Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:52

Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək


Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev

17-21 iyun tarixlərində Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Tədbir iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən gerçəkləşəcək.

Xəbərdə qeyd olunur ki, Ankara və İzmir şəhərlərində keçiriləcək mədəniyyət günləri çərçivəsində konsert proqramları, sərgi və konfransların təşkili də nəzərdə tutulur.

Türkiyədə ilk dəfə keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyəti iştirak edəcək.

Mədəniyyət günlərinin təntənəli açılış mərasimi iyunun 18-də Ankara şəhərində gerçəkləşəcək.

Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı təqdim edəcək.
Konsertdə Q.Qarayev adın Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət Rəqs Ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, həmçinin əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı, əməkdar artist Şirzad Fətəliyev çıxış edəcək.

Konsertdə həmçinin Türkiyədə yaşayan əməkdar artist Azərin və beynəlxalq müsabiqələr laureatı, gənc və istedadlı vokalçı Elvin Xoca Qəniyevin də iştirakı nəzərdə tutulub.

Mədəniyyət günlərinin ikinci günü TÜRKSOY-un Ankaradakı iqamətgahında Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans keçiriləcək.

Daha sonra mədəniyyət günləri İzmir şəhərində davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG