun ən böyük pərəstişkarı olan professor Babaxan Niyazlı və bənzərsiz şairin nəvəsi Anar Axundzadə ilə anırıq.

--Babaxan müəllim, Əhməd Cavad yaradıcılığına belə vurğunluq Sizdə haradandır? Belə baxanda, ədəbiyyat adamı deyilsiniz...

B.N.--Ədəbiyyat adamı deyiləm. Amma tarix-ədəbiyyat maraqlısıyam. Düzdür, iqtisad üzrə professoram. Mənim üçün ən önəmli olan xalqımın, ölkəmin tarixi və tarixi şəxsiyyətləridir. Fikrimcə, bizim demokratik fikirli, açıq fikirli, millətçi, eyni zamanda xalqçı ədiblərimiz, şairlərimiz olub. Onların arasında ən seçilənlər—Sabirdir, Məhəmməd Hadidir, Hüseyn Cavid Əfəndidir və Əhməd Cavaddır. Əhməd Cavad millət şairi idi. Əhməd Cavad əsgər idi. Özü də iki cəbhənin əsgəri. Bir vaxt Türkiyə irticanın, müdaxilənin girdabında boğulanda, Əhməd Cavad əlisilahlı bu ölkənin müdafiəsində iştirak etmişdi. Vaxtilə Xosrov bəy Sultanovun başçılığı ilə Türkiyədə müharibədən zərərçəkənlərə yardım üçün yaradılan qrupun başçılarından idi. Əhməd Cavad bu səbəbdən bütün Türkiyəni gəzdi. Xalqın nə ilə nəfəs aldığını, problemlərini açıq-aydın gördü. Əhməd Cavad təkcə biz—azəri türklərinin deyil, bütün türk aləminin şairi, mübariz oğluna çevrildi. Hətta Rəsulzadənin başçılığı ilə Milli Şura yaradılanda, oradakı türk fraksiyasının tərkibində Əhməd Cavad da vardı. O, Qars danışıqlarında da iştirak edib. Əhməd Cavadı Azərbaycan şeirinin Məhəmməd Əmini adlandırıblar. Əhməd Cavad himnimizin, Türkiyədə uzun illər oxunan «Çırpınırdın Qara dəniz» mahnısının müəllifi idi. Əhməd Cavad Azərbaycan parlamentinin üzərindəki bayrağı mədh edən və özünü ona qurban edən şəxsdir...

--Anar bəy, Əhməd Cavadın adını neçə yaşından evinizdə duymağa başladınız? Ümumiyyətlə, Əhməd Cavadın adı evinizdə yasaq idimi?

A.A.-- Xeyr! Yasaq deyildi. Əsasən, bu adı nənəmiz Şükriyyə xanımdan eşitmişik. Mənim atam Yılmaz müəllim heç atasını—Əhməd Cavadı görməyib. Onu güllələyəndə, atam yaş yarımlıq imiş. Ona görə də, biz Əhməd Cavadı şeirlərdən, mahnılardan və bir də nənəmizin xatirələrindən tanımışıq. Atam rəhmətlik həmişə deyərdi ki, mən Azərbaycanda ən azyaşlı məhbus olmuşam. Çünki Əhməd Cavadı 1937-ci ildə güllələyəndə, Şükriyyə xanımla birgə onun yaş yarımlıq oğlu Yılmazı da həbs eləmişdilər…

--Nənənizi necə xatırlayırsınız? Deyilənə görə, Şükriyyə xanım kişi xasiyyətli olub. Bəs nənə kimi necəydi—ipək nənəydi, yoxsa sərt?

A.A. --Yox, Şükriyyə xanım çox yaxşı—mehriban nənə idi... O, Əhməd Cavadla bağlı xatirələrində ancaq gözəl günlərini xatırlayardı. Ağır günlərini adama danışmazdı. Heç zaman! Deyərdi ki, biz o dövrdə həmişə teatrlara gedərdik. Öz lojamız vardı… Ancaq gözəl şeylərdən danışardı…

--Amma Şükriyyə xanımım xoş olmayan günləri daha çox olub…

A.A. --Elədir. 10 il Qazaxıstanda ALJİR düşərgəsi vardı— Акмолинский лагерь жён изменников Родины (А. Л. Ж. И. Р.) — orada sürgündə olub. Yadımdadır, 90-cı illərdə «Qazaxfilm»dən gəlmişdilər. Bu düşərgə haqqında film çəkirdilər. Onda Şükriyyə xanım sağ idi. Mən şəxsən o vaxt bildim ki, ALJİR nədir… Nənəmə sual verdilər ki, Sizcə, Əhməd Cavad «xalq düşməni» olub? O dedi, yox, mənim ürəyim nə qədər döyünürsə, bu sözləri təkrarlayacağam—Əhməd Cavad heç vaxt «xalq düşməni» olmayıb! O, çox təmiz və gözəl insan idi.

- Nənəniz Əhməd Cavadla tanışlığından nələr danışırdı?

A.A. --O vaxtlar Batumda bir komitə yaratmışdılar—türk ordusuna yardım üçün. Əhməd Cavad da həmin mərkəzin rəhbəri idi. Şükriyyə xanımı o zaman görüb. Babam Şükriyyə xanımgillə üzbəüz ev tutub yaşayırmış. Şükriyyə xanım Süleyman bəy Bejanoğlunun qızı imiş. Süleyman bəy zəhmli kişi olub. Əhməd Cavad Şükriyyə xanıma elçiliyə öz şair dostları ilə gedib. Süleyman bəy deyib ki, Əhməd Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm! Evdən çıxanda, Əhməd Cavad qayıdıb ki, verməzsən qaçırdaram… Elə də olub. Birinci övladdan sonra barışıblar. Əhməd Cavadı tutandan sonra Şükriyyə xanımı çağırıblar ki, ərinizi güllələyirlər, Sizin də 4 övladınız var. Ərizə yazın, boşanın, gedin uşaqlarınızı böyüdün. Deyib, nə danışırsınız, vaxt olub ki, mən öz knyaz atamdan Əhməd Cavada görə imtina etmişəm. Siz deyirsiniz ki, indi 4 övladıma görə onu atım? Mən bilirəm ki, siz onu güllələyəcəksiniz. Amma mənim yazdığım ərizə sizin güllədən ağır olar ona…Onda Şükriyyə xanımı da dərhal balaca Yılmazla həbs edirlər. Atam danışırdı ki, anam düşərgədən qayıdanda utanırdım ona yaxınlaşmağa. Yaş yarımlıqdan görməyib. 8 il yarım keçib. Heç anası yadında deyilmiş…

--Atanızın Sovet hökumətinə münasibəti necə idi? Atasını güllələyən, anasını unutduran hökumətlə necə davranırdı?

A.A. Anar Axundzadə

Anar Axundzadə

1957-ci ildə Əhməd Cavada bəraət verdilər. Atam danışırdı ki, birinci dəfə BDU-ya imtahan verəndə, onun ərizəsini qəbul etməyiblər ki, sən filankəsin oğlusan. Atam Neft və Kimya İnstitutuna daxil olmuşdu. Bir il oxuyandan sonra təzədən hüquqa girmişdi. Atam çox əziyyət çəkib. Danışırdı ki, sürgündən sonra Şükriyyə xanımı Bakıda yaşamağa qoymurdular. Şəmkirdə--Seyfəlidə qalırdı. Bakıya həkimə ya bir başqa iş üçün gələn kimi, dərhal «qayıdın geri» deyirdilər. Böyük əmim Niyazi danışırdı ki, Əhməd Cavadı güllələməzdən əvvəl iki dəfə həbs etmişdilər. Bir dəfə «Göygöl», ikinci dəfə «Kür» şeirinə görə. Hər dəfə də evdə axtarış edirdilər. Nəyi var--əlyazmaları, şeirləri, kitabları aparırdılar. Çox şeirləri belə it-bat olub. Əmim deyirdi ki, axırıncı dəfə axtarış olanda, bir əlyazmasının üstündə oturdum. Hər şeyi apardılar, o dəftər qaldı… Çox şeirlər itib. Bildiyimizə görə, elə şairlər olub ki, öz adına çıxıb onun şeirlərini…

--Babaxan müəllim, Əhməd Cavad Sovetlər gələndən sonra nə yazdı?

B.N.--Onun bir «Kür» poeması var. 250 misralıq poemadır. 30-cu ildə yazıb. O poemanın sonu belə bitir:

Əyil, Kürüm, əyil, keç!
Meydan sənin deyil, keç!

Bunu özünə deyirdi-- Cavad, artıq meydan səninki deyil! Cavad öz taleyinin nə ilə qurtaracağını ilk gündən özü anlamışdı. O vaxtlar Yazıçılar Birliyində bir dəstə yaranmışdı. Mən o dəstənin üzvlərinin adlarını Əhməd Cavadla bağlı yazdığım məqalədə çəkmişəm. Dəstənin başçısı Hüseyn Mehdi idi. Bir şair deyirdi: --Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam!

-- Səməd Vurğun?!...

B.N. --Bəli! «26-lar» poemasında o, Şaumyanı «Qafqazın qartalı», Məhəmməd Əmin Rəsulzadəni «şarlatan» adlandırır. Onlar yaşadılar, amma bunlar öldürüldülər. Görkəmli adamlarımız heç nəyin qurbanı oldular. Bu, millətin faciəsiydi. Onlar qalsaydılar, o birilər olmayacaqdı. Özləri üçün yolu təmizlədilər…

--Anar bəy, babanıza qarşı olan bu qısqanclıq Sizcə, nədən qaynaqlanır—gah himnin sözlərini onun yazmadığını deyirlər, gah himnin sözlərini bəyənmirlər. İndi də «Susmaram!» şeirini onun yazmadığını – Borsunlu Mezahirin yazdığını söyləyənlər var…

A.A.--Əhməd Cavadla bağlı repressiya davam edir! Nə isə, gözləri götürmür. O vaxt belə olub. Himn yazılanda müsabiqə keçiriblər. Altına ad yazmaq olmazmış. Əhməd Cavad da CAMO imzasıyla yazıb. O vaxt da Cəmo Cəbrayılbəyli adında bir nəfər varmış. O adamın heç bir şeiri yoxdur. Atam o vaxt açıqlama verdi ki, CAMO—Cavad Axundzadə Məmmədəli oğlu deməkdir. «Susmaram!» şeiri isə Əhməd Cavadın edamdan əvvəl yazdığı sözlərdir. Tutulmazdan əvvəl dostuna şeiri əzbərlətdirir. Deyir, yadda saxla, vaxt gələr övladlarıma, varislərimə çatdırarsan. O adam da Sovet vaxtı o şeiri heç vaxt söyləməyib. Deyəsən, 90-cı illərdə deyib ki, yazın, itib-batmasın. O şeir 2004-cü ildə çıxdı «Gəncə» qəzetində.

--Anar bəy, Əhməd Cavadın ən sevdiyiniz misrası hansıdır? Məsələn, mən onun:
«Mən hər gələn 1 Mayısa pək çox ümidlər bağlaram, Hər gələcək Mayıs üçün nisan ağlar, mən ağlaram» misralarını lap çox sevirəm… Bəs Siz?

A.A.-- (Gülür) Mən Əhməd Cavadın bütün şeirlərini sevirəm. Ən çox sevdiyim isə «Susmaram!» oldu. Elə bil bugün yazılıb o şeir.

--Bəli, bəli. Sanki indi yazılıb… Mən hətta saytımızda bu barədə yazmışdım. Sizcə, onun müasir səslənməyi qəribə görünmür? Üstündən az qala 80 il keçib. Müstəqil Azərbaycanda yaşayırıq…

Babaxan Niyazlı

Babaxan Niyazlı

A.A.--Deyəsən, elə bir böyük dəyişiklik yoxdur… Mayın 12-də Türkiyədə Əhməd Cavadın 120 illik yubileyini keçirdilər. TÜRKSOY və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu. Çox gözəl tədbir keçdi. Azərin xanım «Çırpınırdın Qara dəniz» oxudu. Türkiyədə biləndə ki, mən Əhməd Cavadın nəvəsiyəm, nadir bir tapıntı kimi baxırlar…

--Elə Azərbaycanda da qeyd olundu…

A.A.--Bu yaxınlarda Filarmoniyada keçdi. Düzdür, Türkiyədəki kimi nazir gəlməmişdi, amma müavinləri ordaydı.

--Yubiley, fikrimcə, sakit keçdi. Daha təntənəli etmək olardı…

A.A.--Olardı. Mən dedim orada. Mənim özüm sonuncu gün başqa adamdan eşitdim. Xəbərim yox idi. Zəng vurdum ki, bəs Əhməd Cavadın ailəsinə dəvət göndərməmisiniz? Dedilər, vay, yadımızdan çıxıb… baş qarışıq idi. Sonda mənə də söz verdilər. Minnətdarlıq etdi. Çünki məndən əvvəl tədqiqatçılar Əhməd Cavad haqqında gözəl sözlər söyləmişdilər…

-- Əhməd Cavadı nədə günahlandırırdılar?

-- Babaxan müəllim niyə «Vaxt gələcək, haqq yerini tutacaq» söylədi?

--Sovetlər dövründə Əhməd Cavadı kimlər xatırlayırdı?

--Babaxan Niyazlı Əhməd Cavadın gerçəkləşən və gerçəkləşməyən arzularından nələr dedi?

--Babaxan müəllim Cavadın hansı şeirlərini Sabirin sözləri ilə «Leyk boğazdan yuxarı» qiymətləndirdi?

-- «Əhməd Cavad adı—onun nəvəsi olmaq üstünlüyü həyatınıza nə gətirir—yaşamaq daha asan olur, yoxsa fərqi yoxdur» sualını Anar Axundzadə necə cavabladı?

--Əhməd Cavadın neçə nəvəsi, neçə nəticəsi var?

Elə isə bu səhifədən «İz»i dinləyin. Peşman olmayacaqsınız. Çünki «Susmaram!» şeirini də, İstiqlal şairinin sözlərinə yazılmış mahnıları da eşidəcəksiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG