Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32

Yerli uşaq bezi 12 qəpiyə


Xüsusilə şərab istehsal edən şirkətlərlə maraqlananlar çox idi

Xüsusilə şərab istehsal edən şirkətlərlə maraqlananlar çox idi

Mayın 17-də Əl Oyunları Sarayında açılan «Milli brend» yarmarkasında iştirak edən şirkətlərin və sərgiyə gələnlərin sayı çox olmasa da, hər şirkətin stendinin qarşısında ayaq saxlayanlar vardı. Xüsusilə şərab istehsal edən şirkətlərlə maraqlananlar çox idi. Hər qədəhdən sonra da hər kəs bəyəndiyini deyirdi:

«Əladır, çox dadlıdır. Mən həmişə bizim şərabları çox sevirəm».

Adil Məmmədov deyir ki, yerli şərablar onun xoşuna gəlir. İndi də istehsalçılarla onların necə hazırlanmasını müzakirə etmək fürsəti qazanıb.

«BELARUSDA ÇALIŞIRIQ, AMMA ALINMIR»

Şərab istehsalçılarından «Odlar yurdu»nun təmsilçisi Elmar Səidov deyir ki, 1 ildir öz üzümlüklərini salıblar. İlk məhsulların təqdimatını da bu sərgidə keçirirlər. İstehsalçı deyir ki, Azərbaycanda içənlər daha çox arağa, tünd içkilərə üstünlük verirlər. Ona görə istehsalçıların üstünə çox iş düşür. İndi çiyinlərinə öz şərablarını həm ölkə daxilində, həm də xaricdə tanıtmaq kimi çətin bir işi götürüblər:

«Rusiyada çox az təqdim olunmuşuq. Ukraynada, Baltik ölkələrində demək olar ki, təqdim olunmamışıq. Belarusda çalışırıq, hələ alınmır. Gürcüstan Baltik ölkələrində, Ukraynada çox yaxşıdır. Ermənistan Rusiyada kifayət qədər öz yerini tapıb. Onlar həm də meyvədən çəkilmiş araqların istehsalı ilə də məşğul olurlar».

Yerli kvas və limonad şirkətlərindən olan «Bu dad»ın təmsilçisi Samirə Mahmudova isə deyir ki, sərgidə iştirak etməklə yerli məhsulu daha çox tanıtmaq istəyirlər:
Aynur Talıbova deyir ki, məhsulları uşaqlar sığınacaqdakı əmək dərnəklərində hazırlayırlar

Aynur Talıbova deyir ki, məhsulları uşaqlar sığınacaqdakı əmək dərnəklərində hazırlayırlar


«Əvvəllər məhsulların tərkib hissəsini Moskvadan, Avstriyadan, Almaniyadan alırdıq. Artıq özümüz məşğul oluruq».

PROBLEMLƏRDƏN DANIŞMAYAQ...

Toyuq istehsalı ilə məşğul olan «Sevimli» şirkətinin baş meneceri Bəhram Əhmədzadə isə deyir ki, bazarda rəqabətlilik və maneələr var. Ancaq o, bundan danışmamağa üstünlük verir:

«Kənarda bəlkə nələrsə danışa bilərlər. Ancaq biz əsas keyfiyyətə üstünlük veririk. Bazarda rəqabət böyükdür. Maneələr isə hər yerdə var, bunların öhdəsindən gələ bilirik».

«Ümid yeri» Uşaq Sığınacaq Mərkəzi isə sığınacaqdakı uşaqların əl işlərini – kiçikölçülü xalçaları, gəlincik paltarlarını, çantaları, müxtəlif bəzək əşyalarını satışa çıxarıb. Mərkəzin müəllimi Aynur Talıbova deyir ki, bu məhsulları uşaqlar sığınacaqdakı əmək dərnəklərində hazırlayır. Satışa da çıxarırlar, satılan əşyanın pulu da hər həftə onun müəllifinə çatır:

«Bizim uşaqlar smetan qablarını belə atmırlar. Bu qabları kəsib üzərinə bəzək əşyaları yapışdırırıq. İçərisinə üzərrik, göz muncuğu yapışdırırıq. Kimin əl işi satılırsa, hər həftə pul zərflərinə qoyub özlərinə veririk».

TEKSTİL SAHƏSİNDƏ XAMMAL PROBLEMİ

Bakı Tekstil Fabriki də korporativ, xüsusi təyinatlı geyimlər, məktəbli formaları, dövlət strukturlarının uniformaları ilə sərgidədir. Bakı Tekstil Fabrikinin stendi

Bakı Tekstil Fabrikinin stendi

Fabrikin vitse-prezidenti Elçin Babayev fabrikin istehsalı olan kostyum geyinib. Fabrikin kütləvi istehsal sahəsində də planları var:

«Əvvəl istehsal olub. Azərbaycanda tekstil sahəsində inkişaf çox zəif olduğu üçün insanların baxışları Çin və Türkiyə məhsullarına yönəlib. İndi onu dəyişmək asan deyil. Azərbaycanda depo problemi olduğu üçün xammal problemi var. Xammalın müəyyən hissəsi Türkiyə və Çindən gəlmək məcburiyyətində qalır. «Binə» və «Sədərək» ticarət mərkəzlərində bu sistemi dəyişmək istəyirik. Sırf Azərbaycan istehsalına yönəlik işlərimiz var. Yəqin alınacaq».

Tekstil sahəsi ilə məşğul olan başqa bir şirkətin məhsullarının etiket hissəsində onun harada istehsal olunduğu göstərilməyib. «İntertekstil» adlı bu şirkətin idarə heyətinin sədr müavini İlham Səfərov deyir ki, gələcəkdə bu, yazılacaq:

« İndi şirkətin adı yazılır. İstehsal olunan ölkə yazılmır. Ancaq sifariş vermişik, etiketlər hazırlanmalıdır. Tərkibi, Azərbaycan malı olması göstəriləcək».

«AZƏRBAYCAN PALTARI ALMIRAM»

Yerli uşaq bezi ilə məşğul olan şirkət də məhsulunu sərgiyə çıxarıb. Bezin bir ədədinin qiyməti 12 qəpiyə satılır. İndilik bölgələrdə satılır, amma Bakıda da satılması planlaşdırılır.

Natiq Cəfərli

Natiq Cəfərli

Alıcıların isə yerli mallarla bağlı öz fikirləri var:

– Yerli qida məhsullarından istifadə edirik. Ancaq Azərbaycan məhsulu olan paltarı almaram.

– Dondurmalar pis deyil. Mən deyərdim dadlıdır. O ki qaldı uşaq bezinə, həmişə Türkiyə istehsalı olan bez almışıq.

– Qoy, bizimkilər də özlərini təsdiq etsinlər. Yaxşı, keyfiyyətli olsa, niyə almırıq.

İqtisadçı Natiq Cəfərli deyir ki, yerli məhsulların tanıdılmasında ən əsas problem inhisarçılıqdır. İqtisadçının fikrincə, inhisarçılıq aradan qaldırılsa, rəqabət mühiti yüksəlsə, istehsalçılar da keyfiyyət amilini əsas götürsələr, yerli məhsulun satışında problem olmaz.

«Milli brend» sərgisi iyunun 17-ə qədər davam edəcək. Sərginin təşkilatçısı «Az Expotrade» şirkətdir. Sərgidə təxminən 20 şirkət öz məhsullarını təqdim edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG