Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Tural Əhmədzadə: “ADA Azərbaycandakı real vəziyyəti Britaniya cəmiyyətinə çatdırır”


-

Tural Əhmədzadə
Tural Əhmədzadə

“Müxtəlif insan haqları təşkilatlarının hesabatlarına görə, Britaniyada Azərbaycan hökuməti üçün lobbiçilik edən qruplar var və onların pulu o qədər çoxdur ki, bu işə hətta Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatlarını da cəlb edirlər. Həmin hesabatlarda qeyd edilir ki, belə qruplar Azərbaycanı iqtisadi cəhətdən inkişaf edən ölkə kimi tanıdırlar, amma insan haqlarının pozulmasından danışmırlar”.

Bunu Azadlıq Radiosuna müsahibəsində Britaniyada fəaliyyət göstərən Azərbaycan Demokratik Assosiasiyasının sözçüsü Tural Əhmədzadə deyir:

- Bu fəaliyyətə “kürü diplomatiyası” deyənlər də var. Onlar Azərbaycan hökuməti haqda müsbət rəy yaratmağa çalışırlar. Amma məsələ burasındadır ki, söhbət insan haqlarının pozulmasından düşəndə deyirlər ki, Azərbaycan yeni müstəqil ölkədir, belə problemlər getdikcə aradan qalxacaq və s.

Azərbaycan Demokratik Assosiasiyası isə Azərbaycanda insan haqlarının pozulmasından tez-tez danışır. Təşkilat iyunun 12-də Londonda – Britaniya parlamentinin binasında Azərbaycanda demokratiyanın vəziyyətinə aid dəyirmi masa keçirib. Tədbirdə “İndex on censorship” təşkilatından və Britaniya parlamentindən nümayəndələr, eləcə də Azərbaycanda həbsdə olmuş bloqçu Emin Milli iştirak ediblər.

Tədbirə Britaniya parlamentarisi Paul Flinn sədrlik edib. Bu həmin millət vəkilidir ki, Britaniya parlamentində Azərbaycanda insan haqlarının pozulmasına dair sənədlər yayıb.

Tural Əhmədzadə deyir ki, tədbirdə Azərbaycan Demokratik Assosiasiyasının rəhbəri Murad Həsənli Azərbaycanda xüsusən jurnalistlərə qarşı təzyiqlərə diqqət yönəldib:

- Murad bəy jurnalist İdrak Abbasovun döyülməsi, jurnalist Xədicə İsmayılovanın şantaj edilməsinə də toxundu.

Tural Əhmədzadə deyir ki, lobbiçi qurumların resursları çox olsa da, Azərbaycan Demokratik Assosiasiyası Azərbaycandakı real vəziyyət haqda məlumatları Britaniya ictimaiyyətinə çatdırmağa çalışır. Bundan ötrü yetərincə əlaqələri də var.
XS
SM
MD
LG