Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:37

Müsavat üzvü Sakit Əmiralıyev saxlanıb


Müsavat Partiyası mətbuat xidmətinin məlumatında bildirilir ki, onu Qaradağ rayon Polis İdarəsinin əməkdaşları iyunun 12-də axşam saat 23.00 radələrində saxlayıb. Bundan sonra polis Sakit Əmiralıyevin iki gün əvvəl icarəyə götürdüyü kafedə axtarış aparıb. Partiya polisin axtarışının qanunsuz olduğunu deyir. Polisin axtarışları nəticəsində Sakit Əmiralıyevin icarəyə götürdüyü kafedən müəmmalı şəkildə 3 kibrit qutusu həcmində narkotik maddə tapılıb.

Müsavat Partiyası bildirir ki, Sakit Əmiralıyevin həbsi siyasi xarakterlidir, sifarişlə həyata keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları Sahil qəsəbəsinin bir sakinindən narkotik vasitə olan marixuana götürüblər:

«Həmin şəxs də izahatında bildirib ki, narkotik vasitəni Qobustan qəsəbəsindəki Salyan şosesinin kənarındakı kafedən alıb. Əməliyyat axtarış qrupu həmin ünvana gedib və kafeni işlədən Sakit Əmiralıyevin üzərindən 1 kibrit qutusu marixuana götürüb».

Ehsan Zahidov bildirib ki, Müsavat Partiyasının bəyanatına qədər onlar heç S.Əmiraliyevin hansı partiyaya mənsubluğunu bilməyiblər:

«Buna siyasi don geyindirmək, onun həbsinin hakimiyyətin sifarişi ilə həyata keçirildiyin iddia etmək böhtandır».

Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işinə başlanılıb.

Sakit Əmiralıyev hazırda Qaradağ rayon polis idarəsində saxlanılır.

İttiham sübut olunarsa, o, 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG