Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

«Dedi ki, pul verməsən komanı başına uçurdacam»


Foto: Arxiv
Foto: Arxiv
Son vaxtlar «Qaynar xətt»ə torpaq, ev alqı-satqısı vaxtı aldadılanların şikayətləri artıb. Necə deyərlər, ucuz ətin şorbasından yararlanmaq istəyənlər sonda pullarını itirməli olurlar. Şikayətçilər əksər hallarda iddia edirlər ki, bu məsələlərdə dələduzları himayə edənlər polis işçiləri olur. Məsələn, son şikayətlərdən biri «Qaynar xətt»ə Bakı sakini Sevil Niftalıyevadan daxil olub.

Sevil Niftalıyeva deyir ki, torpağı ona satmış Səkinə İsmayılova söz verib ki, qısa müddətdə sənəd də düzələcək. Ancaq pulu alandan sonra bildirib ki, sənəd məsələsi düzəlmir:

«DAXMANI TƏZƏ DÜZƏLDİB İÇƏRİSİNƏ KÖÇMÜŞDÜM Kİ...»

«Səkinəni kirayədə yaşadığım evin sahibinin vasitəsilə tanımışdım. Səkinə «Koroğlu» metrosu yaxınlığında, dəmiryolu xətlərinin düz yanındakı yerləri satmaqla məşğul idi. Mən də düşündüm ki, balaca bir torpaq sahəsi alım, ev tikim, canım kirayələrdən qurtarsın. Torpağı 6 000 dollara satdı. Biz belə danışmışdıq ki, əvvəl 2700 dollar verim, torpağın sənədini düzəldib mənə verəndən sonra pulun qalanını da ödəyim. 2700 dolları verəndən sonra torpaqda taxtadan bir daxma tikdim ki, kirayədə qalmayım. Qızımla köçdüm həmin daxmaya. Ora köçəndən bir az sonra Səkinə başladı məndən pulun qalanını da tələb etməyə. Mən də bildirdim ki, nə vaxt sənəd düzəlsə, o vaxt pulunu verəcəm. Dedi ki, burda heç kəsin sənədi yoxdur, kimdir bu yerlərə sənəd verən? Aramızda narazılıq yarandı. Sonra məni sahə müvəkkili çağırdı».

Sevil Niftalıyeva deyir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin həmin ərazi üzrə sahə müvəkkili Rəhim Xəlilov ondan tikdiyi koma üçün rüşvət istəyib. Rüşvəti verməyəndə isə tikəcəyi evi başına uçuracağı ilə hədələyib və onu aldığı torpaqda müvəqqəti tikilmiş taxta gecəqondudan qovub:

«SƏKİNƏ SATDIĞI TORPAQDAN SAHƏ MÜVƏKKİLİNƏ DƏ PUL VERİR»

«Dedi ki, torpağı da qanunsuz almısan, evi də qanunsuz tikmisən. Dedim axı, burda heç bir evin, torpağın sənədi yoxdur.
Foto: Arxiv
Foto: Arxiv
Sahə müvəkkili dedi ki, sənədləri olmasa da, mənə «hörmət» ediblər, mən də icazə vermişəm, tikiblər. Dedim, Səkinə mənə torpağı satanda deməmişdi ki, burda ev tikmək olmaz, deməli məni aldadıb və mənə qarşı dələduzluq edib. O zaman onun barəsində tədbir görün. Ancaq artıq özüm də bilirdim ki, sahə müvəkkili Səkinə ilə əlbirdir. Orda ev tikənlərin hamısı deyir ki, Səkinə sahə müvəkkilindən xəbərsiz bir parça da torpaq satmır, satdığı torpağın pulundan ona da verir».

Sevil Niftalıyeva deyir ki, sahə müvəkkili, onunla əlbir olan İmamverdi adlı qonşu və Səkinə İsmayılova birləşərək onu tikdiyi gecəqondudan çıxardıblar. Bir neçə gün Səkinə İsmayılovanın Sabunçu qəsəbəsindəki evində qalıb ki, sonuncudan pulunu alsın. Ancaq Səkinə İsmayılova pulunu qaytarmadan onu evindən də qovub.

Səkinə İsmayılova isə bildirir ki, polis araşdırma aparıb, şahidləri dindirib və cinayət tərkibi görməyib. O deyir ki, Sevil Niftalıyeva ilə 2008-ci ildə tanış olub, Sevil Niftalıyeva ona torpaq sahəsi almaq istədiyini deyib. O da bağı, həyəti və içərisində taxtadan tikilmiş otağı ona göstərib. Həmin yer Sevil Niftalıyevanın xoşuna gəlməyib. Buna görə də, o, Sabunçu rayonu ərazisində ona qiyməti 6 000 dollara hazır tikili ev göstərib, həmin ev Sevil Niftalıyevanın xoşuna gəlib. 2700 dollar verib. Bundan sonra Sevil Niftalıyeva rayona gedib, bir ildən sonra qayıtdıqdan sonra pulunu geri tələb edib. Ancaq pulu ona qaytarmaq imkanı yoxdur.

POLİS HADİSƏDƏ CİNAYƏT TƏRKİBİ GÖRMÜR

Sevil Niftalıyeva Səkinə İsmayılovanın hərəkətlərindən 25-ci polis bölməsinə şikayət edib. 2010-cu il mart ayının 29-da 25-ci polis bölməsinin təhqiqatçısı Rəşad İmanverdiyev qərar çıxarıb ki, şikayət ərizəsi araşdırlarkən Səkinə İsmayılovanın əməlində cinayət tərkibi aşkar olunmayıb. Beləliklə təhqiqatçı cinayət işi başlanmasını rədd edib.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Qərarda onun ya prokurorluğa, ya da məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Nizami rayon Məhkəməsi Sevil Niftalıyevanın ərizəsini qəbul etmir ki, Səkinə İsmayılova harada qeydiyyatdadırsa, oranın məhkəməsinə müraciət olunmalıdır. Səkinə İsmayılovanın yaşayış qeydiyyatı isə Naxçıvan Muxtar Respublikasınadır. Sevil Niftalıyeva isə deyir ki, Naxçıvana gedib gəlmək üçün Səkinə İsmayılovaya verdiyi 2700 dollar qədər pul lazımdır. Bir də ki, adam məni aldadıb, sənədsiz torpaq satıb, sonra da polislə əlbir olub məni tikdiyim daxmadan qovub. Burda mülki mübahisədən yox, dələduzluqdan söhbət gedir. Polis isə dələduzluğu araşdırmağı üzərindən atmaq üçün məni məhkəməyə göndərir. Sevil Niftalıyeva belə deyir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, polisin qarşısında duran vəzifələrdən biri də qanunsuz tikililərə qarşı mübarizə aparmaqdır:

«Bu kontekstdə Nizami RPİ-nin adı çəkilən 25-ci Polis Bölməsi də istisna təşkil etmir. 25-ci PB-nin sahə inspektoru, polis mayoru Rəhim Xəlilov təcrübəli bir əməkdaşdır, o, öz vəzifəsinin nədən ibarət olduğunu yaxşı bilir. Onun hansısa bir fırıldaqçı qadınla əlbir olub xüsusi mühafizə olunan və strateji əhəmiyyətli boru xətlərinin keçdiyi ərazidə guya kimlərəsə qanunsuz torpaq satması barədə deyilənlər əsassızdır. Qeyd edim ki, həqiqətən də Sevil Niftalıyeva Səkinə adlı qadının hərəkətləri barədə 25-ci PB-yə ərizə ilə müraciət edib. Ərizə təhqiqat orqanında araşdırılmış və məsələnin mülki xarakterli olduğu müəyyənləşdirilmişdir. Şikayətçiyə hüquqları izah olunaraq ona bu barədə məhkəmədə mülki iddia qaldırmaq haqqına malik olduğu bildirilmişdir. Təəssüf ki, Sevil Niftalıyeva qanunun ona verdiyi bu hüquqlardan yararlanıb məsələni hüquq müstəvisində çözmək əvəzinə, heç bir hüquqi və məntiqi əsas olmadan sahə inspektoru R.Xəlilovun adını hallandırır. Onun barəsində böhtan xarakterli məlumatlar yayır ki, bu da yolverilməzdir».
XS
SM
MD
LG